Turizm şirkətləri üçün qazanc imkanı – QASTRONOMİK TURLAR

Azərbaycanın turizm şirkətləri ölkədə turizmin inkişafı ilə bağlı yeni, daha maraqlı bir imkanı nəzərdən qaçırıblar.
Xəbərlər 29 Fevral 2016 00:00 1009
Turizm şirkətləri üçün qazanc imkanı – QASTRONOMİK TURLAR

Söhbət bütün dünyada məşhur olan və son illər sürətlə inkişaf edən turizm növündən – qastronomik turlardan gedir.

Yemək üçün dünya səyahəti

Qastronomik turlar bütün dünyada məşhurdur. Qastoronomik turizm turistlərin ölkələrin milli yeməklərini dadmaq üçün səyahətə getməsidir. Yəni turistlər yeni dadlarla tanış olmaq, milli mətbəxləri tanımaq üçün səyahət edirlər. eməklər isə hər yerdə yeyə biləcəyiniz yox, yalnız getdiyiniz ölkəyə məxsus, onun milli mətbəxinin parçası olan təamlar və içkilərdir. Belə turlarda turistlər təkcə yeməklərdən dadmır, həm də onları hazırlamağı öyrənirlər. Gələcəkdə bu vərdişlərdən istifadə etmək vacib deyil, əsas odur ki, səyahət gözəl keçsin.

Yemək festivalları

Turizmin bu sahəsi Azərbaycanda məşhur olmasa da, xarici ölkələrdə bu əsas turist cəlb etmə yollarından sayılır. Hətta müxtəlif ölkələrdə yemək festivalları da təşkil olunur. Həmin ölkələr bu üsulla öz mətbəxlərini tanımaqla yanaşı, ölkəyə xeyli sayda turist də cəlb edirlər. Avropalı turistlər isə sırf həmin təamları dadmaq üçün festival müddətində həmin ölkələrə səyahət edirlər.

4-5 ulduzlu hotellərdə milli yeməklər verilmir

Azərbaycan Turizm Assosiasiyasının sədr müşaviri Müzəffər Ağakərimov deyir ki, Azərbaycanın milli mətbəxi xaricdə yaxşı təmsil olunur demək mümkündür: «Sərgilərdə, xarici festivallarda onları xaricilərə daddırmağa nail oluruq, lakin bu tədbirlər ölkədə lazımi səviyyədə aparılmır». Onun sözlərinə görə, milli yeməklər əvvəla, ölkə hotellərində turistlərə təqdim olunmalıdır. Onlar menyularına bu yeməkləri daxil etməlidirlər: «Hazırda 4 və 5 ulduzlu hotellərdə milli yeməklər demək olar ki, təqdim olunmur, əsasən avropa və xarici mətbəxlər». M.Ağakərimov bildirir ki, hotellərdə baş aşpazın milli yeməklər üzrə bir müavini olmalıdır: «Bu iş ümumiyyətlə diqqətdən kənardadır. Xarici qonaqlar bizim milli mətbəxi sevir, təqdimatı da mütəmmadi və yüsək səviyyədə etmək lazımdır».

Azərbaycanda yemək festivalları

M.Ağakərimov ölkədə yemək festivallarının da təşkil oluna biləcəyini deyib, lakin bu bir dəfəylə yekunlaşmamalıdır, mütəmmadi olmalıdır. Qastronomik turizmin inkişafı üçün ölkədə davamlı festivallar təşkil edilməli, bu çox əvvəldən elan olunmadı və xaricdən turlar təşkil olunmalıdır.

Azərbaycanda da «yemək turları» başlayıb

Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova deyir ki, son illər Azərbaycanda qastronimik turizm müəyyən qədər inkişaf edir. Milli Kulinariya Mərkəzi xarici turistlərin istəyi ilə kulinariya kursları da təşkil edirlər, turistlər bölgələrə xas olan yeməkləri dadmaq və bişirmək istəyirlər, bunun üçün də mərkəzə müraciət edirlər. Onun sözlərinə görə 2014 və 2015-ci illərdə Kulinariya Mərkəzi festivallar keçirib, həmin festivallarda mürəbbə, şirniyyat, plov və digər milli mətbəx nümunələri həmin sərgilərdə nümayiş olunublar. Festivallara turizm şirkətləri vasitəsilə turistlər də iştirak ediblər və sərgilər izdiham şəklində keçib. “Bu festivallar nəzərə alınır bu ildən etibarən qastronomik turlarda canlanma yaranacaq demək olar”.

Xaricilərə Quba paxlavası, Şəki pitisi bişirtmək olar

C.Əsgərova deyir ki, bu turların ölkənin rayonlarında keçirilməsi daha məqsədəuyğundur. Bunlar həm də turistlərin marağını cəlb edən yerlər olmalıdır. Məsələn, Quba, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Lerik, Lənkəran və s. bölgələr turistlər üçün daha maraqlıdır.

Qubaya gələn turistə Quba paxlavasını daddırmaq olar, yaxud da orda təşkil olunan alma festivalları onlar üçün çox maraqlıdır. Şəkidə Şəki pitisi və paxlavası, Qax və Zaqatalada turşular, meşə balının məhsulları, milli mətbəx nümunəsi olan sülfülü, Lənkəranda ov quşları, ləvəngi turistlərə təqdim olunacaq özünəməxsus milli təamlardır.  Qastronomik turizm üçün gələn qonaqların pullarının ən azı 3-də birinin yemək almağa xərclədiyini nəzərə alsaq, bu sahənin inkişafı iqtisadi cəhətdən də sərfəlidir. Buna görə də ölkəyə təşkil olunan qastronomik turların sayının artırılmalı və bu müttəmadi hal almalıdır.

Mənbə: Fins.az

OXŞAR XƏBƏRLƏR