Otellərə gedən cütlüklər başınıza gələcəklərdən xəbərdarsınızmı? - NİGAH KAĞIZI TƏLƏBİ

Xüsusən bölgələrdəki otel və mehmanxanada qalmaq istəyən cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunur
Xəbərlər 14 Avqust 2015 00:00 2475
Otellərə gedən cütlüklər başınıza gələcəklərdən xəbərdarsınızmı? - NİGAH KAĞIZI TƏLƏBİ

 

Mövsümlə əlaqədar paytaxt və bölgələrdəki istirahət mərkəzləri, otel və mehmanxanalara üz tutanların sayı çoxalıb. Bir çoxları bu il əksər iaşə obyektlərində tətbiq olunan yeni qaydalardan danışır və narazılıqlarını gizlətmirlər. Xüsusən bölgələrdəki otel və mehmanxanada qalmaq istəyən cütlüklərdən nikah haqqında şəhadətnamə tələb olunur. Əks təqdirdə onlara nömrə verilmədiyi bildirilir. Bir neçə gün əvvəl isə Nabrandakı istirahət mərkəzlərindən birində mülki geyimli şəxslər gecə saat 1-də istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.  Daha sonra rəsmi xəbər yayılıb və bildirilib ki, həmin istirahət mərkəzi müvafiq icazəsi olmadan, lisensiyasız fəaliyyət göstərir və buranı əxlaqsızlıq yuvası kimi istifadə edirlər, bu səbəbdən obyektdə əməliyyat keçirilib. Orada fəaliyyət göstərən şəxslərin də əxlaqsız hərəkətlərlə məşğul olduqları aydın olub.   Aidiyyatı qurumlar cütlüklərdən nikah haqqında şəhadətnamə tələbinin məhz bu kimi xoşagəlməz hallara qarşı aparılan yoxlamalar səbəbindən olduğunu deyirlər. Sözügedən istirahət mərkəzinin tabe olduğu “Azərtunel” MMC-nin hüquqşünası Vüqar Məmmədzadə isə mətbuata açıqlamasında məsələnin bu cür tənzimlənməsinə qarşı çıxaraq, sənəd tələbinin insanların istirahət hüququna zidd olduğunu deyib: “Əxlaqsızlıq yuvası o anlama gəlir ki, orda konkret 10-15 nəfər qadın əyləşir və gələn kişi müştərilərə onları təklif edirlər. Bunun təyinatı bu cürdür. Kimsə sevgilisi ilə ora gəlirsə, ona necə etiraz edə bilərik? Ödənişini edir, sənədlərini təqdim edir, biz də onun konstitusion hüququnu pozmadan istirahətinə mane olmuruq. Əgər gələn insanlar özlərini əxlaq normalarından kənar apararaq başqa turistlərin istirahətinə mane olmurlarsa, bizim onlara etiraz etməyimiz mümkün deyil”.

 

Bu, əxlaqsızlığın qarşısının alınmasına yönəlib

Ekspertlər isə yeniliklə bağlı qanunvericilkdə hər hansı müddəa olmasa da, bunun hələ sovet dönəmindən tətbiq olunduğunu deyirlər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, otel və mehmanxanalarda cütlüklərdən nikah haqqında şəhadətnamənin tələb olunması qanuna zidd deyil və təhlükəsizlik məsələləri üçün vacibdir: “Bu məzmunda qayda sovet dönəmində də olub, amma nikah haqqında şəhadətnamə tələb olunmayıb. Ona görə ki, köhnə sovet pasportlarında vətəndaşın kiminlə ailəli olduğu orada qeyd edilirdi. Ona görə də ər və arvadın pasportunu təqdim etməsi kifayət idi.  Hazırda isə otellərdə, istirahət mərkəzlərində əxlaqsızlıqla məşğul olanların sayı çox olduğuna görə nikah haqqında şəhadətnamənin tələb olunması normaldır. Bu qayda-qanun yaratmaqla bərabər insan alverinə qarşı mübarizə, əxlaqsızlığın qarşısının alınmasına yönəlib". Müsahibimiz deyir ki, belə qaydalar tətbiq olunmasa, mehmanxanalar pritona çevrilər: “Qonaq evləri, otellərdə anket sisteminin olması, müvafiq sənədlərin tələbi məhz xoşagəlməz halların qarşısını almaq üçündür. Bura qonağın hər hansı əşyanı ititrmə ehtimalından tutmuş, hər hansı şübhələrinə son qoymağadək bir çox məsələlər daxildir. Bütün otellərdə anket tələb olunması qaydası sovet dönəmindən var və bütün qonaqlar mehmanxanaya gəldiyi günün sonunadək qeydiyyata düşməlidir”.

 

Bizə bu barədə göstəriş verilməyib

Bir müddət əvvəl əxlaqsızlıq yuvasının aşkar olunduğu barədə xəbəri yayılan Bakıdakı İRON otelin meneceri Nazim Ağayevdən də mövzu ilə bağlı münasibət öyrəndik. Müsahibimiz deyir ki, bu cür mübahisəli məsələlər, əslində, qanunvericiliklə tənzim olunmalıdır, amma ölkədə otelçilik haqqında qanunun olmaması mövzu ətrafında fikir ayrılığı yaradır: “Otelçilik haqqında qanunvericilik yoxdur. Biz bununla bağlı Mədədniyyət və Turizm Nazirliyinə də müraciət etmişik, lakin cavab almamışıq. Dünyanın heç bir ölkəsində belə qayda yoxdur ki, mehmanaxanaya gələndə özünlə nikah haqqında şəhadətnamə gətirəsən. Mən otel otağı satmaq xidməti göstərirəm və işim o otağı satmağa qədərdir.  Borcum müştərilərimi istədikləri xidmətlə təmin etməkdir, onların istirahət hüququna necə qarışa bilərəm və necə deyə bilərəm ki, yanındakı arvadın deyilsə, sənə otaq vermirəm. Bu konstitusiya haqqında qanuna, istirahət hüququna ziddir". Nazim Ağayev deyir ki, cütlüklərdən nikah şəhadətnaməsi tələbi ilə bağlı onlara nazirlikdən hər hansı göstəriş verilməyib. Hüquq-mühfizə orqanlarının yoxlaması isə asayişi qorumaq baxımından qanuna müvafiqdir.  Müsahibimizdən əməkdaşı olduğu oteldə bir müddət əvvəl əxlaqsızlıq yuvası aşkarlanması barədə də məlumat aldıq. O bildirdi ki, baş verən hadisə zamanı anlaşılmazlıq olub: “Bununla bağlı biz aidiyyatı qurumlara müraciət  etdik və məsələ həll olundu. Məhkəməyə qədər getdik. Otellər haqqında qanunvericilik yoxdur, bu məsələ necə tənzimlənə bilər? Nəzərə alsaq ki, dünyada, eləcə də Azərbaycan vətəndaş nikahında yaşayanlar çoxdur, onlardan necə şəhadətnamə tələb edə bilərik? Bu insanlara mənəvi zərbədən başqa bir şey deyil”. Nazim Ağayev qonşu dövlətlərdə - İran, Türkiyə, Gürcüstan, Rusiya təcrübəsində belə bir qaydanın tətbiq olunmadığını dedi.

 

Qurunun oduna yaş da yanır

Məsələnin hüquqi baxımdan hansı qaydalarla tənzimlənməsinə hüqüqşünas Müzəffər Baxışov aydınlıq gətirdi: “Mehmanxana xidmətləri ilə bağlı konkret olaraq hər hansı qanuni müddəa yoxdur. Otellərdə nikah haqqında şəhadətnamə tələbi ilə bağlı xüsusi normativ hüquqi akt da yoxdur, amma bu cür məsələlər İnzibati Xətalar Məcəlləsi və ya mehmanaxanaın daxili qaydaları ilə tənzimlənə bilər. Qeyd edim ki, sovetlər dönəmində də belə bir qayda var idi, əks-cinslərin eyni otaqda qalması üçün müvafiq sənədi olmalı idi. Hazırda isə belə bir norma qüvvədə deyil”. Hüqüqşünas deyir ki, Mülki Məcəllədə mehmanaxanalarda əşyaların saxlanması ilə bağlı maddə var: “Bu isə Mülki Məcəllənin 450-ci maddəsi ilə tənzimlənir. Amma məcəllədə mehmanxana və istirahət mərkəzlərində əks-cinslərə otaq verilib-verilməməsi təsbit olunmayıb. Bir büddət əvvəl Mədəniyyət və Turizm Nazirliyi bu barədə məsələ qaldırsa da, mövzu açıq qalır. Bu isə otel və mehmanxanalarda sui-istifadə hallarına yol açır. Hamıya bəllidir ki, bu obyektlərdə müəyyən şəxslərin əxlaqsız hərəkətlərə məşğul olması faktı var. Amma bunu aşkara çıxarmaq qanun çərçivəsində, digərlərinin də istirahət hüququnu pozmadan olmalıdır”.  Müzəffər Baxışov deyir ki, hüquq-mühafizə orqanları əxlaqsızlıq yuvasını aşkara çıxarmaqda maraqlı olmalıdır, amma digərlərinin də istirahət hüququ nəzərə alınmalıdır.

Mənbə: Teleqraf.com

OXŞAR XƏBƏRLƏR