Novruz tətilini maraqlı keçirmək istəyənlər turizm agentliklərinin təklif etdiyi turpaketlərdən faydalana bilərlər. Bakıdakı turagentliklərin çoxu bayram günləri üçün həm ölkə xaricinə, həm də ölkə daxilinə paketlər hazırlayıblar. Turlar 2-6 gün davam edəcək.
Daxili turlar
“E&C Travel” şirkətindən bildirirlər ki, daxili turlar adətən iki gecəlik olur. Qax, Şəki, Qəbələ turu nəqliyyat, qalmaq və qidalanma daxil olmaqla 90 manatdır. Quba, Qusar, Şahdağ turu da hər şey daxil olmaqla 85 manatdır. Qalacağınız hotellər 4 ulduzludur.
“Turizm.az” da Novruz tətili üçün xüsusi turlar təklif edir. Qar əriməzsə, Şahdağ hotellərinə turlar olacaq, həmçinin istəyən kənd evlərində də qala bilər. Seçimlər də adətən bu istiqamətdə olur. Novruz ərəfəsində Ləzə-Şahdağ turu təklif olunur. Bir gecə iki günlük turda qonaqlar kənd evlərində qalacaqlar, hər şey daxil olan turun qiyməti 49 manatdır.
Həmçinin Xınalıq-Atəşgah turunda da kənd evlərində qalacaqsınız. Bu tur da bir gecə, iki günlükdür, qiyməti isə 80-90 manatdır.
Xarici turlar
“E&C Travel” Novruz tətili üçün 3 gecə 4 günlük İstanbul turu təklif edir. Bu turda başlanğıc nöqtə kimi 3 şəhər seçə bilərsiniz və seçiminiz qiymətdə əks olunacaq. Hər şey daxil olmaqla Tiflisdən yola çıxsanız, qiymət 211 avro olacaq. Turun tarixləri isə martın 19-dan 22-nə qədərdir. Başlanğıc nöqtən kimi Bakını seçsəniz, yenə eyni şərtlərlə 242 avroya turpaketə sahib ola bilərsiniz, turun tarixləri martın 18-dən 21-nə qədərdir. Gəncədən həyata keçirəcəyiniz uçuşla turpaket 209 avroya başa gələcək. Bu turun tarixi isə 19-23 martdır.
“Turizm.az” da Novruz tətili üçün fərqli istiqamətdə turlar təşkil edir. Bunlardan biri Budapeşt-Vyana-Bratislava turudur ki, onun da qiyməti 590 avrodur. Uçuş Gürcüstanın Kutaisi şəhərindən gerçəkləşdirilir, qonaqlar Bakıdan Tiflisə avtobusla aparılacaq, bir günlük Tiflis turundan sonra Kutaisiyə yola düşəcəklər, gecəni orda keçirdikdən sonra sabahısı təyyarə ilə Budapeştə yola düşəcəklər. Qiymətə günorta və axşam yeməklərindən başqa hər şey daxildir.
Novruz tətili vaxtı Avropaya olan digər bir tur isə Polşa-Çexiya-Almaniya-Gürcüstan qrup turudur. Onun qiyməti də 590 avrodur. Bu 8 günlük tur da Kutaisidən birbaşa reyslə Varşavaya uçmaq şərti ilə həyata keçirilir. Bura da günorta və axşam yeməkləri istisna olmaqla hər şey daxildir.
Xarici Novruz turları 2 dəfə bahalaşıb
Ötən ilki Novruz tətilindən fərqli olaraq bu il xarici turlar manatla ifadədə təxminən 2 dəfə baha başa gəlir. Səbəbi məlumdur – manatın devalvasiyası. Turizm şirkətlərində deyirlər ki, hər nə qədər müxəlif kampaniyalar təşkil olunsa da, qiymətləri həddindən çox aşağı salmaq mümkün deyil. Yəni dollar və avro ilə əslində eyni qiymətlərdir, fərq elə də böyük deyil. Sadəcə manatla ciddi bahalaşma var. Əməkdaşlıq edilən hotellər də eyni hotellərdir. Avropa istiqamətində hər hansı endirimlər yoxdur, yalnız son baş verən hadisələrə görə, İstanbul hotelləri bir sıra endirimlər təklif edirlər.
“Turizm.az”-ın rəhbəri Murad Kərəmov isə bildirib ki, bildirib ki, turlar insanların maddi vəziyyətinə uyğun hazırlanır. İndi maddi vəziyyət yaxşı olmadığı üçün səyahətə getmək istəyənlər minimum qiymətlə təkliflər eşitmək istəyir