Azərbaycanda turizmin inkişaf etməməsinin əsas səbəbləri aviabiletlərin baha olması, «lou kost» aviaşirkətlərin olmaması və viza sisteminin sadələşdirilməməsidir. Fins.az xəbər verir ki, bu barədə “DAIR” hotellər şəbəkəsinin təşkilatçılığı ilə bu gün keçirilən tədbirdə bildirilib.
Qeyd edək ki, tədbirin keçirilməsinə səbəb yaranmış vəziyyətlə bağlı bir neçə hotel rəhbərinin narahatlıq məktubu olub. Azərbaycan Turizm Assosiasiyasına yazılan rəsmi məktubdan sonra təşkil olunub. Məktubda ölkənin turizm və qonaqlama sənayesindəki vəziyyət, problemlər, onların həlli üçün təkliflər əksini tapıb. Hotel və turizm şirkətlərinin narahatlıq keçirdikləri məqamlar ölkəyə turizm axınının çox zəif olması, həmçinin gələn turistlər üçün ölkədə müvafiq şəraitin olmamasıdır.
Tədbirdə deyilib ki, turizmi inkişaf etmiş qonşu ölkələrin modellərinə baxılması, onlardan örnək alınması mümkündür, amma Azərbaycanın özünün modeli olmalıdır. Tədbirdə hazırki problemlərin həlli yolunda təkliflər də irəli sürülüb.
1. Əsas problem olan bahalı aviabiletlərə həll yolu olaraq şirkətlər deyib ki, AZAL-ın bir sıra istiqamətlərdə ucuz reysləri var, lakin bu həll yolu deyil. Aşağı büdcəli istiqamət olmur, aşağı büdcəli aviaşirkət olur. Azərbaycan Hava Yolları aşağı büdcəli uçuşları bütün istiqamətlər üzrə təşkil edə bilməz. Bu problemin həlli olaraq Rusiya və Avropada fəaliyyət göstərən ucuz hava yolları ilə müqavilələrin bağlanması, onların ölkəyə daxil olmasına imkan yaradılması təklif edilir. Bu şirkətlər Bakıya yox, ölkənin digər şəhərlərindəki hava limanlarına da gələ bilərlər, məsələn, Gəncəyə, Qəbələyə və s.
2. Son illər ölkədə təşkil olunan beynəlxalq yarışlar ölkənin imicini müəyyən qədər müsbət yöndə tanıdıb, lakin Azərbaycan bu oyunlara görə idman ölkəsi kimi tanınır. Bura turizm cəhətdən də güclü ölkə ola bilər, potensial var, sadəcə təkan lazımdır. Hazırda turopeatorların ata biləcəyi addımlardan biri ölkəyə infoturlar təşkil etməsi və Azərbaycanın turizm imkanlarının beynəlxalq miqyasda reklamı üçün əlverişli şərait yaratmaqdır. Hotel nümayəndələri deyiblər ki, bu məsələdə, yəni infotur iştirakçılarının qonaqlamasında hər cür yardımlar edəcəklər.
3. Bölgələrdə turagentliklər demək olar ki, yoxdur, həm də bölgələrə turistlər çox getmirlər, çünki o istiqamətdə təkliflər çox azdır. Bölgələrdə turagentliklərin açılması zəruridir. Lisenziyaların ləğv olunması bu sahədə böyük bir barierin qaldırılması deməkdir.
4. Əsas təkliflərdən biri də bu sahədə vergi rejiminin asanlaşdırılmasıdır. Hotellər və turizm şirkətləri bildirib ki, vergi sistemində turizm şirkətlərinin üstünə ağır yük düşür. Müəyyən yüngülləşdirilmələr edilməlidir.
5. Turist vizalarının verilməsinin gəlmə turizmdə əsas maneələrdən olduğunu deyən hotel və turizm şirkəti nümayəndələri bu prosesin asanlaşdırılması gəlmə turizminə ilk təsir edən məqam olacaq.
6. Ucuz hotellərin yaradılmasının zəruriliyinə toxunan nümayəndələr, ölkədə ucuz hotellərin az sayda da olsa olduğunu, lakin digər problemlərə onların kütləvi turizmin parçası ola bilməməsindən danışıblar. Ölkəyə çoxlu sayda turist gəlmir, bununla yanaşı bildirilib ki, hazırda ölkədə olan turizm sahəsi biznes turizmidir. Bununla da aşağı ulduzlu hotellər lyuks hotellərin kölgəsi altında qalır və bazarı əlinə alan brend hotellərinə nisbətdə qazanc əldə edə bilmirlər.
7. «Ekonom» sinifə aid hotellərin inşası üçün sahibkarlara güzəştli kreditlər, məqsədli torpaq sahələrinin ayrılmasında da güzəştlərin vacib olduğu bildirilib.
8. Turizm sektorunda təhsilin səviyyəsinin çox da ürəkaçan olmadığından da bəhs edilib. Təklif olunub ki, turizm və qonaqlama sənayesində çalışanların bilik və bacarıqlarının təkmilləşdirilməsi və bu sənayedə çalışmaq arzusunda olanların yetişdirilməsi məqsədilə peşə təlimləri keçirilsin.
Təkliflərlə bağlı müzakirələr aparan hotel və turizm şirkətləri yaxın bir neçə ay ərzində bu sektorda tədbirlər görülməzsə, səsləndirilən mövzular barədə hər hansı yeniliklər edilməzsə, turizm sektorunun vəziyyəti daha da pisləşəcək.