Daxili turizmi sevənlər üçün yaxşı xəbər var! Artıq regionlara səfər edərkən bahalı hotelərdə qalmağa ehtiyac yoxdur. İstər yay, istərsə də, qış istirahətini sevənlər qat-qat ucuz qiymətə bölgələrdəkikənd evlərində qala bilərlər.
Əslində, Azərbaycanda kənd yaşıl turizmi bir neçə il əvvəlldən inkişaf etməyə başlayıb. Amma son vaxtlar regiona səfər edənlərin artımı və xarici səfərlərin bahalaşması yerli turistləri daha ucuz variantlar axtarmağa vadar edib. Çünki hazırki qiymətlərlə hotellərdə 3 gündən artıq qalmaq sərfəli deyil. Kənd evlərində isə qiymətlər qat-qat aşağıdır, üstəlik kənd təbiiliyini axtaranlar üçün kənd evində qalmaq daha məqsədə uyğundur. Fins.az ölkənin yeganə turizm portalı olan Seyyah.az-a istinadən bölgələrdə istirahət etmək istəyənlər üçün kənd evlərinin qiymətlərini araşdırıb.
Şəki rayonu
Şəki rayonu başdan-başa istirahət məkanıdır. Həm yay, həm də qışda tətil üçün ideal məkanlardan sayılan dağlar arasında yerləşən rayonda həm qonaq evlərində, həm hotel, həm də fərdi evlərdə qala bilərsiniz. Yerli turistlərin ən çox üz tutduqları kəndlərindən biri isə Kiş kəndidir. Bu tarixi kənddə ev kirayə etmək istəsəniz, adam başına düşən məbləğ 10 manatdır, kənd səhər yeməyini də xidmətə daxil etsəniz, qiymət 12 manat olacaq. Bir sıra evlərdə bir həftədəna rtıq qalanlar üçün günə 1-2 manatlıq endirim də əldə edə bilərsiniz.
İsmayıllı rayonu, İvanovka kəndi
Gözəl təbiəti olan İsmayıllı rayonunun İvanovka kəndində istirahət etmək üçün bir günlük ev xərci 40 manatdan başlayır. Bu qiymətə olan evlərdə 2-3 nəfərin rahat yerləşməsi üçün tam şərait var. Zəruri mətbəx və ev əşyaları, həmçinin rahat hamam və ayaqyolu olmaqla yanaşı, peyk antenalı televizor və telefon da var. Evlərdə elektrik, qaz və su daimidir. Burada 10 gündən artıq qalanlara kirayə haqlarında 5-10 manatlıq endirimlər də edilir.
İsmayıllı rayonu, Cülyan kəndi
İsmayıllının Cülyan kəndində bir günlük qalmaq isə 50-80 manatdır – amma bu qiymət sizi qorxutmasın. Bu evlərin hotellərdən fərqi odur ki, 2 otaq və bir böyük zalda 10 nəfər rahatlıqla qala bilər. Yəni adambaşına düşən məbləğ 8-10 manatdır. Evdə yaşayış üçün ehtiyac duyulan əşyaların hamısı mövcuddur. Həmçinin qaraj, meyvə ağacları, daimi su və s. də var. Kənddə ailələr üçün evlər də var ki, 4 nəfərlik ailə üçün günlük kirayə haqqı 50 manat, 10 nəfər qonaq üçün isə 80 manatdır.
Gözəl Lahıc!
İsmayıllının digər gözəl təbiətli rayonu Lahıcda 3 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət 5 nəfərin qala biləcəyi evin günlük sifarişi 30 manatdır. Daimi elektrik, su və qazı olan evlərin yaşamaq üçün hər bir şəraiti var. Kənddə digər evin bir günlük qiyməti isə 40 manatdan başlayır. Bu qiymətə olan evlərdə də 4-5 nəfər rahat yerləşə bilər. Burada evlər əsasən yay fəslində kirayə verilir, evdə yaaşyış üçün bütün şərait mövcuddur. Ümumiyyətlə, İsmayıllının istənilən kəndində gözəl təbiətin fonunda istirahət edə bilərsiniz.
Xınalığa səyahət
Həm yayda, həm də qışda ziyarətçiləri bol olan Quba rayonunun Xınalıq kəndində bir günlük otağın qiymətləri 20-25 manatdan başlayır. Əsasən 2-3 otaqdan ibarət evlərdə 7-10 nəfər yerləşə bilər. Evdə yaşayış üçün hər şərait var. Daimi su, qaz və işığı olan evlərin otaqları və hamamları qazla isidilir. Göründüyü kimi adambaşına məbləğ 5-6 manatdan da azdır.
Qax rayonu
Qax rayonunun Qum kəndində səhər yeməyi də daxil olan kənd evləri tapa bilərsiniz, ev sahibinin sizi qonaq edəcəyi kənd səhər yeməyi də daxil olmaqla bir otağın bir günlük kirayə haqqı 20 manatdan başlayır. Burada da evlər adətən 2 otaq və bir şüşəbənddən ibarətdir. Evdə 9-10 nəfərin qalması üçün hər şərait var. Üstəlik, evlər odun sobası ilə isidilir. Bu da tam kənd havası duymaq istəyənlər üçün unikal şəraitdir, elektrik və su isə daimidir.
Zaqatala rayonu
Tarixi kənd olan Zaqatalanın Car kəndində kirayə evlər əsasən yay aylarında olur. Evlər isə müxtəlifdir, iki-üç mərtəbəli böyük evlər də var, bir mərtəbəli orta və xırda ölçülür evlər də. Şərtlər də müxtəlifdir, səhəri yeməyi daxil olan evlərdə adambaşı gecələmək 50 manatdır. Bundan əlavə yeməksiz sadəcə qalmaqla bir otağı 25-30 manata da götürə bilərsiniz. Yeməyi özünüz də hazırlaya bilərsiniz, yaxınlıqdakı kafelərə də gedə bilərsiniz. Standart bir mərtəbəli iki otaqlı evlərdə 6 nəfər yaşaya bilər. Ümumi evin bir günlük kirayə haqqı isə 50-60 manatdır.
Qəbələ rayonu
Ölkənin əsas turizm bölgələrindən sayılan Qəbələdə təkcə dəbdəbəli hotellər yox, həm də səliqəli və şəraitli kənd evləri var. Təbiəti sevənlər üçün üstün tutulan yerlərdən biri Vəndam kəndində bir günlük ev sifariş vermək 30 manatdan başlayır. Bu qiymətə 4 nəfərdən ibarət bir ailə qala bilər. Evdə isti-soyuq su, qaz və elektrik daimidir.
Xaçmaz rayonu
İstirahət üçün uyğun, yaxın məsafəli digər məkan isə Xaçmaz rayonudur, rayonun istirahət üçün üz tutulan qəsəbələrindən biri Muxtadırda kənd evində qalmaq istəyirsinizsə, 1 otağın günlük kirayə haqqı 15 manatdır. Otaqlarda 1-2 nəfər qala bilər.
Xızı rayonu
Daha yaxın məsafəyə getmək istəyirsinizsə, Xızı rayonunun Altıağac qəsəbəsi ən gözəl variantdır. Burada gündəlik kirayə haqqısı 20-25 manat olan evlərdə bir ailə rahatlıqla qala bilər.
Ailəvi və qrup səyahətləri üçün sərfəli variant
Göründüyü kimi, kənd evlərində qiymətlər region hotellərindən qat-qat aşağıdır. Bura təbii kənd məhsullarından ibarət olan səhər yeməyini də əlavə edəndə səyahət unudulmaz olur. Xüsusilə də, səyahətə ailəvi və ya qrup şəklində çıxanlar üçün bu variant çox sərfəlidir. Doğrudan da təbiətin qoynunda istirahə etmək istəyənlər, yəni səfərləri rəsmi xarakterli olmayanlar, çox xərc çəkmədən tətilin dadını çıxara bilərlər.