Türkiyənin məşhur “Rixos” hotellər qrupuna məxsus olan oteldə, ümumilikdə 162 otaq və 3 villa var. İstirahətə müalicə üçün gedirsinizsə, istirahət mərkəzində azı 14-21 gün qalmalısınız.
Ümumiyyətlə, Naftalandakı hotelləri digərlərindən fərqləndirən əsas cəhət turistlərin bura sırf müalicə, yəni neft vannası qəbul etmək üçün gəlməsidir. “Naftalan Hotel by Rixos” hotelində 32 nəfər eyni vaxtda neft vannası qəbul edə bilər. Qonaqlar əvvəlcə həkimlər tərəfindən müayinə olunur, onların narahatlıqları və xəstəliklərinə əsasən diaqnoz qoyulur və müalicə başlanılır. Hoteldə müalicə neft vannaları qəbul etməklə aparılır. Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün çox effektli vasitədir. Effekt əldə etmək üçün neft vannası minimum 14 gün qəbul olunmalıdır. Hotelin baş həkimi Şahin Babayevin sözlərinə görə, müalicə zamanı dərmanlardan mümkün olduğu qədər az istifadə olunur.
Ş. Babayev deyir ki, neft vannasını qışda qəbul etmək daha effektlidir - ona görə də müalicəyə qışda gələrlər: «Neft vannasını qəbul etdikdən sonra isti yerdə dincəlmək lazımdır, yayda isə bu mümkün olmur, hər kəs sərin yerdə dincəlir». Buna baxmayaraq, yerli turistlər neft vannası qəbul etməyə əsasən yay aylarında gəlirlər, xaricilər isə qış aylarında gəlməyi daha üstün tuturlar. Yeri gəlmişkən, otelin qonaqlarının 20-25%-i xaricilərdir, qalanları yerlilərdir.
Hoteldə qiymətlər mövsümdən asılı olaraq dəyişir. Qış aylarında endirimli qiymətlər başlayır. Qışda bir nəfərlik klassik otağın gecəsi 75 manat, iki nəfərlik klassik otaq 105 manatdırsa, mart-aprel və oktyabr noyabr aylarında bu qiymətlər 85-110 manat, may-iyun aylarında 92-130 manat, iyul-avqust-sentyabr aylarında isə 110-140 manat arasında dəyişir. Daha lyuks otaqda qalmaq istəsəniz, tək və cüt qonaq nəzərə alınmaqla qiyməti 100 manatdan 189 manata qədər dəyişən “Superior” otaqlar da ixtiyarınıza verilə bilər.
“Naftalan Hotel by Rixos” hotelində gecəsi 1000 manatdan yuxarı otaqlar da var. Qiyməti 1000-1250 manat arasında dəyişən “King Suite”lərin də öz müştəriləri var. Bu otaqlarda qalanlar üçün əlavə xidmətlər var. Belə ki, otağı götürən qonağa ayrıca bir nəfər xidmətçi də verilir.
Otaqda sürücü və ya mühafizəçi üçün ayrılmış otaq, uşaq otağı, yataq otağına açılan sauna, əlavə duş kabinəsi və masaj otağı, mətbəx də var. Qeyd edək ki, bu bölmədə hamam və yataq otağındakı bir çox əşyalar qızıl tozu ilə hazırlanıb.
Həmçinin müxtəlif içkilərlə doldurulmuş bar da xidmətə daxildir.
Qiyməti 1 150 manatdan 1 350 manat arasında dəyişən qiymətlərlə təqdim olunan villalar da büdcəsi uyğun olanlar üçün hazır vəziyyətdə gözləyir.
Burada qonaqlara bir neçə nəfər xidmətçi xidmət göstərir. Bu qiymətlərə oteldə yaşayış, gündə 3 dəfə qidalanma, «chek-up» yoxlama və bütün müalicələr (vanna və fizoterapiya da daxil olmaqla) aiddir. Gündə 3 dəfə yeməklə təmin olunan qonaqlar həm pəhriz, həm də adi yeməklərlə təmin edilir.
Naftalanda bu oteldə yox, başqa yerlərdə yaşayanlar da “Naftalan Hotel by Rixos”da müalicə ala bilərlər. Belə olan halda ilk dəfə keçirilən ümumi yoxlanış - «chek-up» üçün 90 manat, hər dəfə neft vannası üçün 8-12 manat ödəməlisiniz. Vanna sonrası fizioterapiyaların hər dəfəsi üçün isə 5-8 manat xərciniz çıxacaq.
Xatırladaq ki, 7-8 noyabr tarixlərində, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal turizminə Dəstək Assosasiyasının və “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzinə infotur təşkil edilib.