Artıq 2015-ci ili arxada qoyduq və bir neçə gündür ki, 2016-cı ilə qədəm qoymuşuq. Etiraf etmək lazımdır ki, hər birimiz üçün çox böyük bir sinaq ili olmasina baxmayaraq, ümumilikdə götürdükdə 2015-ci ili uğurlu il hesab etmək olar. Dünyada mövcud olan dərin iqtisadi böhranı nəzərə alsaq, belə qənaətə gəlmək mümkündür ki, dünyada neftin qiymətinin getdikcə aşağı düşməsi neft ixrac edən ölkələrdə qeyri-neft sektorunun inkişaf etdirilməsini zərurətə çevirir. Qeyri-neft sektorunda önəmli sahəni isə heç şübhəsiz ki, turizm tutur.
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının sədri Ruslan Quliyev də hesab edir ki, turizm çox həssas bir sahədir və qloballaşan dünyamızda baş verən hadisələr, siyasi və iqtisadi böhranlar, təbiət hadisələri, kataklizmlər, təhlükəli epidemiyalar, müharibələr, terror olayları bizim sənayemizə öz dərin təsirlərini buraxır: “Ancaq eyni zamanda qeyd etməliyəm ki, bu sahədə immunitet qabiliyyəti də güclüdür. İnanıram ki, əl-ələ verib bu sinaqlardan da üzü ağ çıxacağıq. Optimizm hisslərimizi qoruyaq. Suriya və İraqda baş verən hadisələr, Misir səmasında baş verən təyyarə qəzası, Fransada yaşanan terror olayları, Rusiya –Türkiyə münasibətlərinin gərginləşməsi dünya turizm bazarının ayrılmaz tərkib hissəsi olan Azərbaycan turizm bazarına da öz təsirini göstərdi və göstərməkdədir. Ancaq tarixə nəzər salsaq görərik ki, hər bir böhranın sonu yeni iqtisadi sıçrayışlarla müşahidə olunur. Böhran yeni imkanlar deməkdir”. Azərbaycan Sağlamliq və Termal Turizminə Dəstək Assosasiyasının sədrinin sözlərinə görə, neftin katostrafik ucuzlaşması fonunda qeyri-neft sektorunun tərəqqisi gözləniləndir: “Biz hökumətdən anti-böhran proqramının tətbiqini səbirsizliklə gözləyirik. İdxaldan asılılığı azaltmalı, daxili istehsal və daxili turizm xidmətlərinin şaxələndirilməsi ilə ölkəyə valyuta axınını təmin etməliyik”.
Azərbaycan Sağlamliq və Termal Turizminə Dəstək Assosasiyasının sədri bildirib ki, 2015-ci ilin 9 ayı ərzində xarici turizm xərcləmələri 1,931 milyard dollar təşkil edib. Ruslan Quliyevin sözlərinə görə, bu rəqəm 2014-cü ilin analoji dövrü ilə müqayisədə 2,34 milyard dollar olub:
“Ötən bir il ərzində qeydə alınan statistik göstəricilərə nəzər salsaq isə görərik ki, bu xərcləmələr 410 milyon dollar və ya 17,5 faiz azalıb. Azalmanın əsas səbəbi əlbəttə ki, fevralda baş verən devalivasiyadır. Manatın ucuzlaşması turizm xidmətlərinə xərclənən dolların da azalmasına səbəb olacaq. Artıq xarici ölkələrdə turizm xidmətlərinin manatla ifadəsi bahalaşıb. Buna görə də xarici ölkələrdə istirahətə gedənlərin sayında azalma müşahidə olunur. Ancaq tam əksinə olaraq, daxili turizm imkanlarından istifadə edənlərin sayında artım olacaq.
Ölkəyə gələn turistlər üçün də artıq Azərbaycan bazarını ucuz saymaq olar. ”Üzən məzənnəyə” keçid dollar alışını azaldacaq. Burada məqsəd dollarla xərclərin azaldılması, milli valyuta ilə gəlirlərin artırılmasıdır. Bu baxımdan qarşımızda tarixi bir missiya durur. Mütərəqqi qanunların qəbulu, turizm sənayesinə dəstək, subsidiya proqramlarının qəbulu qaçılmazdır. Buna görə də, vaxt itirmədən etməli olduğumuz ən vacib addımıar bunlardır. Birincisi, təşviqlər-subsidiyalar haqqında qanunun qəbulu, ölkənin turizm potensialını xarici ölkələrdə təbliğ edən bütün turizm təsisatlarına 30- 70 faizə qədər xərclədikləri vəsaitin geri qaytarılması. Bu fəaliyyətlər seminar, sərgi, reklam çarxları, təqdimatlar, reklam, çap və elektron məhsullarınin yayılması, eləcə də digər fəaliyyətlər ola bilər.
İkincisi, ölkəyə 7 gecə gecələmək şərti ilə turist gətirən təşkilatlara əgər bütün səyahət sənədlərinin surəti təqdim olunarsa, büdcədən turist başına 70 azn vəsaitin ödənilməsi. Məsələn, ölkəyə 1 milyon turist daxil olur, bu 7 milyon gecələmə deməkdir. Hər bir turist 1 həftədə 1000 azn-ə yaxın pul xərcləyirsə, büdcəmizdən 70 milyon vəsait çıxır. Ancaq əvəzində ölkəyə 1 milyard vəsait daxil olur.
Üçüncüsü, ölkəyə 7-14 gecə gecələmə şərti ilə turist gətirən turizm şirkətlərinə Azərbaycan Hava Yolları tərəfindən 50 faiz endirim təmin olunmalıdır.
Dördüncü, gəlmə turizmi və daxili turizm əməliyyatlarına 18 faiz Əlavə Dəyər Vergisi ləğv olunmalıdır. Ən pis halda differensial vergi sistemi tətbiq olunmalıdır.
Beşincisi, 2, 3 ulduzlu və daha yüksək kateqoriyalı mehmanxana və sanatoriyaların , eləcə də əlavə xidmət sahələri obyektlərinin (ictimai iaşə, əyləncə və s.) tikilməsi üçün 5 illik 1,5–2 faizlik kreditlərin ayrılmasına şərait yaratmaq. Belə layihələrdə dövlət infrastruktur layihələrində yardımçı ola bilər və ya banklara ortaqlıq təklif oluna bilər. Nəhayət, altıncı, xarici diplomatik nümayəndəliklərdə mədəniyyət və turizm tanıtım təmsilçiliklərinin yaradıması”. Ruslan Quliyev bildirib ki, tarix boyu Azərbaycan böyük sınaq və təhlükələrlə üz-üzə qalıb və "birlikdən güc doğar düşüncəsi " ilə həmrəylik nümayiş etdirərək buna da sinə gərəcəyik.
Olaylar