Bakıda İran toyları – ŞƏNLİK TURİZMİ ÜÇÜN YENİ İMKAN

Xəbərlər 23 Fevral 2016 00:00 1015
Bakıda İran toyları – ŞƏNLİK TURİZMİ ÜÇÜN YENİ İMKAN

Sanksiyaların ləğvi ilə qonşu İranda iqtisadi aktivlik yüksəldikcə, bu ölkə ilə biznes imkanları da artır. Xususilə xidmət sektoru, iri pulların axışmağa başladığı İranla əməkdaşlıq üçün yeni üsullar axtarır. Yaxın gələcəkdə iranlılarla bağlı sərfəli biznes növlərinin biri də toy şənlikləri ola bilər.

«Elimizin toy kimi adəti var»

 Toy şənliyini bacardığın qədər dəbdəbli keçirirsinizsə, toyunuz uğurla baş tutub deməkdir. Bu təkcə Azərbaycana yox, bütün Şərq ölkələrinə, o cümlədən qonşu ölkələrə, eləcə də İrana aiddir. Amma İrandakı məlum dini məhdudiyyətlər və müxtəlif qadağalar, toy mərasimlərini, məsələn, Azərbaycandakı  kimi dəbdəbəli, şən və müasir keçirməyə mane olur. Baxmayaraq ki, şənliyin belə keçirilməsi üçün məclis sahibinin iqtisadi imkanları kifayət qədər olur. Məhz bu qadağalar toy şənlikləri ilə bağlı Azərbaycanlı iş adamları üçün yaxşı imkanlar yaradır.

Məhdudiyyətlərin yaratdığı imkan

Məsələ bundadır ki, məhdudiyyətlər səbəbindən daha dəbdəbəli şənlik təşkil edə bilməyən varlı iranlılar bunun üçün yaxın xarici ölkələrə üz tuturlar. Məsələn, ölkənin varlı təbəqəsi, toy mərasimlərini Türkiyədə, daha imkanlıları isə Dubayda qeyd edir, müasir dəblə əylənirlər. Türkiyənin məşhur kurortlarında iranlı toyları nadir hadisə deyil. Xarici mətbuatda da Dubayın məşhur hotellərində toy edən varlı iranlılar haqqında yazılara rast gəlmək mümkündür.

İranlıların Azərbaycana marağı

Türkiyə və Dubayla yanaşı, Azərbaycan da iranlıların  dünyəvi istirahət məkanlarından biridir. Xüsusilə Yeni İl və Novruz Bayramlarında və yay fəslində Bakıya gələn İran  vətəndaşlarının sayı kəskin artır. İranlıların Azərbaycana marağını bir qədər əvvəl bu ölkədə keçirilən turizm sərgisi də təsdiqləyib. Sərgidə məlum olub ki, İran vətəndaşlarının axını nəticəsində Novruz Bayramı günlərində Bakıda 8-9 hoteldəki bütün nömrələr tamamilə tutulub. Mütəxəsislər bildirir ki, indi bu potensialın toy biznesinə yönəldilməsinin vaxtı çatıb.

«Beynəlxalq» toy məclisi üçün bütün şərait var

Mütəxəssislər bildirir ki, Azərbaycan iranlılar üçün vətəndaşlar üçün dünyəvi toy məclisləri məkanına çevrilə bilər. Hazırda təkcə Bakıda yüzlərlə irili-xırdalı şadlıq evləri və bütöv bir komplekslər var. Burada istənilən səviyyədə və istənilən toy şənlikləri keçirmək mümkündür. 

Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) direktoru Samir Dübəndi deyib ki, belə toyların Azərbaycanda keçirilməsi üçün imkanlar var. Həm şadlıq saraylarının, həm hotellərin, həm də menyuların dəbdəbəsi buna tam imkan verir. Həm də coğrafi cəhətdən də məsafə uyğun olduğuna görə, varlı iranlıların buraya toy məclisi üçn gəlib getməsi çətin deyil.

Qonaqlar harada qalacaq?

S.Dübəndi bildirir ki, iranlı toylarının təsiri təkcə şadlıq evləri ilə məhdudlaşmayacaq, bu amil turizmin inkişafına, və ümumilikdə ölkə iqtisadiyyatına da müsbət təsirini verə bilər. Belə ki, toy məclisinin keçirilməsi üçün ölkəmizə gələn xaricilər burada bir neçə gün yaşamalı olacaqlar. Belə halda onlar yerli hotellərdə yerləşib digər xidmətlərdən də istifadə edə bilərlər. Ona görə də, toya gələn qonaqların yerləşdirilməsi üçün şadlıq sarayları müəyyən hotellərlə əməkdaşlığa başlayacaq.

Qadağalardan kənar, müasir toy

“Millenium Tour”un rəhbəri Ruslan Quliyevin sözlərinə görə, Avropa və digər ölkələrdə toy turlarının təşkil olunması də dəb halını alıb. Müxtəlif ölkələrin imkanlı sakinləri toy məclislərini nisbətən fərqli məkanda keçirmək üçün fərqli ölkələrə üz tuturlar. Hətta Hindistanın varlı sakinləri arasında da belə toylar dəb halını alıb: «O cümlədən iranlılar üçün də Azərbaycanda toy etmək realdır».

Yeri gəlmişkən, Azərbaycanda 5 ulduz hotellərin sayının çoxluğu və burada təklif olunan xidmətlərin çeşidi toy məclisini unudulmaz etmək üçün geniş imkanlar yaradır. Azərbaycanın paytaxtı ilə yanaşı, ölkənin regionlarında da yüksək səviyyəli servisə malik hotellər mövcuddur. Fərqli məkanlarda, tamamilə fərqli dizaynlarda və stildə tikilmiş hotellərdə müxtəlif şənlik xidmətləri təqdim olunur. Yeri gəlmişkən, bəzi hotellər buradakı toy məclisi üçün hotel qiymətlərində ciddi endirimlər təklif edirlər. Bu da həm qonaqların yerləşməsini, həm də istirahətini təmin edir.

«Əsas məsələ tanınmaqdır»

Şirkət rəhbəri bildirir ki, bu sahədə əsas problem Azərbaycaqda bu imkanın olmasının tanıdılmasıdır. R. Quliyevin sözlərinə görə, turizm şirkətləri belə imkanı reallaşdırmaq üçün yaxşı tanıtım kampaniyasına başlamalı olduğunu deyib. Turizm şirkətləri buna nail olsalar, ölkə iqtisadiyyatına da daha bir mənbədən gəlir gətirmək mümkündür.

Devalvasiya yeni imkanlar açıb

Bir amili də qeyd etmək yerinə düşər. Manatın devalvasiyası və son bir ildə təqribən 2 dəfə ucuzlaşması  səbəbindən xaricilər üçün Azərbaycana səyahətin qiyməti və buradakı xidmətlər də təqribən iki dəfə ucuzlaşıb. Nəticədə ölkəmiz xaricilər üçün daha sərfəli istiqamətə çevrilib. Bu, özünü toy şənliklərinin təşkilində də göstərir. Bir qayda olaraq yerli məhsulların istifadə edildiyi şənliklərin qiyməti devalvasiyadan sonra cüzi artıb, əksinə bəzi şadlıq saraylarında qiymətlərin enməsi müşahidə olunur. Belə vəziyyətdə müasir qaydada toy və digər məclislərin Bakıda keçirilməsi daha sərfəli variant olub.

Mənbə: Fins.az

OXŞAR XƏBƏRLƏR