Turizm şirkətləri müştəriləri necə aldadır? – FAKTLAR

Xəbərlər 8 Sentyabr 2015 00:00 1036
Turizm şirkətləri müştəriləri necə aldadır? – FAKTLAR

Bəzi turizm şirkətləri müştəriləri aldadır”. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AZTA) xaricə göndərmə komitəsinin sədri Ayxan Əlləzli bildirib. Belə ki, ölkədən gedən turistlər bir sıra hallarda çətinliklərlə üzləşir. Ayxan Əlləzli bu kimi halların qarşısının alınması üçün Mədəniyyət və Turizm Nazirliyi ilə müzakirə aparıldığını və təkliflərin hazırlandığını bildirib.

“İnter Travelclub” və “Justtur” dələduz şirkətlərdir”

AZTA nümayəndəsi bildirib ki, artıq turistlərin pullarının mənimsənilməsi ilə bağlı konkret dələduzluq halları da aşkarlanıb. Belə hallara yol verən 2 şirkət - “İnter Travelclub” və “Justtur” şirkətləri dələduz şirkətlər siyahısına salıb. Hər iki şirkətdən AZTA-ya dələduzluq halları ilə bağlı 50-60 şikayət daxil olub: “Müştəri şirkətdən hər hansı turu alır. Hava limanına gedəndə reysə buraxılmır. Və ya turist xaricdə gözlənilməz vəziyyətlə qarşılaşır. Sifariş edilən otelə müraciət edəndə yerin bron edilmədiyi üzə çıxır”. Müştərinin pulunu alan turizm şirkəti sonda ya təyyarə biletini almır, ya da sifariş edilən oteldə yerin bron olunmadığı üzə çıxır. Qeyd edək ki, belə hallara yol verdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziyasını dayandırıb. 

Və yaxud turizm şirkətində təcrübə qazanan işçi iş yerini tərk edəndən sonra bundan istifadə edərək dələduzluq edir. Bir turu alıb başqasına sataraq müştərinin pulunu mənimsəyir.

“Lisenziya verilərkən AZTA-nın rəyi də nəzərə alınmalıdır” Assosiasiya belə halların qarşısını almaq üçün yeni təkliflər irəli sürüb. Təkliflərə görə, əvvəla, assosiasiya müvafiq araşdırma apararaq xaricə turist göndərən «etibarlı» şirkətlərin siyahısını ictimaiyyətə təqdim edəcək. Bundan əlavə, AzTA təklif edir ki, Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə lisenziya verəndə assossasiyanın da rəyini nəzərə alsın. Məsələn, şirkətlərə lisenziya verilərkən bank qarantiyası tələb edilməlidir. A.Əlləzli deyir ki, bu addım dələduzluq halları aşkarlanarkən turistlərin yerləşdirilməsi və digər xərclərinin təmin edilməsində problemi həll edər: “AZTA-nın lisenziya veriləcək şirkətlə bağlı qərarı nəzərə alınmalıdır ki, bu kimi problemlər yaranmasın”.

“Səriştəsiz turizm işçiləri mübahisələrə səbəb olur”

Təkliflərdən biri də müştəri ilə turizm şirkətləri arasında mübahisələrin həll edilməsidir. A.Əlləzli bildirir ki, belə problemlər adətən, turizm şirkətinin işçilərinin səriştəsizliyindən üzə çıxır: “Məsələn, turizm şirkətinin işçisinin sənədləri düzgün göndərməməsi konsulluğun bir müştəriyə viza verməkdən imtina etməsinə səbəb olmuşdu.” AZTA problemi araşdırdı və müştərinin vizası təmin edildi. A.Əlləzli başqa bir mübahisənin Türkiyə şirkəti ilə bağlı olduğunu deyir: “Bundan əlavə, Türkiyədə turizm şirkətlərindən biri iflasa uğramışdı. Və buradakı şirkətlərə borclarını ödəmirdi. AZTA həmin şirkətlə əlaqə saxladı. Problemin həll edilməsi üçün sentybarın 20-də həmin şirkətin nümayəndələri ilə Bakıda görüş təşkil ediləcək”.

 fins.az 

OXŞAR XƏBƏRLƏR