Bir sıra ölkələr ehtiyat təhlükəsizlik tədbirləri çərçivəsində Misirin məşhur turizm məkanı olan Şarm-əl-Şeyx şəhərinə bütün hava reyslərini bir müddətə də olsa, təxirə salıblar. Buna səbəb Şarm-əl-Şeyxdən Sankt-Peterburq şəhərinə uçan "Airbus A 321" təyyarəsinin şənbə günü, oktyabrın 31-də qəzaya uğramasıdır. Sinay yarımadasında yerə düşən avialaynerdəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.
Bəzi mənbələr təyyarənin texniki səbəbdən qəzaya uğradığını, digərləri isə terror aktı nəticəsində, daha konkret isə İŞİD terror təşkilatı tərəfindən vurulduğunu və ya partladıldığını iddia edirlər.
Qeyd edək ki, Şarm-əl-Şeyx Azərbaycan vətəndaşlarının ən çox üz tutduqları turizm məkanlarından biridir. Ona görə də, Azərbaycandan bu istiqamətdə hərəkət edən təyyarələrin də marşrutlarında hər hansı dəyişikliyin olub-olmayacağı maraq doğurur.
Bununla bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) prezidenitinin İctimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, şirkət, ümumiyyətlə, həmin istiqamətdə uçuşlar həyata keçirmir: "Bizim, ümumiyyətlə, Misir və Sinay yarımadası üzərindən uçan təyyarələrimiz yoxdur. Gələcəkdə planlar barədə dəqiq bir şey deyə bilmərəm, amma hazırda AZAL bu istiqamətdə uçuşlar həyata keçirmir. Azərbaycandan Misirə hər hansı birbaşa təyyarə reysi yoxdur".
Azərbaycan Turizm Assosiasiyasının (ATA) baş katibi Müzəffər Ağakərimov isə Milli.Az-a bildirib ki, Azərbaycandan Şarm-əl-Şeyxə üz tutan turistlər, əsasən, Türkiyədə İstanbul və BƏƏ-də Dubay üzərindən gedirlər.
Amma ATA-nın baş katibi bu hadisədən sonra Misirə gedənlərin sayının çox olacağına inanmır: "Çünki hər bir hadisə insanların psixologiyasına təsir edir. Ona görə də düşünürəm ki, çətin ki, bu məsələdən sonra Şarm-əl-Şeyxə gedənlər olsun. Olsa da, çox az olacaq. Ola bilər ki, bu hadisə, eləcə də hazırda müşahidə olunan qlobal iqtisadi böhran Azərbaycandan ora gedən turistlərin sayına təsir etsin. Həm də indi ölkəmizin özündə daxili turizmə çox diqqət yetirildiyindən, eləcə də daxildəki sabitlik, xidmətlərin səviyyəsinin qalxması və qiymətlərin aşağı düşməsi Azərbaycanın özündə turizmin inkişafına böyük zəmin yaradır. Ona görə də bu il qış mövsümündə daxili turizmdə daha çox canlanmanın olacağı gözlənilir".
Xatırladaq ki, Rusiyaya məxsus "Airbus A 321" təyyarəsi şənbə günü, oktyabrın 31-də Moskva vaxtı ilə 06.51-də Şarm-əl-Şeyxdəki hava limanından səmaya qalxıb. Az sonra təyyarə radarlardan itib və 07:14-də təyyarə Kiprin Larnaka şəhərindəki dispetçerlərlə əlaqəyə çıxmayıb.
ABŞ-ın hərbi peyki Rusiyanın sərnişin təyyarəsinin keçən həftənin sonu Sinay yarımadası üzərində qəzası zamanı partlayış qeydə alıb, lakin qəzanın səbəbi hələ də qeyri-müəyyən olaraq qalır. Lakin amerikalı kəşfiyyat ekspertlərinin fikrincə, Rusiyanın "Metrojet" ("Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A 321" təyyarəsinin Misirin Sinay yarımadasında qəzaya uğramasının səbəbi bomba partlayışıdır.
İŞİD terror təşkilatının Sinay yarımadasındakı bölməsi olan "Vilayət Sinay" qruplaşması isə "Koqalımavia" aviaşirkətinə məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib.
Misir prezidenti Əbdül Fəttah əl-Sissi İŞİD terrorçularının Rusiya təyyarəsini vurub saldığına dair iddilarını rədd edərək bunu, sadəcə, İŞİD-in təbliğatına yönəlmiş addım hesab etdiyini deyib.
Əl-Sissi BBC-yə müsahibəsində qeyd edib ki, bu təbliğatın məqsədi Misirdə sabitlik və təhlükəsizliyə xələl gətirməkdən ibarətdir. "Mənə inanın, Sinay, xüsusilə də o məhdud ərazi tam nəzarət altındadır", - deyə o bildirib.
Milli.Az