Macarıstanın "WizzAir" aviaşirkəti gələn ilin mart ayından Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə aviareysləri bərpa edəcək. Seyyah.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı müqavilə oktyabrın 28-də imzalanacaq. Bu məqsədlə "WizzAir" rəsmiləri gələn həftə Bakıya səfər edəcək.
Arif Məmmədov qeyd edib ki, macar aviaşirkətinə Budapeştə uçuşları Qəbələdən yerinə yetirmək təklif olunsa da, onlar bunu qəbul etməyib və Bakıdan uçmaqda israr edib. Son nəticədə AZAL "WizzAir"lə razılaşıb. Ümumiyyətlə isə, onun sözlərinə görə, macarların təkliflərinin 99%-i nəzərə alınıb.