Turizm şirkətləri yeni qiymət siyasəti üçün toplaşacaq

Xəbərlər 4 Sentyabr 2015 00:00 935
Turizm şirkətləri yeni qiymət siyasəti üçün toplaşacaq

Azərbaycan Turizm Assosiasiyası (ATA) təklif və tövsiyələr hazırlayıb. Seyyah.az-ın Vergilər qəzetinə istinadən verdiyi məlumata görə, Assosiasiyanın baş katibi Müzəffər Ağakərimov bildirib ki, Azərbaycan Prezidenti ölkəmizin turizm sektorunda qiymətlərin baha olduğunu, bunun turizmə marağın azalmasına təsir göstərdiyini bildirib və qiymətlərin aşağı salınması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. ATA da bununla bağlı təklif və tövsiyələrini hazırlayıb:

“Bakı şəhərində fəaliyyət göstərən 60-dan çox oteldə qiymət siyasəti ilə əlaqədar monitorinq keçirmişik. Yaxın günlərdə turizm şirkətləri ilə birgə qiymət siyasətinə aid toplantı keçirilməsi planlaşdırılıb. Burada hər bir tərəfin rəy və təklifləri əsasında yeni fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

Assosiasiyamız Bakı şəhərində və regionlarda 2-3 ulduzlu otellərin və hostellərin (daha çox çarpayıları olan və məhdud xidmət göstərən mehmanxana tipli turizm obyektləri) inşasına start verilməsini də təklif edib. Hesab edirik ki, hazırda turizmin inkişafı üçün hostellərin yaradılmasının vaxtı çatıb. Avropa və Asiyada bu tipli turizm müəssisələri özünü daha yaxşı doğruldur və getdikcə populyarlaşır”.

Müzəffər Ağakərimov qeyd edib ki, xarici ölkələrdən Azərbaycana daha çox turist cəlb etmək üçün təyyarə biletlərinin və otellərin qiymətləri rəqabətə əsaslanmalıdır:

“Otellərin qiymətləri göstərilən xidmətlərin səviyyəsinə uyğun olmalıdır. Tur paketlər, əsasən, nəqliyyat, otel, restoran, ekskursiyalar və digər sahələrdə kompleks islahatları əhatə edir, yəni bu istiqamətdə bütün tədbirlərin görülməsi qaçılmazdır. Bölgələrdəki otellərdə sanitar-gigiyenik şərtlər də beynəlxalq standartlarla ayaqlaşmalıdır”.

ATA-nın baş katibi, Azərbaycanın turizm agentlərinə beynalxalq ulduz verilməsi sisteminin tətbiqinə də toxunub:

“Azərbaycan turizm şirkətlərinə, otellər kimi ulduz sisteminin tətbiqi çox yaxşı olardı. Bu, turizm şirkətlərinin motivasiyası üçün mühüm rol oynaya bilər. Lakin bu məsələ bütün turizm şirkətləri ilə müzakirə olunub,yekdil qərara gəlinməlidir. Ən əsası isə bu sistemin mexanizmi işlənib hazırlanmalıdır”.

 

Müzəffər Ağakərimov  əlavə edib ki, Azərbaycana Rusiya, İran, Qazaxıstan, Türkiyə,Yaponiya və Koreyadan daha çox turist gəlir və onların arasında istirahət məqsədi ilə gələnlər üstünlük təşkil edir:

“Fransa, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Tailand, Malayziya, İran, Çexiya və digər ölkələrdən də hər il turistlər gəlir. Yaponiya və Cənubi Koreyadan gələn turistlər gəzintiyə - ekskursiyaya daha çox üstünlük verirlər, ölkəmizin tarixi abidələri, adət-ənənələrimiz, mətbəximiz, musiqimizlə tanış olurlar. Yeri gəlmişkən, bu faktor Birinci Avropa Oyunları zamanı da müşahidə olundu. Bizim ölkədən isə sağlamlıq turizmi ilə əlaqədar gedənlər çoxdur. Azərbaycan vətəndaşları Rusiya,Ukrayna və İrana daha çox üz tuturlar”.

OXŞAR XƏBƏRLƏR