Bakıdan Nyu-Yorka uçmaq neçəyədir? – AVİAŞİRKƏTLƏRİN QİYMƏTLƏRİ

Bakıdan xarici ölkələrə təyyarə ilə getmək istəyənlər üçün seçim imkanları elə də genş olmadığı üçün sərnişinlər istədikləri istiqamətlər üzrə təqdim olunan variantların demək olar hamısını bilirlər. Bəs, bu variantları müqayisə edibsinizmi?
Xəbərlər 18 Fevral 2016 00:00 2522
Bakıdan Nyu-Yorka uçmaq neçəyədir? – AVİAŞİRKƏTLƏRİN QİYMƏTLƏRİ

Aviaşirkətlərdə qiymət fərqi uzaq məsafəli uçuşlarda daha çox hiss olunur, ən kiçik endirim də bu istiqamətlərdə əhəmiyyətli kəsb edir. Hansı şirkətlər uçmaq daha sərfəlidir.

Bakıdan ABŞ-ın Nyu-York şəhərinə Rusiyanın “Aeroflot”, Böyük Britaniyanın “British Airways”, Qətərin “Qatar Airways”, Türkiyənin “Türk hava Yolları”, eləcə də Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” şirkətləri uçur. Onların təklif etdikləri qiymətləri müqayisə etmək üçün eyni tarixə rezerv olunmuş biletlərin neçəyə başa gəldiyinə diqqət yetirmək lazımdır. Fins.az-ın bununla bağlı araşdırmasında səfər müddəti qeyri-iş günü elan edilmiş 20-27 mart tarixləri seçilib.

“Turkish Airlines” – 1 571 manat

Bakıdan Amerikaya ən bahalı uçuşu Türk Hava Yolları təşkil edirmiş. Üstəlik İstanbulda gözləmə vaxtı o qədər uzundurki, bu müddətdə hətta İstanbulu görmək üçün vaxtınız da olar. Belə ki Bakıdan yola düşən “Turkish Airlines” təyyarəsi 3 saat 20 dəqiqəlik uçuşdan sonra İstanbulun Atatürk Hava Limanına enəcək. Təxminən 9 saat 10 dəqiqlik gözləmədə şəhərə çıxmaq imkanı əldə edəcəksiniz. Atatürk Hava Limanına birbaşa metro xətti olduğuna görə, bunun üçün əlavə taksi xərcinə də ehtiyacınız olmayacaq. Daha sonra İstanbuldan havalanan təyyarə 11 saat 30 dəqiqəlik uçuşlar sizi Nyu Yorka aparacaq.

Geri dönmə müddəti isə Nyu Yorkdan İstanbula qədər 9 saat 35 dəqiqədir. Uçuşlar arasındakı  5 saat 25 dəqiqəlik müddətdə aeroportu dəyişməli olacaqsınız. Çünki İstanbuldan Bakıya dönüş Sabiha Gökçen Hava Limanından təşkil olunacaq. Vaxtınızı buna kifayət edəcək və 2 saat 45 dəqiqəlik uçuşdan sonra siz Bakıda olacaqsınız. Biletlərin qiyməti isə 1 571 manatdan başlayır.

“Qatar Airways”– 1 189 manat

Amerikaya ərəb şeyxi kimi uçmaq istəyənlər “Qatar Airways”i seçməlidirlər. Hər halda şirkət servislərinin təqdimatında  komfort və müştərilərə göstərilən münasibəti xüsusi qeyd edir. Nyu-Yorka səyahət Qətərin paytaxtından keçir. Bakıdan yola düşən təyyarə əvvəlcə Qətərin paytaxtı Dohanın Hamad Beynəlxalq Hava Limanına enəcək. 2 saat 49 dəqiqənizi alacaq uçuşdan sonra 7 saat 56 dəqiqə də aeroporta gözləməlisiniz. Dohadan yola çıxan 5 ulduz təyyarə isə 14 saat 20 dəqiqədən sonra Nyu Yorka enəcək. Növbəti həftənin eyni günü Nyu Yorkdan Dohaya gələn təyyarə 12 saat 35 dəqiqə sonra Hamand Beynəlxaql Hava Limanında olacaq. 3 saat 40 dəqiqəlik gözləmə ilə yenidən 2 saat 45 dəqiqəlik uçuşlar Bakıda enəcək. Qeyd edək ki, “Qatar Airways” Bakıdan olan uçuşlarda yeni strategiya tətbiq etməyə başladığına görə, artıq aeroportda gözləmə müddəti minimuma endirilib. 5 ulduzlu aviaşirkətin bu istiqamətdə uçuşlarının bilet qiyməti isə 1 371 manatdan başlayır.

“British Airways” – 1 173 manat

“British Airways” isə Bakıdan ABŞ-a Londondan keçməklə uçur. Heydər Əliyev Beynəlxalq Hava Limanından Londonun Heathrow Hava Limanına yola düşən təyyarə 6 saat 5 dəqiqə sonra aeroporta çatacaq. 11 saat 10 dəqiqədən gözləmədən sonra Londondan çıxan təyyarə 7 saat 55 dəqiqədən sonra Nyu Yorkun John F. Kennedy Hava Limanında olacaq. Başqa sözlə Bakıdan Nyu-Yorka uçuş bir sutkadan çox  çəkir.

Geriyə uçuş daha çox müddət tələb edir. Belə ki, bir həftə sonda qeyd olunan tarixdə John F. Kennedy Hava Limanından Londona uçan təyyarə 6 saat 50 dəqiqəlik uçuşdan sonra Heathrow Hava Limanında enəcək. Burda isə 14 saat 10 dəqiqəlik gözləmədən sonra Bakıya doğru havaya qalxacaq. Uçuş müddəti 5 saat 35 dəqiqə müəyyən olunub. YƏni ümumi uçuş müddəti 26 saat 35 dəqiqədir. Vaxt qurşaqlarını də nəzərə alanda geriyə uçuş faktiki olaraq 2 gün davam edir. Bu aviaşirkətlə biletin qiyməti 1 173 manatdan başlayır.

Azərbaycan Hava Yolları – 1 038 manat

Nəhayət ki, AZAL uçuş qiymətlərində bütün rəqiblərini üstələyib. Üstəlik, milli aviadaşıyıcı Bakıdan Nyu-Yorka birbaşa uçduğuna görə, hamıdan da tez çatır – cəmi 12 saat 55 dəqiqədən sonra hava yaxşı olsa, illüminatordan  Azadlıq abidəsinin siluetini görmək mümkündür. Bir həftəlik gəzinti üçün geri dönüş vaxtı isə martın 28-də olacaq. Birbaşa uçuş 10 saat 30 dəqiqə vaxtınızı alacaq. Biletlərin qiyməti isə 1 038 manatdan başlayır.

“Aeroflot” – 940 manat

Nə qədər qəribə olsa da, Azərbaycandan Amerikaya ən ucuz qiyməti Rusiya şirkəti təqdim edir. “Aeroflot”la Nyu Yorka səyahətiniz təxminən 940 manata başa gələcək. Bu reyslə Ameriya səyahəti Heydər Əliyev Beynəlxalq Hava Limanından başlayıb,  Moskvanın Sheremetyevo Beynəlxalq Hava Limanından keçəcək.

Amma uçuş müddətinin uzunluğu qiymətin sərfəliliyini heçə endirir. Təsəvvür edin ki, bu reyslə Nyu-Yorka uçmaq istəyənlər az qala 2 ün yol getməli olacaqlar. Bakıdan Moskvaya uçmaq çox çəkmir – təqribən 3 saat 20 dəqiqədən sonra Şeremetyovaya çatırıq. Amma əsas ləngimə burada başlayır. Uçuşun Moskvadan Nyu-Yorka qədər olan hissəsinə başlamaq üçün aeroportda nə az, nə çox, düz 20 saat 10 dəqiqə gözləmək lazımdır. Martın 21-də təyyarə Sheremetyevo Beynəlxalq Hava Limanından Nyu Yorkun Con Kennedi Hava Limanına yola düşəcək. Uçuşun müddəti 10 saat 50 dəqiqə olacaq. Başqa sözlə, martın 20-də Bakıdan yola düşən sərnişin Nyu-Yorka martın 22-də çatır.

Əks istiqamətdə uçuş isə daha az vaxt tələb edir. Martın 27-də Nyu Yorkdan yola düşən təyyarə 9 saat 5 dəqiqədən sonra Moskvanın Şeremetova Beynəlxalq Hava Limanına çatacaq. Aeroportda gözləmə müddəti cəmi 3 saat 50 dəqiqədir. Oradan Bakıya çatmaq isə isə 3 saatınızı alacaq. Ona görə də, pula qənaət etmək üçün 940 manatlıq bilet almaq istəyənlər əvvəlcə yaxşı-yaxşı fikirləşməlidirlər ki, onların yola sərf etməyə vaxtları var, yoxsa yox.

OXŞAR XƏBƏRLƏR