Ötən həftə sonu “Silkway Travel” şirkəti tərəfindən bir qrup jurnalistin otelə press-turu təşkil olunub.
Otel daha çox orta sinif ailəvi istirahət üçün nəzərdə tutulub. Otel nömrələri ilə yanaşı, istirahət mərkəzində həmçinin kottec və villalar da var.
Jurnalistləri otellə tanış edən marketinq meneceri Səadət Məmmədova deyib ki, istirahət mərkəzində SPA mərkəz, fitnes zalı, açıq və qapalı hovuzlar, boulinq zal, oyun avtomatları və kinozalın olduğu əyləncə mərkəzi də var.
Marketinq menecerin bildirdiyinə görə, “River İnn Boutique Spa” oteli qonaqlara “Korporativ”, “Toy”, “Ailəvi istirahət” və bu kimi digər xüsusi paketlər də təklif edir.
Səadət Məmmədovanın sözlərinə görə, gələcəkdə mərkəz ərazisində diskoteka mərkəzi və dayə nəzarətli uşaq otaqları yaradılacaq və çimərlikdə otelin qonaqları üçün nəzərdə tutulacaq xüsusi ərazi salınacaq.
Qiymətlərə gəlincə marketinq meneceri deyib ki, qiymətlər otaq növləri və qonaq sayına görə dəyişir. Standart otaqda bir günlük qalmaq qiyməti səhər yeməyi daxil olmaqla 150 manat təşkil edir.
Otel həm yay, həm də qış mövsümündə fəaliyyət göstərəcək. Hazırda otel rəhbərliyi daxili turistlərin cəlb olunması istiqamətində çalışır. Payızdan etibarən istirahət mərkəzinə xaricdən qonaqların da cəlb olunmasına başlanacaq.
Otelin baş meneceri Vladimir Nikov bildirib ki, oteldə 81 nəfər çalışır. Otelin baş aşpazı ilə yanaşı menecmentlikdə çalışanların çoxu bolqarlardır.
Baş menecerin sözlərinə görə, hər mövsümdə otel 40% dola bilsə, bunu artıq uğur hesab etmək olar.