Venesiyaya səyahət: bahalı və romantik şəhər, çılğın insanlar - FOTOLAR

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” fikri mənim üçün nə qədər ənənəvi səslənsə də, haqqında dəfələrlə oxuduğum, amma heç vaxt görmədiyim bir şəhərə üz tutmağa qərar verdim.
Xəbərlər 19 Avqust 2015 00:00 2671
Venesiyaya səyahət: bahalı və romantik şəhər, çılğın insanlar - FOTOLAR

Bəziləri üçün sevgi şəhəri, bəziləri üçün isə kanalizasiya sistemi yaxşı işləməyən və pis qoxu gələn bir şəhər kimi simvolizə olunan Venesiya haqqında fikirlərim birinci deyimə daha çox uyğun gəldi. Şəhərə düşən kimi gördüyüm ilk yerlərin şlyapa satılan mağazalar olduğunu desəm, yəqin ki, təəccüblənməzsiniz. Bakının istisindən qaçdığımız bir vaxtda Venesiyada nəfəs almağa çətinlik çəkəcəyimiz ağlımıza belə gəlməzdi. Ona görə ilk işimiz 10-12 avro (təxminən 12-14 manat) verib şlyapa almaq olur. Və beləliklə, Avropanın ən bahalı şəhərlərindən birinə xoş gəlmisiniz…

OTELLƏR:
Venesiyada otellərdən böyük dəbdəbə gözləyirsinizsə, təəssüflənə bilərsiniz. Otellər kiçik və sadə  olsa da, bahalıq cəhətdən digər ölkələrdən seçilir. Venesiyada ulduzsuz və şəhərə yaxın otel tutmaq üçün bir nəfərə gecəsinə minimum 50-70 manat arası ödəməli olacaqsınız. Bu məbləğin daxilində onlar sizə o qədər də zəngin olmayan səhər yeməyi də təklif edəcəklər. Yeri gəlmişkən, otellərinizi istədiyiniz tarixi və yeri seçməklə booking.com saytından da rahatlıqla sifariş edə bilərsiniz.

Maraqlı evləri və dar küçələri baxımından Bakının İçərişəhərini xatırladan Venesiyada otelin ünvanını tapmaq o qədər də asan deyil. Yalnız əlinizə bir xəritə alıb küçələrin adlarını izləməklə buna nail ola bilərsiniz. Maraqlısı isə odur ki, otellərin adları da kiçik hərflərlə, görünməyəcək şəkildə yazılır.
Venesiya haqqında danışanda balaca evlər və onların eyvanlarından asılan rəngarəng gülləri xatırlamamaq mümkün deyil. Hər küçəsi, hər yeri ayrı bir gözəllik…

NƏQLİYYAT 

Nəhayət, oteli tapdıqdan sonra şəhərin ən çox insan qaynayan hissəsi San Marko meydanına getməyi qərarlaşdırırıq. Nəqliyyat vasitələrinə gəlincə, su avtobusları, su taksiləri sizin üçün ən yaxşı vasitə olacaq. Su taksiləri ilə 10 avroya (təxminən 12 manat)  istədiyiniz yerə gedə bilərsiniz. Su avtobuslarına isə 7 avro 50 sent (təxminən 9 manat) ödəməklə müəyyənləşdirilmiş dayanacaqda enə bilərsiniz.

İTALYANLARIN HAY-KÜYÜ

Bilet satılan yerə daxil olub şəhər turu ilə maraqlanırıq. Əvəzində isə bizə gün ərzində pulsuz istifadə edə biləcəyimiz avtobus bileti satırlar. Yanlış anlaşıldığımızı başa saldıqdan sonra italyanlar haqqında deyilən emosional və hay-küyçü fikri özünü doğruldur. Ən yüksək səs tonu ilə qışqırmağa başlayan İtalyanı görəndə beynimdəki “müştəri məmnuniyyəti”, “müştəri hər zaman haqlıdır” və s. ilə bağlı deyilən fikirlər alt-üst olur. Ona sakitləşməsini və qarşısındakının müştəri olduğunu unutmamasını xatırladandan sonra məsələni həll edir. Bir sözlə, siz getdiyiniz hər yerdə belə emosional italyanlara rast gələ bilərsiniz və onlar sizin sualınızın yalnız birinə təmkinlə cavab verərlər, eyni sualı bir neçə dəfə təkrarlamağınız italyanları özündən çıxara bilər. Bundan əlavə, siz ingilis dilində verdiyiniz sualı onlar italyanca cavablandırar və sizin bu dildən bixəbər olduğunuza əhəmiyyət belə verməzlər.
Bu səbəbdən italyanlardan hər yerdə nəzakət gözləmək sizin böyük səhviniz ola bilər.

QONDALLAR

Venesiyaya səyahət edənlərin çoxunun ilk olaraq üz tutduğu Venesiya qayıqları - qondallardır. Amma ilk gördüyünüz qondala minib 80 avro (təxminən 93 manat) ödəməkdənsə, bir qədər gözləyin, danışıqlar aparıb endirim əldə etməyə cəhd göstərin. Bu turla dənizin dadını çıxara və romantik bir gün yaşaya bilərsiniz.

GÖRMƏLİ YERLƏRİ
 “Grand Canal” kimi tanınan, uzunluğu 4 metrə yaxın olan Böyük Kanal şəhəri 2 hissəyə ayırır. Bu, Venesiyanın əsas su nəqliyyat dəhlizidir.

Venesiyaya gedirsinizsə, birinci üz tutmalı olduğunuz yer  SAN MARKO MEYDANIdır. Böyüklüyü bir yana qalsın, şəhərin bu hissəsində insan əlindən tərpənmək mümkün deyil. Şəhər nə qədər sakitdirsə, meydan bir o qədər səs-küylüdür. Sahildə oturub ayaqlarını suda sərinlədən kim, restoranda əyləşib İtaliyanın məşhur təamlarını dadan kim.
Həddindən artıq isti olsa da, Venesiyada kondisionerli restoran tapmaq üçün şəhəri bir xeyli gəzməli olursunuz. Bu meydanda ən çox satılan məhsullar isə şlyapalar, eynəklər və gündən qorunmaq üçün çətirlərdir.
SAN MARKO KİLSƏSİ  və DOJ SARAYI də burada yerləşir.  Qotik üslubunda olan bu Doj iqamətgahı əvvəllər həbsxana kimi də istifadə olunub və içərisi müxtəlif rəsmlərlə bəzədilib. Venesiyada ən heyran olduğum tarixi bina da elə bu saray oldu.
Siz burada  Bizans Kraliçası Teodoranın heykəlini və şəhərin qoruyucusu San Markonu simvolik olaraq təmsil edən və Venesiyanın da simvolu olan bürünc aslan heykəli də görə bilərsiniz.
Şəhərin daha bir görməli yeri RİALTO KÖRPÜSÜdür. O, Venesiyanin ən qədim körpüsü hesab olunur. Körpü əvvəllər taxtadan olsa da, sonralar daşdan inşa edilib. Venesiyanın hər iki sahilini bir-birinə bağlayır.
Kampanilla, Santa Mariya kilsəsi, Saat qülləsi, La Feniçe teatrı, Həsrət körpüsü də Venesiyanın ən görməli yerləri siyahısındadır.

QİDALANMA:
Venesiyada ən çox ehtiyacınız olan sudur. İsti olduğu üçün hər dəfə təxminən 2-3 avro verib su almaq məcburiyyətində qalsanız da, xoşbəxtlikdən hər yerdə sərin bulaqlara da rast gəlirsiniz. 
Venesiyada supermarketlər tapmaq çox çətindir. Ucuz və sərfəli supermarketdə isə uzun müddət növbə gözləməli olursunuz. Hər cəhətdən gigiyenik olan supermarketdən aldıqlarınız sizin üçün qiymət baxımından çox sərfəli ola bilər. Amma Venesiyaya  gedib restoranlarda oturmamaq, İtaliya pizzasından dadıb, spagetti və pastadan yeməmək də günah olar. Bu haqda Roma səfərimlə bağlı növbəti yazıda daha ətraflı məlumat verəcəyəm. Venesiyalıların ənənəvi mətbəxində isə balıq məhsulları üstünlük təşkil edir. Orta hesabla Venesiyada bir pizza 7-12 avro arası (təxminən 8-14 manat), bir stəkan kola 3 avro ( təxminən 3-4 manat) qiymətinə satılır. Bəzi çox bahalı və daha ucuz restoranlar var. Müsbət cəhət isə odur ki, siz restoranda oturub pis vəziyyətdə qalmırsınız, çünki  girişdə menyular və qiymətlər yerləşdirilib. Onlara göz yetirməklə büdcənizə uyğun restoran seçə bilərsiniz. Ən pisi isə odur ki, restoranlarda xidmət haqqı bəzən yüksək olur və yediklərinizdən əlavə bir xeyli də bunun üçün ödəmək məcburiyyətində qalırsınız. Venesiyaya gedib dondurma yeməmək də doğru olmaz. Hər addım başı rast gələcəyiniz dondurma yerlərində təxminən 3 avro (3-4 manat) ödəməklə dadlı dondurmadan dada və sərinləyə bilərsiniz.

Əgər siz gündüz vaxtı mağaza axtarmağa çalışırsınızsa, yol boyu kifayət qədər qapalı yerlərə rast gələcəksiniz. İsti olduğu üçün venesiyalılar mağazaları bağlayıb evlərinə getməkdən çəkinmirlər. 
Venesiyanın digər İtaliya şəhərlərinə nisbətdə bahalı olmasının səbəbi isə bütün məhsulların su xətti ilə gəlməsidir.

MURANO VƏ BURANO ADALARI
Venesiyaya gedənlər mütləq Murano və Burano adalarına da baş çəkirlər.  Murano adasına Venesiyanın mərkəzindən kiçik gəmilər vasitəsilə yarım saat ərzində çatmaq olar. Murano adası şüşələriylə məşhurdur. 
Əl işləmələri olan murano daşları turist xanımların maraq dairəsindədir. Minimum 8-10 avro (təxminən 9-12 manat) ödəməklə əl işləmələri olan, murano şüşələrindən hazırlanan məhsulları almaq olar. Bu məhsullar heç də ucuz deyil və bahalı daş hesab olunur.
Rəngli binaların yer aldığı və gözəl parçaları ilə məşhur olan Burano adasını görmək üçün isə 14 avronuzdan (təxminən 16 manat) keçməli olacaqsınız. Saat yarımlıq gəmi turunu başa vurub rəngarəng evlərin yer aldığı Burano adasına enirik və bir ömür boyu yaşanacaq sakit və rahat evlərlə qarşılaşırıq. Yaşıllıq, gözəllik, dinclik, rəngarənglik - burada nə desəniz tapmaq olar. Əsl xəyallardakı adalar kimi…

GECƏ HƏYATI 
Venesiyada gecə həyatı bəzi Avropa şəhərlərində olduğu kimi tez "ölmür". Siz gecəyarısı əlinə violençel alıb “O sole mio” ifa edən və insanları ətrafına toplayan xeyli həvəskar və peşəkar musiqiçilər görə bilərsiniz. Bundan əlavə gün batıb və artıq istidən əziyyət çəkmirsinizsə, Venesiyadan əsl həzz almağın zamanıdır! Zəif işıqlar, qaranlıqtəhər küçələr, dar yollardan gələn zərif musiqi səsləri, digər tərəfdə isə körpüdəki işıqlar və suya düşən əksi - Venesiya gecələr əsl romantika şəhərinə çevrilir. Hətta insanların çoxluğu belə bu sükutu poza bilmir. Gecə vaxtı şəhərin daha əsrarəngiz görünməsi üçün açıq hava restoranlarında müxtəlif tərzdə dekorlar qoyulur və şamlar yandırılır. 

 

Tursitlərin qaynadığı şəhərdə özünü həddindən artıq dinc və rahat hiss edirsən. Venesiyanı görmək üçün 1 günün bəs olduğu isə sadəcə şəhər balaca olduğu üçün deyilən fikirdir.  Venesiyada turist kimi 1 həftə sakit və gözəl həyat yaşamaq olar.
Bir sözlə, sakitlik, romantika və rəngarəngliyin şəhəri Venesiyaya getməyiniz sizin üçün unudulmaz bir səyahətə çevrilə bilər . Çünki Venesiya həqiqətən deyildiyindən də artıq sevgi şəhəridir…

Çinarə NURMƏMMƏDOVA
Fotolar: Qumru MUSTAFA

 

OXŞAR XƏBƏRLƏR