Türkiyədə turizm sahəsi 5 milyard avro itirəcək - TERROR AKTLARINDAN

Xəbərlər 14 Avqust 2015 00:00 1100
Türkiyədə turizm sahəsi 5 milyard avro itirəcək - TERROR AKTLARINDAN

 

Türkiyənin turizm sahəsi terror təhlükəsinin səviyyəsinin artması fonunda xaricilərin ölkəyə səfərlərinin sayının azalması nəticəsində 5 milyard avro məbləğində zərər çəkə bilər. Seyyah.az-ın Oxu.az-a istinadən məlumatına görə, bunu Deutsche Welle bildirib.

Egey dənizi regionunun turizm müəssisələrinin və otellərinin prezidenti Mehmet İşler bildirib ki, Türkiyə turistlər arasında ən populyar olan ölkələr sırasında 6-cı yeri tutur – keçən il Türkiyəyə 42 milyon adam səfər edib. 2014-cü ildə Türkiyənin turizmdən əldə etdiyi gəliri təxminən 30 milyard avro olub.  

Türkiyənin statistik idarəsinin məlumatına əsasən, 2015-ci ilin birinci yarısında keçən ilin analoji dövrü ilə müqayisədə turistlər 13,5% az olub.

Əvvəllər Türkiyəyə il ərzində 4,5 milyon rusiyalı gəlirdi, amma indi onların sayı təxminən 30% azalıb. Amma rusiyalı turistlərin sayının azalmasında əsas rolu terrorizm qarşısında qorxu deyil, iqtisadi böhran oynayır.

İyulun 20-də Suruçda onlarla insanın həyatını aparan terror aktından sonra doqquz ölkənin hökuməti, o cümlədən Rusiya və Almaniya hökuməti öz vətəndaşlarına Türkiyənin Suriya və İraq ilə həmsərhəd olan bölgələrinə getməmələri barədə xəbərdarlıq ediblər. Eyni xəbərdarlıq Avstraliya, Böyük Britaniya, İrlandiya, İtaliya, Kanada, Yeni Zelandiya və Polşada da edilib.

Bəzi dövlətlər öz vətəndaşlarını Türkiyənin iri şəhərlərində ictimai nəqliyyatdan ehtiyatla istifadə etməyə çağırıblar.

Türkiyə turoperatorlarının platformasının nümayəndəsi Cem Polatoğlu DW-yə verdiyi müsahibəsində qeyd edib ki, Rusiyadakı böhrana Türkiyə hazırlaşıb, amma terror aktlarını heç bir zaman ehtimal edə bilməzdi. Vəziyyətin tezliklə yaxşılaşacağından da əmin deyil.

Türkiyənin digər problemi Bodrum, İzmir kimi kurort şəhərlərinə qaçqınların axınıdır.

“Yüz minlərlə adam bizim sahillərimizə Avropaya keçmək ümidi ilə yan alırlar. İzmirin bütün park və bağları onlarla doludur”, - İşler bəyan edib. O əlavə edib ki, indi İzmirdə yalnız Suriyadan 130 min qaçqın var. “Bu faciəni görmək çox məyusedicidir. Amma turizm sahəsinə həm də mövsümün qaynar vaxtında bu, çox neqativ təsir edir”, - ekspert deyib.

O bildirib ki, Egey dənizinin sahilində müştəriləri itirməmək üçün qiymətləri 25% endirmək lazım gəlib. Bundan başqa, İşler turistlərin sayının azalmasında Avropada islamofobiyanın səviyyəsinin yüksəlməsini təqsirləndirir.

Onun fikrincə, hökumət təcili tədbirlər görməlidir, yoxsa gələn il turizm sahəsi daha pis vəziyyətdə olacaq. Problem ondadır ki, Türkiyədə seçkilərdən sonra yeni Nazirlər kabineti formalaşdırılmayıb. Son iki ayda ölkəyə müvəqqəti hökumət rəhbərlik edir.  

OXŞAR XƏBƏRLƏR