Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri, BMT(UNWTO) yanında Ümumdünya Turizm Təşkilatının Avropa üzrə vitse-prezidenti Nahid Bağırov söyləyib.
“Bizim vətəndaşların istirahət üçün tez-tez qonşu ölkələrə, xüsusən də Gürcüstana getməsi normal haldır, bu heç də ölkə daxilində turizmin iflasa uğraması demək deyil. Hər bir insan müxtəliflik, yeni təəssüratlar və emosiyalar əldə etmək istəyir, biz yalnız öz rayonlarımızda istirahət etməli deyilik”,- deyən N. Bağırov əlavə edib ki, Azərbaycandakı otellər bu səbəbdən heç də boş qalmır.
Onun sözlərinə görə, əgər adamın Avropaya getmək imkanı yoxdursa, o əlbəttə Gürcüstana üz tutacaq və bu çox normaldır.
“Gürcüstan mənim də xoşuma gəlir. Birincisi yaxındır, maşınla mənzərəni seyr edərək da getmək mümkündür və bizim vətəndaşlar çox vaxt belə edirlər. Maraqlı mətbəxi var , həm də ucuzdur. Onlar da bizim kimi qonaqpərvər xalqdır və bu da mühüm amildir”,- deyə AzTA sədri bildirib.
Bahalı beş ulduzlu otellərdə qiymət məsələsindən danışarkən N.Bağırov bildirib ki, bu məsələdə Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizim beş ulduzlu otellərdə qiymət 30-40% ucuzdur. Gürcüstanda iki və üç ulduzlu otellər, ucuz mehmanxana və hostelllər çoxdur, həmçinin ucuz qiymətə mənzil kirayə götürmək olar. Təəssüf ki, bizdə belə geniş seçim imkanı yoxdur”,- deyə o bildirib.
N.Bağırov qeyd edib ki, əvvəllər ancaq nüfuzlu və bahalı otellərin açılışına diqqət yetirilirdisə, indi vəziyyət dəyişib. “ İndi başa düşürlər ki, bahalı otellər rentabelli deyil və bu təmtərağa gərək yoxdur. Böhran şərasitində insanlar başqa cür düşünməyə başlayıblar”,- deyə AzTA sədri əlavə edib.
N.Bağırov MDB ölkələrindən gələn turistlər barədə danılşarkən qeyd edib ki, Rusiya və Ukraynadan gələn turistlərin sayı artıb. “ MDB ölkələrindən Bakıya gəlmək istəyən turistlərin sayı artıb”,- deyə N.Bağırov söyləyib.
Onun sözlərinə görə, burda Azərbaycanın turizm potensialının yaxşı təbliğ edilməsi, ölkədə dünya miqyaslı böyük tədbirlərin keçirilməsi də rol oynayıb.
“Avropa ölkələrinin diqqət yetirmədikləri nüansları MDB ölkələri görüb və qiymətləndiriblər,Azərbaycan öz sözünü deyib, artıq bizi neft dövləti kimi deyil, turizmə yönəlmiş ölkə kimi qəbul edirlər. Ölkəyə gələn hər turist artxasınca 100 potensial turistin gəlməsinə yol açır. O öz səfəri barəsində yaxınlarına , dostlarına , qohumlarına danışacaq, onlar da bir başqalarına. Beləliklə ölkə bir növ reklam olunacaq”,- deyə mütəxəssis əlavə edib.
Mənbə: İnterfaks-Azərbaycan