“Azərbaycanda bütün turizm növü o cümlədən ov turizmi inkişaf etməlidir. Bunun cəmiyyətə də mənfi təsirini görmürəm”. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Nazir bildirib ki, bunların hər biri qanunlar çərçivəsində olmalıdır: “Ova lisenziya verilir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən icazələr verilir. Bu icazələrin sayı, yerlərin müəyyənləşdirilməsi ilə bağlı bu fəaliyyət öz qaydası ilə davam etməlidir. Bu proses bütün dünyada mövcuddur. Hesab edirəm ki, hansısa imkanlı adamlar Azərbaycana gəlirlər vəsaiti burada xərcləyir. Bu vəsait də insanların və cəmiyyətin dövriyyəsinə daxil olur. Əslində buna sevinməliyik. Bəzən bizə şikayət edirlər ki, “Azərbaycana niyə turist az gəlir?”. Turistlər ölkəmizə gəlməli, yaşamalı və vəsaitlərini də burada xərcləməlidirlər. Bunlar da Azərbaycanın maliyyə dövriyyəsinə vəsait gətirməlidir. İnsanlar gəlib müxtəlif turizm növləri ilə məşğuldurlarsa bunları ancaq alqışlamaq lazımdır. Onu da deyim ki, bunların hər biri lisenziya əsasında, qanunvericilik çərçivəsində, təbiətə xələl gətirməmək, Azərbaycan mədəniyyətinə, onun tarixi abidələrinə zərər vurmamaq şərti ilə həyata keçirilməlidir. Bu normal bir təcrübədir və gələcəkdə də bu cür faktlarla rastlaşacağıq”.