Şəkidə necə istirahət etmək olar? – İMKANLAR, QİYMƏTLƏR

2016-cı il yenicə başlasa da artıq indidən əminliklə demək olar ki, bu il Azərbaycanın daxili turizmində əsas istiqamət Şəki şəhəri olacaq. 
Xəbərlər 23 Fevral 2016 00:00 3095
Şəkidə necə istirahət etmək olar? – İMKANLAR, QİYMƏTLƏR

Əslində Şəki şəhəri indiyə qədər də Azərbaycanda turistlərin böyük maraq göstərdiyi regionlardan idi. Bu il isə Şəkiyə maraq daha böyük olacaq. Belə ki,  TÜRKSOY təşkilatının mədəniyyət nazirləri Daimi Şurasının 2015-ci ildə Türkməniatanın Marı şəhərində keçirilən toplantısında Şəki 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Hazırda bu münasibətlə tədbirlər planı müzakirə edilir.

Şəkiyə maaq göstərənlərin sayının çox olmasını nəzərə alaraq, Seyyah.az fins.az-a istinadən ölkənin əsas turizm şəhərinin bəzi özəlliklərini açıqlayır.

İldə 50 min xarici turist

2015-ci ildə Şəkiyə təqribən 50 min turist gəlib. Bunların əksəriyyəti yerli, 8 mini isə xarici turistlərdir. Şəki şəhəri Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev fins.az-a bildirib ki,  xarici turistlər əsasən Yaponiya, Çin, Koreya, Tayvan, Almaniya, Fransa, İtaliyadan gəlir. Yerli turistlər isə ölkənin bütün bölgələrindən gəzməyə gəlirlər.

Hotel qiymətləri 30 manatdan başlayır

Gələn qonaqlar hotellərlə yanaşı, şəxsi evlərdə də qalırlar. Şəkidə ümumilikdə 14-dən çox istirahət mərkəzi, mehmanxana və hotellər var. Bu hotellərdə ümumilikdə 1400-dən çox ümumi yataq yeri var. «Karvansara»da qalmaq istəyən qonaqlar üçün standart iki nəfərlik otaqlar 30 - 50 manatdır. Mehmanxana və hotellərdə isə qiymətlər 70 manatdan başlayır, daha bahalı və lyuks otaqlar isə 120 manatadır.

Müxtəlif hotellərin qiymətləri

Belə ki, “Şəki Park”  hotelinin standart 2 nəfərlik otaq qiyməti səhər yeməyi daxil olmaqla 74 manatdır. «CB Resort Hotel & Restourant»da 2 nəfərlik otaq səhər yeməyi də daxil olmaqla 32 manatdır. «İs Hotel» də səhər yeməyi daxil olmaqla iki nəfərin gecələməsi qiymətlər 41 manatdan başlayır. “Hotel Service” eyni şərtlərlə iki nəfərin gecələməsi 62 manata başa gələcək. «İSSAM Hotel»də 2 nəfərlik standart nömrənin gecələmə qiyməti 70 manatdır.

Kənd evi 10 manatdan başlayır

N.İmaməliyev deyib ki, son vaxtlar sakinlərin evlərində qalmaq istəyən qonaqların sayı artır. Həmçinin kənd evləri də var ki, onların qiyməti 10 manatdan başlayıb, səhər yeməyi ilə birlikdə isə 12-13 manatdır. Turistlərin ən çox maraqlı olduğu bölgə isə Kiş kəndidir. Orada yerləşən alban məbədi, haqqında bir çox turist məlumatlıdır. Daha sonra marşrutlar üzrə Şəki Xan Sarayı, muzeylər, şəhər mərkəzi və s. ziyarət olunur.

Şəki, kənd evi,

Yaponların sevdiyi Şəki təamı

Şəkiyə gəlib, buranın təamlarını dadmamaq olmaz deyən N. İmaməliyev qeyd edib ki, Şəki pitisi, paxlava və halva, plov və sac yeməkləri turistlərin daha çox daddıqları yeməklərdir. Xüsusilə almanlar və yaponlar Şəki pitisini  «qeyri-adi» yemək adlandırırlar və çox sevirlər. Əl işlərini yüksək qiymətləndirən turistlər bu sənətkarlıq nümunələrinə xüsusi diqqət verirlər. Ən çox aldıqları məhsullar zərgərlik və duluzçuluq məhsullarıdır.

Turistləri yeni tədbirlər gözləyir

Şəki Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Mirvari Zeynalova deyib ki, hər il Şəkiyə xarici və yerli minlərlə qonaq gəlir, onlar həm gəzmək, həm də festivallarda iştirak üçün gəlirlər. Onun sözlərinə görə, bu il Şəkidə çox sayda tədbirlərin keçirilməsi gözlənilir. Bu tədbirlər Şəkinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlıdır. Hazırlanan tədbirlər planına əsasən, bu ilin fevral ayından başlayaraq noyabr ayına qədər silsilə tədbirlər keçiriləcək.

Novruz şənlikləri keçiriləcək

Fevralın 29-da Şəkidə “Türk xalqlarının müasir ədəbiyyatı kitab sərgisi” keçiriləcək. Mart ayında isə Novruz Bayramı ilə əlaqədar böyük tədbir və TÜRKSOY rəsm sərgisi təşkil olunacaq. Aprelin 28-də Şəkinin Türk dünyasının paytaxtı elan olunması ilə əlaqədar açılış tədbiri keçiriləcək. Eyni gündə TÜRKSOY rəsm sərgisi də təşkil olunacaq. Bu müddətdən etibarən şəhərdə hər ay tədbir təşkil oluancaq.  Bunlara 7-ci ipək yolu musiqiq festivalı, 5-ci motofestival, Türksoya mənsub dövlətlərin mədəniyyət nümayəndələrinin toplanışı və s. aiddir. Noyabrda isə silsilə tədbirlərin bağlanış mərasimi keçiriləcək.

Artıq turistlərin sayı artmağa başlayıb

Yeri gəlmişkən, artıq ilin əvvəlindən Şəkiyə gələn turistlərin sayı artmağa başlayıb. Turizm idarəsinin məlumatına görə, artıq yanvardan sonra şəhərə xarici turistlərin gəlişi artıb.

OXŞAR XƏBƏRLƏR