Budapeştdən xoş təəssüratla ayrılıb gedirik Belçikaya (Budapeşt səfəri ilə bağlı təəsüratlarımı buradan oxuya bilərsiniz). Belçika mənim Avropa səyahətimin ikinci ölkəsidi. Əslində, Budapeşt və Belçika səfəri çox spontan alındı, ilk səyahətimizə hardan başlayacağımızı bilmirdik. Çox geniş araşdırmadan sonra Belçikaya üz tutmağa razılaşdıq.
Yenə eyni qrupla idim. Onu deyim ki, səyahət zamanı sizinlə eyni şeyləri etməkdən zövq alan insanlarla birgə olmaq çox önəmlidi, gərək oxşar nöqtələriniz bol olsun ki, sonradan qan-qaraçılıq baş verməsin ( məsələn, biriniz incəsənətə meyillisiniz, incəsənət muzeyinə getmək istəyirsiniz, digəriniz tarixi muzeyə üz tutursunuz. Deyəcəksiniz ki, bəs olsun da, hərə öz istədiyi yöndə hərəkət etsin. Lakin, unutmayın ki, o zaman qrup anlayışı qalmır, həm də ki, qrupunuzda mənim kimi itməyə meyilli bir dostunuz varsa, onu tək qoyub hərəkət etmək də ürəyinizcə olmaz, bilirəm ).Səyahət zamanı gedəcəyiniz ölkə haqqında lazımı məlumatları yığmadan hərəkət etməyin. Məsələn, biz özümüz internetdə geniş araşdırma etmək üçün ilk növbədə, wikitravel.com saytına üz tuturuq.Çox əlverişli saytdı ( əgər ingilis-dilin bilirsinizsə, məlumatların çoxu ingiliscədir ). Bu sayt çoxunuza məlumdur, zənnimcə, çünki məşhur saytdı. Bilməyənlər üçün deyim ki, sayta daxil olub istədiyiniz ölkənin adınızı yazdıqdan sonra,gəzib-görməli yerləri ilə tanış olursunuz. Sizə qalır xəritəni əlinizə alıb küçələrdə gəzmək, şəhəri kəşf etmək.Keçək Belçikaya.
Belçikanın üç şəhərində olmağı qərarlaşdırdıq. Hansı şəhərlər? Brussel, Antverpen ( çox təəssüf, deyəcəm niyə ) və Ghent.Bu yazımda sizi Brusselə tanış edəcəm.Belçikaya gəlib də Brusselə gəlməmək ayıb olardı, əlbəttə. Əvvəlla, Belçikanın paytaxtıdı, bu elə özü başlıca səbəb. Nato qərargah mərkəzinin, Avropa Birliyi konseyinin binalarının burada yerləşməsi də, bura gəlməyə əsas səbəblərdəndi. Sırf bu səbəblərə görə, Avropanın da əsas şəhərlərindəndir.
Onu da qeyd etmək istəyirəm ki, Belçikaya getmədən öncə çox adam gediləcək bir yer olmadığın demişdi, maraqsız ölkə imiş. Sizə bir məsləhət məndən, heçvaxt səyahət zamanı ələxsus, başqalarının sözü ilə oturub-durmayın, ziyanı sizə toxunar. Zövqlər müxtəlifdir, birinin sevmədiyi şəhər, başqasına xoş gələ bilər, elə götürək məni. Belçikanı çox sevdim. Səbəbləri sayacam birazdan.Yenə ryanairdən biletimizi aldıq, həmişəki kimi. Online olaraq, əldən bilet satılmır, sayta girib bileti alırsınız, səyahət müddətinə az qalmış da özləri mail göndərirlər check-in ilə bağlı. Axşam vaxtı çatdıq Brusselə. Axşam vaxtı çatmaq sərf eləmir, çünki yorğun olursan, gəzmək filan görmür gözün, onsuz da yorğunluğa baxmayıb gəzmək istəsəniz də, alınmayacaq, çünki axşam səkkizdən sonra açıq muzey filan tapmaq mümkünsüzdü, sizə qalan hostelə gedib kəlləni atıb yatmaq olur. Ona görə şəhərə gündüz çata bilmək üçün mümkün qədər bileti alarkən əsas vaxta önəm verirəm.
Hava çox soyuq idi, bunu hələ təyyarə enmədən beş dəqqiqə öncə pəncərəyə düşən qar dənəciklərindən də hiss edə bilirdim (yaxşı ki, Budapeştdən özümə isti papaq və şərf almışdım, soyuğa heç davamlı deyiləm). Təyyarədən enib soyuğu canımıza çəkdikdən sonra hamımız məyus olduq, ' bu soyuqda necə gəzə bilərdik? ' -deyə fikirləşdik. Noyabr ayı və qar. İtaliyada belə havaya öyrəşməmişik deyə, çətin olur başqa ölkənin havasına uyğunlaşmaq. Tərslikdən də aeroport Charleroi (bir dostumuzun bu aeroportla bağlı zarafatı var, deyir Charleroi Brusseldə yerləşmir, başqa şəhərdə salınıb, sanki) uzaqda yerləşir. O qədər uzaqdı şəhərə, yəni. Təxminən 60 km maşınla, yarımsaatlıq yoldu.Deyə bilərsiniz ki, bu qədər uzaqdısa, niyə bilet alırdınız (mən olsam,deyərdim), başqa aeroport seçərdiniz. İzah edim. Dediyim ki, ryanair ilə uçuram, low cost olan havayolları ölkənin əsas yox, digər aeroportlarına uçurlar. Biz də tələbə adamıq, nələrisə qazanmaq üçün nədənsə vaz geçmək lazımdı.Amma, qorxulu heçnə yoxdu, taksilər daima havalimanının qarşısında işləyirlər, həmçinin də avtobuslar. Avtobusların qiyməti səhv etmirəmsə, 17 eurodan yuxarı idi ( taksidən baha idi, səbəbin bilmirəm ). Taksi isə adambaşına 15 euro. Başqa çarə yox idi, 15 euronu verib yola düşdük. Taksi bizi şəhər mərkəzinə qədər apardı. Sürücü nəzakətli idi ( bunu sevmişdim, insanların mədəniyyəti barədə çox həssasam ). Şəhər mərkəzində metro götürdük, hostelə çata bilmək üçün. Adəti olaraq, metroda da problemlərlə qarşılaşdıq. Metro kartın ala bilmirdik, daha doğrusu hardan almaq lazımdı bilmirdik. Taksidə bizlə birgə bir ərəb gedirdi, sağ olsun metro kartın maşinkadan aldı bizim üçün və yolu da başa saldı( vaxt itkisinin qarşısın aldığı üçün ona minnətdaram, çünki çox yorğun idik ). Metro kartı 1.50 euro idi. Yenə Budapeştdəki metro sisteminə bənzər metro ilə qarşılaşdıq. Yenə üç metro xətti, hər birinin də özünəməxsus rəngi vardı.
Amma Belçikanın metro vaqonları Budapeştdəkindən daha müasir idi. Rahat idi. Xoşbəxtçilikdən gecələyəcəyimiz hostel, Brussel Hello Hostel metronun yanında yerləşirdi, əlavə nəqliyyat pulu ödəməyəcəkdik. Hostel təxminən 10 eurodan biraz çox oldu. İlk baxışdan təmiz, səliqəli görünürdü. Biz üç qız eyni otaqda ( bu dəfə private room deyildi ), dostumuz isə qarışıq otaqların birində gecələməkçün otaq tutmuşdu.Hostelin aşağı mərtəbəsində nahar üçün ayrıca bir zal vardı. Otaqlar səliqəli idi, amma isti deyildi. Küçədə yağan qarabaxa-baxa büzüşüb yerimdə qalmışdım. Ona görə də hostelin səliqəli, müasir görünüşlü olmağı mənim gözümdə heçnə idi həmin an, çünki istlik daha önəmli şərtdi mənim üçün.Otaqda bizdən başqa da bir ingilis qadın qalırdı. Ortayaşlı idi (İndi deyəcəm bu ingilislərin hamısı eynidi, çox soyuqdular, inanmayacaqsınız, amma elədi, ya da mənim qarşıma elələri çıxır ). Bir təhər dözəcəkdik onunla eyni otaqda qalmağa.Aclıq hissi yorğunluğumuzu unutdurmuşdu bizə, çox ac idik. Əşyalarımızı yerləşdirib, hostellə tanış olub çıxdıq şəhərə ki, nəsə atışdırmağa yer axtaraq. Şübhəsiz ki, yenə də türk restoranı tapdıq. Çox istiqanlı idilər, bir tərəfdən sifarişlərimizi hazırlayır, digər tərəfdən bizi şəhər barədə məlumatlandırırdılar. Bizə gecə vaxtı gəzməməyimizi məsləhət gördülər, səbəb isə bomjların həmin saatlarda küçədə çoxalması idi. Sözünə qulaq verdik, təbii. Yeməkləri dadlı idi. Söhbətləri də şirin. Hesabı ödəmək üçün ayağa qalxmışdıq ki, türk abinin dostu bizi dilə tutdu, adam qatar stansiyasında hansısa vəzifədə idi. Özü də səyahətsevərdi, bolluca ölkə gəzib, bizim wikitravelimiz həmin an üçün o oğlan idi. 'Ghentə yox, Bruja gedin' - deyə təkid etdi. 'Belçikaya gəlib də, Bruja getməmək günah olar' -deyə, davam etdi. (razıyam, hamı Bruju görməlidi). Beləliklə, dostlarımı ələ aldı. Bruja getmək qərarına gəldilər. Mən getmədim, çünki Ghentdə görəcəyim əziz bir dostum vardı, Brujdan daha dəyərli.
Yeməyimizi yeyib hostelə qayıtdıq. Hostelin internet sistemin söyə-söyə yuxuya getmişəm özümün də xəbəri olmadan ( onu da deyim ki. telefonların işıqlarını görən ingilis xala qızlara hamınız bir adam kimi telefonları söndürüb yatın deyə əmr verib ).Səhər həmişəki kimi ilk öncə mən oyandım. Qızları oyatdıqdan sonra gedib dostumuzu da bir təhər oyada bilməyə müvəffəq oldum. Hazırlaşıb aşağı səhər yeməyinə düşdük, çox şükür ki, səhər yeməyi ödədiyimiz pula daxil idi, babatyedik-içdik, istilik sistemləri zəif olsa da, könlümü səhər yeməkləri ilə aldılar, çeşid çox, ac qarın, necə sevinməyəsən, axı? Hələ azərbaycanlı damarımız tutdu deyə, yolluq da hazırladıq hostelin hesabına.Razılaşdıq ki, günün yarısına kimi Bruselli gəzib Antverpenə yollanaq. Elə də etdik. Belçikada üçüncü günümüzü yenə Bruselldə keçirəcəyik deyə günün yarısına kimi şəhəri kəşf etməklə məşğul idik. Vaxt itirmək olmazdı. Hosteldən çıxıb metroya doğru gedirdik ki, dostlarımdan biri uzaqdan möhtəşəm bir binanın olduğunu görüb ayaq saxladı. Elə də uzaq olmadığından gedib bu bina ilə tanış olmağa razılaşdıq. Azca yaxınlaşmışdıq ki, bunun adi bir tikili deyil, kilsə olduğunu gördük. Panteon kilsəsi.
Qarşısında da sarı yarpaqlarla örtülmüş böyük və sakit bir park vardı. Parkdakı sükunət bizə elə ləzzət etmişdi ki, kilsədən öncə bu parkda vaxt keçirdik. Ardınca kilsəyə yollandıq.Kilsələr bizim səyahət zamanı çox diqqətimizi çəkən əsaslardan biridir ( bəlkə də, bu, Romadakı kilsələrdən daha möhtəşəmini axtarmaq istəyidi, dəqiq deyə bilmərəm ). Həmişəki kimi yenə bərpa işləri gedən vaxta gəlib çıxmışdıq. Deyəsən, milad bayramına hazırlıq gedirdi. Kilsəyə gəlincə isə adi kilsələrdən biri idi. Aşağı mərtəbəsində isə turistlər üçün suvenirlər satırlar. Getsəniz, ordan nəsə maraqlı hədiyyə almaq olar.Xəritəyə baxdıq, gedəcəyimiz istiqamətin şəhər mərkəzi Grand Palace olduğunu görüb metroya tərəf yollandıq.Grand Palace adlanan şəhər mərkəzinə gəldik. Binaları görüb heyrətimi gizlədə bilmədim. İlk baxışda meydana bənzətdim Grand Palace-i, dörd tərəfi binlarla əhatələnmiş boş meydan. Çoxu da qızılı rəngli naxışlarla bəzənmişdi, düzü, bilmədim həqiqi qızıl idi, yoxsa qızılı rəngdə idi.Siz Grand Palace ayaq basar-basmaz ətrafda saysız-hesabsız şokolad mağazaları görəcəksiniz. Məlumdur ki, Belçika şokoladları ilə məşhur ölkədi. Hər damaq zövqünə, hər qiymətə uyğun şokolad mövcuddur.
Təbii ki, waffle-ı da unutmayaq. Belçikanın milli şirniyyatı ( hansısa millətin milli mətbəxin elə yerindəcə orda dadmaqdan çox xoşlanıram deyə, bugünə kimi waffle yeməmişdim, Belçikada, öz vətənində dadmaq nəsib oldu ). Əla idi, bir sözlə. Səhv etmirəmsə, çiyələkli waffle alıb, 2 avro ödədim.Şokoladın vətəninə gəlib də şokolad almadan getmək olmazdı deyə, hər birimiz həm dadıb, həm də aldıq.Belçikanın çox sayda məşhur şokolad mağazaları var, misal üçün Pierre Marcolini, Godiva, Leonidas və Neuhaur -un adın çəkə bilərəm. Biz Leonidas-dan hədiyyəlik şokoladlarımızı aldıq.
Qiymətlər şokoladlara görə dəyişir, 250 qram şokoladın qiyməti 6-18 avro arasında dəyişir. Şokoladların tərkibində heçbir kimyəvi maddə olmadığından uzun müddət saxlamaq olmur. Hansısa dostunuza və ya ailənizə buradan hədiyyə almaq istəyirsinizsə və yaxın müddətdə bu baş tutmayacaqsa, uzunmüddətli saxlaya biləcəyiniz şey kakaodur ki, bunu da hər dükandan əldə edə bilərsiniz. Təxminən 10-12 ay saxlaya bilərsiniz.Bazar günləri əsas küçələrdəki mağazalar bağlı olduğundan, turist kimi səyahət edirsinizsə, əvvəlcədən ya hədiyyələrinizi həftəiçi alın, ya da bazar günləri Grand Palace -dəki mağazalar açıq olduğundan hədiyyəlik şokoladlarınızı buradan əldə edin.
Balaca məkandı, amma olduqca da maraqlıdı. Təxminən 5 avro müqabilində bu muzeyə daxil olduq.İçəri girər-girməz ətrafda çoxlu sayda heykəllər görəcəksiniz, çoxu da qadın heykəlləridi. Digər heykəllərdən tək fərqi şokoladdan hazırlanmalarıdır.
Məşhur muzey olduğundan tusitlərin diqqətin çəkir. Biz getdiyimiz gün də çox sayda turist vardı.Muzey 3 mərtəbədən ibarət idi. Giriş hissədə bir neçə şokoladdan dadmanız mümkündür. Həmçinin şokolad çayına dadlı belçika peçenyələrin də batırıb yeyə bilərsiniz. Sonrakı hissədə isə siz şokoladların hazırlanması ilə tanış olursunuz. Çox yaraşıqlı bir belçikalı oğlan sizin gözünüzün qarşısında bir neçə növ şokolad hazırlayıb dadmanız üçün sizə də sonda təklif edəcək. Sonra yuxarı mərtəbə ilə tanış olacaqsınız. Burada şokoladdan hazırlanan işlər və şokoladın tarixi ilə bağlı çox şeylə rastlaşacaqsınız.
Çıxarkən kassadan xatirə olaraq belçika şokoladları almağı da unutmadıq.Növbəti yer Belçika deyərkən ağıla gələn ilk şeylərdən biri İşəyən Uşaq heykəlin ziyarət etmək oldu. HeykəlManneken Pis adlanır.
Rue e de l'etuve ilə Rue du Chene küçəsinin kəsişməsində yerləşir. Bu heykəl vaxtında beş dəfə oğurlandığından rekorda imza atıb. İşəyən uşaq heykəli barədə bir neçə əfsanə var :Əfsanəyə görə, balaca oğlan uşağı həmin küçədə yaşayan küpəgirən qarının qapısına işədiyi üçün qarı onu daşa çevirib.Digər bir əfsanəyə görə isə, oğlunu itirmiş ata gəlib onu həmin küçədə işəyən yerdə tapdığı üçün, sevincdən oğlunun adına həmin yerdə heykəlin qoyub.Hər nəysə. Getdik həmin heykəli görməyə. Bu işəyən uşağın nə qədər marağında olan adam varmış da, mən bilmirmişəm. Məhz bu heykəllə şəkil çəkdirə bilmək üçün insanlar böyük bir quyruq yaratmışdılar heykəl ətrafında. Sonunda sıra bizə də gəldi də, şəklimizi çəkdirə bildik.İncəsənət muzeyində də olduq. O qədər böyük idi ki, gəz-gəz bitirmək olmurdu. Rəsmlər, heykəllər, qab-qacaqlar və işəyən uşaq heykəlcikləri. Muzeyin bir hissəsi məhz işəyən uşaq heykəlciklərinə ayrılmışdı. Bu muzeydə siz müxtəlif xalqların işəyən uşaq heykəllərin görə bilərsiniz. Hətta, Azərbaycanın da vardı.
Həmçinin muzeyin bir hissəsində də müxtəlif ixtisasla məşğul olan işəyən uşaq heykəlcikləri də vardı.Axşama yaxın artıq aclıq hiss etməyə başladığımızdan Belçikanın əsas milli yeməyi qızardılmış Belçika kartofundan daddıq.
Mcdonalsın kartofları kimi görünsə də, dadı çox fərqliydi ( ən azından Mcdonalsdakından daha dadlı idi ).Qarnımız tox, kefimiz əla. Yollandıq qatar stansiyasına ki, Antverpenə gedək ( Antverpen və Ghentlə bağlı ayrı bir yazım olacaq ). Belçikanın son günü ilə bağlı yazım.Son gün ağır oldu. Stansiyada qalmışdıq. Bizimlə birgə olanlardan birinin pulu bitdiyi üçün, otelə getməkdən imtina etmişdi. Mən də Ghentdən gəlib onlara qoşulacaqdım ki, dostum icazə vermədi stansiyada gecələməyə. Brusseldəki dostuna zəng etdi və çox sağ olsunlar ki, onların sayəsində otelimizə gedə və pulumuz da bitdiyindən bankomatdan pul çıxara bildik.
Sabahsı gün Botanika bağına getdik.Payız olduğu üçün elə də gözəl deyildi, amma maraqlı idi. Heykəllərlə əhatə olunmuş bağa bənzəyirdi.Ətrafı dolanıb içəri girdik. Muzey varmış içəridə, amma pul azlığından o muzeyə girmədik. Pilləkanlar bizi geniş bir otağa apardı. Sərgi otağı.Təsadüfən, pulsuz bir sərgiyə rast gəlmişdik. 'Dancing Ashes' adlı sərgi. Yaxşı ki, yolumuz burdan düşdü, çünki çox əla rəsmlərə tamaşa etmək şansına sahib oldum. Bir tayfanın başına gətirilən zülümlərdən bəhs edirdi sərgi. Bəzi rəsmlər gülümsətdi, bəziləri kövrəltdi.Vaxtımız məhdud olduğundan cəld tərpənib musiqi alətləri muzeyinə doğru yollandıq. Yolda tarix muzeyinə də rast gəlib içərisinə göz gəzdirdik. Amma, tarix muzeyi heçbirimizin diqqətin çəkmir deyə, yolumuza davam edəsi olduq. Sonda çatmışdıq, musiqi alətləri muzeyində idik.
3 avroya bu gözəlliklə tanış olmaq şansı lap ləzzət etmişdi bizə. İçəriyə girmədən öncə, sizə qulaqlıq və pulta bənzəyən bir cihaz verilir. Muzeydə hər musiqi alətinin önündə qulaqlıq işarəsi vardı, siz həmin işarəyə yaxinlaşdıqda qulaqlıqdan həmin alətin səsi gəlir. Beləliklə, həmin alətin önündə yazılanlardan məlumat alırsınız, eyni zamanda da alətin səsini dinləyə bilirsiniz.Çox mərtəbəli bina idi, gördüyünüz və görə biləcəyiniz çox musiqi aləti vardı. Bizim də milli musiqi alətlərimiz bu muzeydə nümayiş etdirilir. Yalnız, çox təəssüf ki, ermənilərin düdüy dediyi alət erməni milli musiqi aləti kimi təqdim olunsa da, bizim zurnamız qafqaz milli musiqi aləti olaraq təqdim olunur.
Məyus olub yuxarı mərtəbəyə çıxdıq. Pianolar olan mərtəbə. Hər biri çox möhtəşəm idi.Ən yuxarı mətrəbədə isə musiqiyə aid çox sayda hədiyyəlik əşyalar satılırdı.Vaxtımızın çoxunu bu muzeydə keçirdikdən sonra otelə doğru (Albert otel, addambaşına 16 avro) tələsdik. Artıq qayıtmaq lazım idi. Metro ilə getdik. Ordan isə taksi götürəcəkdik. Yenə 15 avroya. Amma taksi bizim vaxtımızı aldı, xoşbəxtlikdən gecikmədən çata bildik. İlk dəfə idi ki, hansısa ölkədən qayıdanda bu qədər kövrək idim. Brussel haqqında çox şey demək olar, şans varkən gəlib görülməyə dəyər bir şəhərdi. Növbəti yazımda isə Antverpeni niyə sevmədiyimi və Ghentə niyə vurğun olduğumu anlatacam sizə.
Müəllif: Nura Dünyamalıyeva
Mənbə: axinherekati.org