“İraq Hava Yolları” aviaşirkəti sentyabrın 22-dən etibarən Bağdad-Bakı-Bağdad marşrutu üzrə ilk birbaşa aviareys həyata keçirəcək.
Seyyah.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə əsasən, bu barədə “İraq Hava Yolları” məlumat yayıb.
Bildirilir ki, ilk 4 reys üzrə biletlərin qiyməti 250 dollar civarında olacaq. İraqın nəqliyyat naziri Baqir əz-Zubeydinin tağşırığına əsasən “İraq Hava Yolları” sentyabrın 22-dən həftədə bir gün olmaqla, çərşənbə axşamı Bağdad-Bakı-Bağdad marşrutu üzrə uçuşlar reallaşdıracaq.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən “İraq Hava Yollarına” Bağdad-Bakı-Bağdad marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və slotlar (təyyarələrin havaya qalxması və yerə enməsi üçün ayrılan vaxt intervalı) təsdiq edilib.
Həmçinin qeyd olunub ki, “İraq Hava Yollarına” Nəcəf-Bakı-Nəcəf marşrutu üzrə uçuşların reallaşdırılması ilə bağlı da icazə verilib.