Azərbaycanda astroloji turizm başlayır - YENİLİK

Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə Şamaxı rayonunda “Şamaxı astro-turizm” marşrutu üzrə infotur başa çatıb.
Xəbərlər 7 Mart 2016 00:00 716
Azərbaycanda astroloji turizm başlayır - YENİLİK

Daxili turizm üzrə ixtisaslaşmış 30-dək turizm şirkətinin iştirak etdiyi infotur Şamaxı rayonunun turizm infrastrukturu və turizm marşrutlarının tanıdılması məqsədi daşıyırdı.

Nazirlikdən bildirilib ki, iştirakçılar əvvəlcə “Diri baba” türbəsini ziyarət ediblər. Xatırladaq ki, türbə 1402-ci ildə inşa olunub. Sonra tur iştirakçıları Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində olublar. 1945-ci ildə yaradılan muzeyin hazırda 9 mindən çox eksponatı var.

Növbəti ziyarət məkanı Şamaxı Cümə məscidi olub. Qafqazın ən qədim məscidi olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859 və 1902-ci illərdə baş vermiş zəlzələ nəticəsində məscid ziddi dağıntılara məruz qalıb, 1918-ci ilin mart soyqırımı zamanı isə erməni quldurları tərəfindən yandırılıb. 2010-2013-cü illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən tikilərək istifadəyə verilib.

İnfotur iştirakçıları daha sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə tanış olublar. Rəsədxananın baş mütəxəssisi Müşfiq Hüseynov məlumat verib ki, 1960-cı ildə yaradılan Rəsədxana dünyanın ən böyük rəsədxanalarından biridir. Burada səma cisimlərinin tədqiqi ilə yanaşı, seysmik proseslərin proqnozu, ətraf kosmik mühitin, günəş və geomaqnit fəallığının yerüstü texnoloji sistemlərin fəaliyyətinə, insan da daxil olmaqla, bioloji orqanizmlərə təsiri öyrənilir. Rəsədxana dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir və çətin müşahidə edilən cənub göyünün öyrənilməsində dünyanın bir çox rəsədxanaları ilə müqayisədə müəyyən üstünlüklərə malikdir. Burada aydın gecələrin sayı 190-200-ə çatır.

Tur iştirakçılarına rəsədxananın müvafiq turizm infrastrukturu, astro-turizmin təşkili ilə bağlı təqdimat keçirilib. İştirakçılar astronomiya muzeyi, teleskoplarda kosmik obyektlərə müşahidələrin aparılması barədə də məlumat alıblar.

İnfotur çərçivəsində “Şimal-qərb bölgəsinin əfsanələri” adlı mədəni turizm marşrutunun təqdimatı da olub. Mədəniyyət və Turizm Nazirliyinin yeni yaratdığı marşrut Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarını əhatə edəcək.

OXŞAR XƏBƏRLƏR