Son illərdə xaricdən və Azərbaycanın digər şəhərlərindən Lənkərana səyahətə gələnlər arasında kənd evində yaşayıb istirahət etmək meylləri artıb. belələri kənd həyatını yaşamaqla, öz sağlamlıqlarını qorumaqla yanaşı, bir müddət şəhər mühitindən - şəhərin ənənəvi gərginliyindən uzaqlaşmaq istəyənlərdir.
Cənub regionunda kənd təsərrüfatı və yol infrastrukturunun inkişafı, yüksək şəraitli kənd evlərinin olması və digər amillər burada kənd yaşıl turizminin inkişafına geniş imkanlar açıb. Turistlər cənub bölgəsinin istənilən rayonunda kənd evlərində istirahət edə bilərlər. Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının ayrı–ayrı kəndlərində kənd yaşıl turizmi üçün əlverişli olan xeyli fərdi ev var.
Lənkəranda kənd turizminin ən çox yayıldığı ərazilərdən biri Haftoni (yeddi bulaq – deməkdir) qəsəbəsidir. Burada turistləri qəbul edib yerləşdirmək və onlara müəyyən xidmətlərin (yemək, rayonun görməli yerlərinə səyahət, yerli sənətkarların əl işləri ilə tanışlıq və s. ) göstərilməsi üçün şəraiti olan fərdi evlər çoxdur.
Belə evlərin sahiblərindən biri - Nəriman Hüseynov kənd yaşıl turizmi ilə 9 ildir ki məşğuldur – 2004-cü ildə Turizm Nazirliyindən sertifikat alıb və həmin ildən evini turistlərə kirayəyə verir. Evdə turistlərin yaşaması üçün üç otaq ayrılıb, bundan başqa, Nəriman həyətdə kottec də tikməyə hazırlaşır. Hələlik isə evdə 12 – 15 turisti qəbul etmək imkanı var və onların istirahəti üçün hər cür şərait yaradılıb: «Duş, mətbəx, yataq və istirahət otaqları işlək vəziyyətdədir». Evin kirayə haqqı adambaşına 5 – 10 manat aralığındadır. Qonaqların sayı artdıqca qiymət də aşağı düşür: «Qiymət 10 manat olduqda səhər yeməyini veririk. Səhər yeməyinə bal, süd, yerli ev yumurtası, çay və çörək daxildir. Əgər turistlər milli mətbəximizin yeməklərindən dadmaq istəyirlərsə, xanımım onların istəyinə uyğun yeməkləri hazırlayır». Hazırlanan xörəklərin qiymətinə maya dəyəri və cüzi xidmət haqqı daxildir. Ümumilikdə kənd evində qonaq qalmaq istirahət mərkəzləri və otellərlə müqayisədə 4-5 dəfə ucuzdur.
Kənd turizmi sahəsində müxtəlif seminarlarda iştirak edən Nəriman qonaqları cəlb etmək üçün hər il evini təmir edir, evinin içərisində və həyətində şəraiti yaxşılaşdırır: «Evə İnternet və telefon xətti də çəkmişəm. Yeri gələndə, turistlərə əlavə xidmət də göstəririk. Dağları gəzəndə onlara bələdçi veririk, taksi xidməti göstərir və digər xidmətlər zamanı əşyalarımızı icarəyə veririk. Bu zaman bəzi xidmətlər pulsuz olur».
İndiyədək bu evdə çoxsaylı xarici və yerli turistlər yaşayıb – hətta, ABŞ, Rusiya və Belarusdan qonaqlar gəlib. Amma qonaqların əksəriyyəti yerli turistlərdir: «Çünki xarici turistlərin bu evlər və xidmətlər barədə məlumatı azdır».
Kənd evində qalan turistlərin ehtiyacları və istirahət üsulları fərqlidir: «Bəziləri sakitlik istəyir, digərləri ünsiyyətcil olur, necə deyərlər, ev sahibləri ilə qaynayıb – qarışırlar. Amma atla gəzinti, balıq ovu, yeməyi dağ ətəyində süfrə sərib yemək, müxtəlif oyunlar, dama, nərd oynamaq və s. bütün turistlərin istəyidir».
Kəndin digər sakini Elazad Şabiyevanın evində də turistləri qəbul etmək üçün 3 otaq ayrılıb və burada eyni zamanda 12–15 turisti yerləşdirmək mümkündür: «Evimdə turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Səliqə-sahmana söz ola bilməz. Qiymətlər də çox ucuzdur».
Turistlər üçün evlərində eyni şəraiti qəsəbə sakinləri Fərman Hüseynov, Şaiq Əmirov, Vaqif Eyvazov və digərləri də yaradıblar. Turistlər kənd evlərində istirahət etməklə milli mətbəximizin ləziz yeməklərindən dada bilir, atla gəzinti, balıq ovu ilə məşğul olurlar. Bəziləri qollarını çırmayıb ev sahiblərinə kömək edir - ot biçir, mal-qara sağır və digər təsərrüfat işlərində iştirak edirlər.
Haftoni qəsəbəsinə turistlərin marağı təbiidir - qəsəbə rayon mərkəzindən 12 km qərbdə İbadi meşəsinin önündə və demək olar ki, dağ ətəyində yerləşir və dəmirağacları ilə əhatə olunub. Turistlər bu evlərdə istirahət etməklə, eyni zamanda, ərazidəki müalicə əhəmiyyətli isti sudan istifadə edib pəhrizlərini saxlaya bilərlər.
Lənkəranda fəaliyyət göstərən «Şəfəq» Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev bildirir ki, bu gün turistləri ən çox maraqlandıran cəhət təbiətə daha yaxın olmaqdır.
Amma onlar kənd həyatını yaşamaqla yanaşı, göstərilən xidmətin də yüksək olmağını istəyirlər: «Ev sahibləri turistlərə yemək və yataq yeri təqdim etməklə yanaşı, onlara bələdçilik və tərcüməçilik edir, nəqliyyat xidməti göstərir, müxtəlif turlar və balıq ovu və s. təşkil edirlər».
Ümumiyyətlə yerli əhalinin kənd turizmindən faydalanmaq üçün kifayət qədər imkanları yaranır. Ev sahibləri kirayə haqqı ilə yanaşı, göstərilən digər xidmətlərə görə əlavə xidmət haqqı alır, yerli əhali isə turistlərə tərəvəz, heyvandarlıq və quşçuluq məhsulları satmaqla və digər xidmətlər göstərməklə gəlir əldə edirlər. Bu, işsizlərin işlə təmin olunmasına şərait yaradır və onlara ailələri üçün qazanc əldə etmək imkanı verir.
Bu gün Lənkəranda 100-dək evdə turistləri qarşılamaq imkanı var. Ancaq yüksək şərait hələlik 30-40 evdə yaradılıb. Çünki, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir ki, bu vəsait də bütün ev sahiblərində yoxdur. Vamiq Babayevin sözlərinə görə, belə ev sahiblərinə mikro kreditlərin verilməsi regionda kənd turizminin inkişafına təkan olardı.
Eyni zamanda, yol infrastrukturunun da inkişaf etdirilməsi vacib məsələlərdən biridir. Əgər kəndlərə yol çəkilərsə, o zaman bu bölgələrin turizm imkanları da açılacaq.
Ekoturizmin inkişafı ilə bağlı kəndlərdə müvafiq şəraitə malik evlərin aşkarlanması işi davam edir. Bu ildən qonaqlara təqdim etmək üçün Lənkərandakı abidələr haqqında ingilis və azərbaycan dillərində olan məlumat kitabçaları da hazırlanıb. Gələn qonaqlara yerli istehsal olan suvenirlərin satışı üçün rayonda el sənətkarları ilə razılıq əldə olunub.
Böyük investisiya yatırımı tələb etməyən kənd yaşıl turizminin inkişafı kənd əhalisinin dolanışığına ciddi təsir göstərməklə yanaşı, ölkə iqtisadiyyatına da ciddi səmərə verə bilər.