“Wizz Air”-in Azərbaycana qayıdacağı tarix açıqlandı

Xəbərlər 7 Sentyabr 2015 00:00 2066
“Wizz Air”-in Azərbaycana qayıdacağı tarix açıqlandı

Tam olaraq detallar açıqlanmasa da, Macarıstanın aşağı büdcəli sərnişindaşıma üzrə aviaşirkəti olan “Wizz Air” ilə danışıqlar artıq tam başa çatıb.

Türkiyənin eyni tipli aviaşirkəti olan “Pegasus”un 2015-ci ilin oktyabr ayında uçuşlarını həyata keçirəcəyi barədə razılaşmanın ardınca, “Wizz Air” şirkətinin 2016-cı ilin mart ayından Azərbaycana uçuşlarını bərpa edəcəyi artıq dəqiqdir.

Amma “Pegasus”dan fərqli olaraq “Wizz Air” Azərbaycana tam öz şərtlərini qəbul etdirərək qayıdır. Bu şirkət AZAL-ın təkliflərinin hamısını rədd edərək, yalnız öz şərtləri çərçivəsində fəaliyyət göstərəcək ki, buna da müəyyən səbəblər var.

Razılaşmanın bir sıra məqamları barədə Gün.Az-a adının çəkilməsini istəməyən məlumatlı mənbə  danışıb. 

Təfərrüatlar barədə danışmazdan əvvəl bu şirkətlə münasibətlərin əvvəlinə qayıdaq və “Wizz Air”-in Azərbaycan macəralarını yada salaq.

Şirkətin təyyarələri Azərbaycan səmasında ilk dəfə olaraq 2013-cü ilin yayında peyda oldular. Təklif olunan ucuz qiymətlər hamını həvəsə saldı və Macarıstanın Azərbaycandakı səfirliyi o vaxta qədər görmədiyi viza ajiotajı yaşadı. 

Belə demək olarsa “su qiymətinə” təyyarə biletləri Avropaya səyahət etmək istəyənlər üçün əsl stimul oldu. Macarıstan paytaxtının özünü görmək, oradan isə ən azından Vyanaya keçmək perspektivini bir çoxları əldən qaçırmadılar.

Amma Azərbaycan turistlərinin xoşbəxtliyi uzun çəkmədi və 2014-cü ilin yay mövsümündə də uçuşlarını həyata keçirdikdən sonra, bu şirkətin ölkəmizdə fəaliyyətinə son qoyuldu.

Bir çoxları buna səbəb kimi AZAL-ı və onun inhisarçı siyasətini göstərdilər.

AZAL rəsmiləri isə başqa şey dedilər. O zaman, mətbuata açıqlamasında  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov bildirmişdi ki, “AZAL bu şirkətin Azərbaycana uçuşlarına heç bir qadağa qoymayıb. Sadəcə olaraq “WizzAir” Heydər Əliyev adına Hava Limanında aldığı xidmətlərin belə pulunu ödəmək istəmirdi”.

Şirkətin Azərbaycana uçuşlarının ləğvinin səbəblərindən asılı olmayaraq, ucuz qiymətə Avropaya uçmaq imkanından məhrum olmaq Azərbaycan vətəndaşlarında haqlı narazılıq doğurdu. AZAL o zamana qədər qarşılaşmadığı tənqid atəşinə tutuldu.

Bu məsələ ilə bağlı şad xəbər AZAL-dan yox, gözlənilmədən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdən gəldi.

Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri olan Ş.Mustafayev 2015-ci ilin aprelin 21-də Budapeştə səfər etdi. Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə görüşdə o, bəyan etdi ki, Azərbaycan Prezidentinin göstərişi ilə “Wizz Air” aviaşirkətinin fəaliyyəti yaxın günlərdə bərpa ediləcək.

Lakin gözləntilərin əksinə olaraq 2015-ci ildə bu uçuşlar bərpa edilmədi. Səbəb isə, şirkətin artıq bütün uçuşları planlaşdırdığını və Azərbaycan üçün əlavə təyyarələrinin olmaması idi.

Məsələ avqustda bir daha aktuallaşdı. Belə ki, Gün.Az-ın müvafiq sorğusuna cavab olaraq, AZAL-dan məlumat verildi ki, “Wizz Air” şirkəti 24 avqust 2015-ci il tarixində müraciət edərək, 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsi niyyətində olduğunu bildirib. 

Xatırladaq ki, AZAL-dan həmin zaman bildirmişdilər ki, “bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar keçirməsi gözlənilir”.

Məlumatlı mənbənin verdiyi xəbərə görə, bu danışıqlar artıq başa çatıb. Məsələnin maraqlı tərəfi ondadır ki, “Wizz Air”  AZAL-ın irəli sürdüyü heç bir şərti qəbul etməyərək, yalnız öz şərtləri daxilində uçuşları bərpa edəcəyini bildirib. Belə ki, ən əsas şərtlərdən biri “Wizz Air”in yalnız yay mövsümündə deyil, bütün il boyu uçuşlar həyata keçirməsi idi.

“Danışıqlar zamanı Azərbaycan tərəfi qarşı tərəfi bildirmişdi ki, “sizə bütün sərfəli şərait yaradılır, əvəzində siz il boyu uçun”. Amma macarlar bu təklifi də qəbul etmədilər və yalnız mövsümi uçuşlar həyata keçirəcəklərini bildiriblər”, -  mənbə deyib.

Onun fikrincə, macarların özlərini bu qədər arxayın aparmalarının səbəblərindən biri də, onların Azərbaycana qayıtması üçün yüksək səviyyədə verilən tapşırıq olub. Onlar bilirdilər ki, AZAL heç bir şərtinin qəbul olunmayacağı təqdirdə belə, şirkətə uçuşlar üçün icazə verməli olacaq.

Bu faktın digər bir təsdiqi də, “Pegasus”a yaradılan şəraitlə olan fərqdədir. Belə ki, Türkiyənin analoji aviaşirkətinə uçuşların Qəbələdən həyata keçirilməsinə icazə verilsə də, macarlar sərnişinləri birbaşa Azərbaycan paytaxtından daşıyacaqlar.

Bununla belə, elə həmin mənbənin məlumatına əsasən, “Wizz Air”in digər aviaşirkətlərdən fərqi yalnız onda olacaq ki, çox güman Macarıstan aviadaşıyıcısının təyyarələri Heydər Əliyev adına Bakı hava limanının yeni terminalından deyil, köhnə terminalından uçacaq.   

Qeyd edək ki, ilboyu uçuşlar şərti yeni deyil. Elə həmin Arif Məmmədov bir müddət öncə mətbuat konfransında bildirmişdi ki, AZAL  “WizzAir” şirkətinə 3 illik icazə verməyə hazırdır.

O, qeyd etmişdi ki, bu yalniz o şərtlə ola bilər ki, adıçəkilən aviaşirkət ilboyu uçuşları həyata keçirsin.

A.Məmmədov Avropa şirkətlərinin “WizzAir”dən daha çox şikayətçi olduğunu qeyd etmişdi: “Avropa aviaşirkətləri bildirirlər ki, yayda bu aviaşirkət bizim sərnişinləri “oğurlayır”, amma qışda biz uçuşları davam etdiririk “WizzAir” dayandırır”.

Amma artıq qeyd etdiyimiz kimi danışıqlar başa çatıb və “Wizz Air” mövsümi xarakterli olmaqla Bakıdan Budapeştə uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, danışıqların başa çatması ilə əlaqədar “Wizz Air” şirkətinin rəsmi məlumatı yaxın zamanlarda gözlənilir. Bu rəsmi bəyanat hətta bugün ərzində də mətbuata verilə bilər.

Gün.az

OXŞAR XƏBƏRLƏR