Devalvasiya turizm şirkətlərinin «belini qırıb»

Xəbərlər 30 Dekabr 2015 00:00 1660
Devalvasiya turizm şirkətlərinin «belini qırıb»
Dekabrın 21-də milli valyutamız ilin əvvəli ilə müqayisədə 2 dəfə dəyərini itirib. Mərkəzi Bankın bu qərarı öz növbəsində bütün sahələrə təsirini göstərib. İstər ərzaq məhsulları, istər dərman preparatları, istərsə də geyim mağazalarında qiymətlər bahalaşmağa başlayıb. Turizm şirkətləri də xarici ölkələrə təşkil etdikləri tur paketlərin qiymətini məzənnəyə uyğun dəyişməyə başlayıb. Aviabiletlərin qiyməti əvvəlki ilə müqayisədə kəskin şəkildə bahalaşdı. Bu xəbər isə bir çox səyahətsevərlərin planlarını dəyişməyə vadar etdi. Bəs bahalaşan təyyarə biletləri ilə necə səyahət etməli? Təyyarə biletlərinin qalxması onsuz da "sönük" vəziyyətdə olan turizmimizə necə təsir göstərəcək?
 
"Azərbaycandan xaricə - Avropaya və digər ölkələrə istirahət üçün gedən turistlərin sayı azalıb"
 
"Azərbaycanda üzən məzənnə siyasətinin həyata keçirilməsi daxili turizm üzrə deyil, yalnız getmə turizm üzrə turizm xidmətlərinin qiymətlərinin bahalaşmasına səbəb olacaq. Bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Onun sözlərinə görə, getmə turizmlə məşğul olan turizm şirkətləri xarici şirkətlərlə müqavilələri avro və ya dollarla hesablaşmalar əsasında bağlayırlar. Buna görə də manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi getmə turizm üzrə də tur paketlərin qiymətlərinin artmasına səbəb olacaq. Qiymətlərin nə qədər bahalaşa biləcəyinə gəldikdə, M.Ağakərimov deyib ki, bu, turizm şirkətlərinin xarici şirkətlərlə bağladığı müqavilədən asılı olacaq: "Turizm şirkətləri bunu hələ dəqiqləşdirəcəklər. Bu, turizm şirkətlərinin xarici turizm şirkətləri ilə apardığı hesablaşmalar zamanı bilinəcək". 
M.Ağakərimov qeyd edib ki, turizm şirkətləri qiymətlərin bahalaşmasına görə artıq paket alan müştərilərindən əlavə pul almamalıdırlar. Belə hal olarsa, turistlərin hüquqlarının pozulduğunu deyən M.Ağakərimov qeyd edib ki, bu cür halların baş verməməsi üçün turist turizm şirkətləri ilə müqavilə bağlamalıdır. Turistlərə ölkə daxilində istirahət etməyi məsləhət görən M.Ağakərimov əlavə edib ki, hazırda Azərbaycandan xaricə - Avropaya və digər ölkələrə istirahət üçün gedən turistlərin sayı azalıb.
 
Tur paketlərin qiyməti…
 
Mövzu ilə bağlı turizm şirkətləri arasında keçirilən mini-sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar mövcud vəziyyətlə əlaqədar olaraq həm turların, həm də aviabiletlərin qiymətini artırıb. Sorğu aparan "Report"a bildirilib ki, şirkətlərdə artıq bron edilən turpaket və biletlərdən imtina halları da müşahidə olunur.
 
"OK Tours" şirkətindən bildirilib ki, bilet və turpaketlər artıq cari valyuta məzənnələrinə uyğun olaraq yeni qiymətlə satılır: "Təbii ki, turları və biletləri dollarla sifariş etdiyimiz üçün dünənə qədər 1,05 AZN/USD məzənnəsi ilə satırdıq. Bu gündən isə hesablaşmalar artıq 1,55 AZN/USD məzənnəsi ilə aparılır. Bütün turizm şirkətlərində qiymətlər bu cür tənzimlənir. Valyutanın bahalaşması ödənişi tam həyata keçirən müştərilərə aid deyil. Ödənişin yarısını edən müştərilər isə pulun qalan hissəsini artıq yeni məzənnə ilə etməlidir. Artıq 11 nəfər bu turpaketlərdən imtina edib".
"7 Days" turizm şirkəti də bu gündən satışı yeni qiymətlə aparır: "AZAL satışı necə həyata keçirirsə, bizdə də həmin qaydalar tətbiq edilir. Dünənə qədər 50% ödənişlə satılan bir turpaketdən müştəri bu gün dolların bahalaşması səbəbindən imtina edib. Bileti bron edən zaman müştəriyə xəbərdarlıq edirik ki, məzənnə tez-tez dəyişir və bu gün sifarişlə, məsələn, 300 manata aldığı biletin qiyməti digər 50%-i ödəyənə qədər dəyişə bilər. Əslində, burada heç bir təəccüblü hal yoxdur, çünki bundan əvvəl də bütün xarici tur və biletlərin qiyməti dollar və avro ilə tənzimlənib".
 
"Regea Travel" şirkəti isə qiymətlərin yeni məzənnə ilə tənzimlənməsi üçün müvəqqəti olaraq xarici turpaketlərin satışını dayandırıb: "Dünən şirkətimiz iki bilet satıb və bunun qiyməti köhnə məzənnə ilə hesablanıb. Əvvəlcədən ödəniş edənlər yox, amma bron edən müştərilərdən iki nəfər bu gün turpaketdən imtina edib. Brondan imtina edənlərin cərimə faizləri çıxıldıqdan sonra ödənişin qalan hissəsi geri ödəniləcək".
Turizm eksperti Ülvi Həsənli açıqlamasında bildirdi ki, birinci devalvasiyadan sonra turizm şirkətlərində geriləmələr baş vermişdi, əhəmiyyətli sayda şirkət isə fəaliyyətini dayandırmışdı. "İkinci devalvasiya şirkətlərə yenidən ziyan vurdu. Manatla satdıqları turpaketlərin xərclərini dollar, yaxud avro ilə ödəyirlər. Bu qərar da anidən oldu və bir çox turagentlik və operatorlar ciddi ziyan gördülər. Devalvasiya otellərin, yerli xidmətlərin və xarici turpaketlərin də qiymətlərinə ciddi təsir edir. Qiymətlər bahalaşır və istirahət üçün xaricə gedənlərin sayı azalacaq. AZAL da qiymətləri artırdı, beynəlxalq dəmiryolu tarifləri qaldırıldı. Turpaketlərin qiymətlərində ən böyük xərc nəqliyyat xərcidi".
 
Ü.Həsənlinin fikrincə, hökumət turizm fəaliyyəti ilə bağlı lisenziyaları ləğv etdi. Bu addım çoxdan atılmalı idi: "Bu artıq gecikmiş addımdır. Çünki o xərclər beş ildə bir dəfə olan xərclərdi. Yəni cari dövr üçün güzəşt hesab oluna bilməz. Bu sahədə ciddi bir dəyişiklik etmək üçün birinci növbədə təyyarə biletlərinin qiymətini aşağı salmaq və ucuz uçuşlar təşkil edən, aşağı klas aviaşirkətləri ölkəyə buraxmaq lazımdır. AZAL və hökumət illərdi bu məsələdə dirəniş göstərirlər, o şirkətləri ölkəyə buraxmaq istəmirlər. Gəlmə turizmdən isə nəsə gözləmək sadəlövhlükdür. Çünki həm ölkədə qiymətlər bahadı, həm viza maneələri var. Eyni zamanda nəqliyyat xərcləri yüksəkdir və s.."
"Səyahəti sevənlər üçün həmişə alternativlər var"
 
Səyahətçi, blogger Gülər Mehdizadə açıqlamasında bildirdi ki, devalvasiyadan sonra AZAL biletləri bahalaşdırdı: "Xəbəri oxuyanda bir xeyli güldüm. Onsuz da AZAL-ın biletləri ucuz deyildi. İndi lap çıxdı kəllə-çarxa. Bundan artıq hansı bahalıq qorxudacaq bizi? Düzdür, eşitdiyimə görə dəmiryolu, avtobus qiymətləri də bahalaşıb. Bu cüzidir. Tutaq ki, əvvəl Bakı-Tiflis avtobusu 12,5  manat idi. İndi olsun 15 manat. Və yaxud Bakı-Tiflis qatarının kupe qiyməti 26 manat idi, olsun 30. Bu kəskin fərq deyil. Ancaq AZAL-ın qiymətləri bahalaşdırması gülüncdür. Çünki əvvəl də ucuz bileti yox idi. Düzdür, başqa ölkə aviaşirkətlərinin də Bakı uçuşları ucuz deyil. Bunun da səbəbi bəllidir. AZAL onlara imkan vermir ucuz reyslər açmağa və yaxud tez-tez endirim kampaniyaları etməyə. Macarıstanın Hava Yolları Wizzair-in başına gələnləri hələ unutmamışıq. Odur ki, məcbur deyiliksə AZAL və Bakı uçuşlarından istifadə etməyək". 
 
G.Mehdizadə ucuz və sərfəli variant kimi Tiflisdən uçmağı məsləhət görür. Bakı uçuşlarından ən azı ikiqat ucuzdur: "Tiflisə getmək də baha başa gəlmir (12-13 manat). Vaxtı və həvəsi olanlara daha bir alternativ Gürcüstanın Kutaisi şəhərindən Wizzair-in təşkil etdiyi reyslərdi. Şirkət burdan 5 istiqamətdə - Budapeşt, Katovice, Kiyev, Varşava, Vilnüsə uçuşlar gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat). Məsələn, AZAL-ın 19-26 yanvar Bakı-Budapeşt-Bakı reysinin qiyməti 1130 (devalvasiyadan sonra) manatadır. Ancaq WizzAir-in həmin tarixlərdə həyata keçirdiyi Kutaisi-Budapeşt-Kutaisi reysinin qiyməti 50 avrodur. Təxminən 20 dəfə ucuz. Bakıdan Kutaisiyə getmək isə cəmi 17,5 manat edir. Səyahəti sevənlərə demək istəyirəm ki, AZAL-ın baha uçuşları, qiymət artımları sizi qorxutmasın. Onsuz da heç vaxt ucuz uçuş həyata keçirməyib. Devalvasiyadan sonra 100 aşağı, 100 yuxarı olub. Əmin olun ki, əvvəl də ucuz deyildi. Ruhdan düşməyə dəyməz. Səyahəti sevənlər üçün həmişə alternativlər var".
"Devalvasiya xaricdən Azərbaycana gələcək turistlərə o qədər də təsir etməyəcək"
 
Niderlandda yaşayan həmvətənlimiz Vüqar Abbasov əvvəllər Azərbaycanda turizm fəaliyyəti ilə məşğul olub. O, hazırda Azərbaycan və Niderland Jurnalistlər Birliyinin üzvüdür. V.Abbasov  "Bizim Yol"a açıqlamasında bildirdi ki, ixtisasca iqtisadçı olmasa da, devalvasiya gözlənilən idi. "Devalvasiya xaricdən Azərbaycana gələcək turistlər üçün bir o qədər də təsir etməyəcək. Ona görə ki, ölkəmizə gələn turistlər otellərin qiymətini xarici valyuta ilə ödəyirlər.  Maraq üçün internet vasitəsilə Niderlanddan Azərbaycana uçuş qiymətlərinə baxdım, elə bir dəyişiklik yoxdur. Biz əmək haqqımızı avro ilə alır və ödənişi də avro ilə edirik. Turistlər  Azərbaycana gəldikdə isə xarici valyutanı yerli valyutaya çevirirlər və bu mənada devalvasiya turistin cibinə təsir etmir, etsə də çox az edər. Ancaq Azərbaycanda yaşayan, əmək haqqını manatla alan vətəndaşlarımız  haqqında bunu demək olmaz. Devalvasiyadan öncə, deyək  ki, 1000 manat əmək haqqı alan birinin pulunun dəyəri qiymətli idisə,  devalvasiyadan sonra artıq həmən qiymətdə olmur və bahalaşmış bazarın fonunda onun alıcılıq qabiliyyəti də azalır. Bu, əlbəttə ki, daxili turizmə də təsirsiz ötüşməyəcək; otellərin qiyməti manatla bahalanır, xidmət sahələri qiymətləri artırır, daxili nəqliyyat qiymətləri artır və.s. Bütün bunları önləmək üçün isə insanların əmək haqları da paralel olaraq qalxmalıdır ki, bu da yenə də iqtisadiyyatın düzgün qurulması ilə bağlıdır. İnflyasiya  olduqca əmək haqları da artmalıdır. Müqayisə üçün deyim ki, 2010 - cu ildə Niderlandda minimum əmək haqqı 1407 avro idisə, 2015-ci ildə bu rəqəm 1.524,60-a qədər qalxıb" - deyə Abbasov qeyd etdi.
 
Bizimyol.info

 

OXŞAR XƏBƏRLƏR