Oktyabrın 29-da Bakıda VI Avropa Film Festivalı keçiriləcək. Park Cinema kinoteatrlar şəbəkəsinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə birgə gerçəkləşdirdiyi festivala bu il 16 ölkənin qatılacağı gözlənilir. Festivalda Avropanın əksər ölkələrinin, eləcə də Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulur. Həmişə oldğu kimi, bu dəfə də Film Festivalı ölkəmizin mədəni həyatında böyük hadisə olacaq. Festivala hazırlıq prosesi və onun keçirilməsi barədə suallara Park Cinema Kinotetarlar Şəbəkəsinin direktoru Namiq Quliyev cavab verir.
- Namiq müəllim, bu festival Azərbaycan tamaşaçısına nə verəcək?
- Avropa Film Festivalı Avropa kinosundakı yeniliklərdən xəbərdar olmağa, yeni filmlərlə tanış olmağa vasitə olur, o zövqün formalaşdırılmasına kömək edir. Şükürlər olsun ki, son vaxtlar Azərbaycanda da kinoindustriyası dinamik şəkildə inkişaf etməyə başlayıb, yeni filmlər çəkilir, yerli tamaşaçı azərbaycanlı rejissor və aktyorları özü üçün kəşf edir, onları tanıyır. Buna görə də, əgər bir neçə il əvvəl Festival sadəcə Avropa filmləri ilə tanış olmaq imkanı idisə, hazırda ölkə kinosundakı inkişaf nəticəsində bu festival həm də təcrübə mübadiləsi meydanıdır. Bu dəfəki Film Festivalı da respublikamızın mədəni həyatında mühüm hadisə olacaq.
- Festivala hazırlıq necə gedir? Yəqin əsas işlər tamamlanıb, eləmi?
- Bizim Flame Tower-də yerləşən ofisimizdə bir neçə gün əvvəl Avropa İttifaqının siyasət, iqtisadiyyat, mətbuat və informasiya məsələləri üzrə şöbəsinin müdiri Toralf Pils ilə VI Avropa Film Festivalının hazırlıq işlərinə həsr olunmuş görüşümüz keçirilib. Görüşün nəticəsi olaraq VI Avropa Film Festivalının açılış mərasiminin oktyabrın 29-da keçirilməsinə dair razılıq əldə olunub. Hazırlıq işləri qrafikə uyun gedir.
- Festivalda hansı ölkələrin iştirakı gözlənilir?
- Hələlik 16 ölkə ilə razılıq əldə olunub – Festivalın proqramına Almaniya, Finlyandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanda və eləcə də Azərbaycanda istehsal olunmuş filmlərin salınması planlaşdırılıb. Tamaşaçılara həm komediya, dram, fantastika, macəra janrlarında bədii filmlər, həm də animasiya və sənədli filmlər təqdim olunacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, danışıqlar hələ davam edir və istisna deyil ki, həm iştirakçı siyahısı, həm də Festivalın proqramı dəyişə bilər.
- Festival çərçivəsində hansı Azərbaycan filminin nümayişi nəzərdə tutulub?
- 2015-ci il çoxlu sayda Azərbaycan filmləri ilə bizi sözün yaxşı mənasında təəccübləndirdi. Bəzi filmləri tamaşaçılar çox bəyəndilər, yaxşı kassa toplayan filmlər oldu. Tamaşaçı simpatiyası və gəlirin əldə olunması çoxlu sayda filmlərin çəkilməsini şərtləndirdi. Mənə məlumdur ki, hazırda bir neçə bədii film çəkilir, onlardan bəzilərinin çəkilişləri yekunlaşmaq üzrədir. Buna görə də Festivalın proqramına hansı filmin daxil olcağını söyləmək hələlik çətindir. Festival çərçivəsində nümayiş etdiriləcək filmin oktyabrın ilk günlərində müəyyənləşəcəyi gözlənilir.
- Çoxlu sayda filmlərin çəkilməsi, sizcə yaxşıdır, yoxsa pis? Axı bəzi yerli filmlər xüsusi uğurları ilə öyünə bilmədilər.
- Kino incəsənətin bir növüdür, özü insanların ürəyinə yol tapmalıdır. Güclə onu kiməsə bəyəndirə bilməzsən. Əgər film tamaşaçıların xoşuna gəlirsə, deməli o prokatda daha uzun müddət qalacaq və daha çox qazanacaq, yox, əgər tamaşaçı filmi bəyənməyibsə onda vəziyyət tam əks olacağıq. Bunu bazar tənzimləyir. Çəkilən filmlərin sayının çox olmasına gəlincə, deyə bilərəm ki, bu istənilən halda yaxşıdır. Ona görə ki, uğursuz təcrübə özü də bir təcrübədir – o öz səhvlərin üzərində öyrənməyə, təkmilləşməyə imkan verir.
- Əvvəlki festivallar “Park Cinema” kinoteatrlar şəbəkəsinin Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən zallarında keçirilmişdi. Lakin sonuncu festivalın keçirilməsindən sonra Sizin rəhbəri olduğunuz şəbəkənin yeni zalları, o cümlədən Flame Tower –də İMAX zalı istifadəyə verilib. Bu il Festival Flame Tower-də keçiriləcək?
- Siz tamamilə doğru qeyd etdiniz ki, son il ərzində Park Cinema Zaqulba və Park Cinema Flame Tower fəaliyyətə başlayıb və bizim kinoteatrlarda yerlərin sayı 4 minə çatıb. Buna görə də biz bu il Festival çərçivəsində filmləri Park Bulvar-da yerləşən zallarımızla yanaşı Metropark və Flame Tower –də yerləşən zallarımızda da nümayiş etdirməyi düşünürük. Bu festival çərçivəsində nümayiş olunacaq filmləri izləmək istəyənlərin sıralarını genişləndirməyə imkan yaradacaq. Qeyd edim ki, ötən il Festivalı 6000-dən artıq tamaşaçı izləmişdi. Bütün arzu edənlər üçün giriş pulsuzdur. Biz hamıya şad olarıq, çünki səmimi olaraq inanırıq ki, bu xalqlarımız arasındakı əlaqələri möhkmləndirməklə yanaşı, Azərbycan kinosunun inkişafına da əlavə impuls verəcək.
Qısa arayış:
Azərbaycanda ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 2010-cu il oktyabrın 16-da fəaliyyətə başlayıb. Hazırda şəbəkənin beş kinoteatrı mövcuddur.
Bu 13 zal və 2200-dən artıq yeri olan Park Bulvar, Metropark və Amburan-da fəaliyyət göstərən kinoteatrlar, eləcə də 2015-ci ildə istifadəyə verilmiş 4 zalı və 600 tamaşaçı tutumu olan Park Cinema Zaqulba və 1000 nəfər tamaşaçı tutumu olan 3D formatlı 6 zalı olan Park Cinema Flame Tower-dir.
Park Cinema Flame Tower-dəki zallardan biri İMAX texnologiyası ilə təchiz olunub və Zaqafqaziya bölgəsində bu formatda olan ilk zaldır. Park Cinema kinoteatrlar şəbəkəsinin bütün kinoteatrlarında ən qabaqcıl texnologiyalar tətbiq olunur, kinoproyeksiya sahəsində dünyanın aparıcı brendlərinin avadanlığı quraşdırılıb