Bu barədə “BBC” agentliyi xəbər verib. Baharın gəlişi finlər üçün həm də toz mövsümünün başlanması deməkdir. Belə ki, qış aylarında küçələrə səpilmiş qum və duz asfalt hissəcikləri ilə birlikdə quruyaraq insanların gözlərini və boğazlarını qıcıqlandırır. Finlandiyanın “Yle” dövlət televiziyasının məlumatına görə, bunun bir səbəbi də qış aylarında avtomobillərdə xüsusi təkərlərdən istifadə edilməsidir. Xəbər verilir ki, Finlandiyada küçələrin tozdan təmizlənməsi böyük əməliyyatdır və bu işə 2 milyon avro xərclənir.
Bu ilin təmizləmə işləri həmişə olduğundan iki həftə tez başlanacaq. Məqsəd isə yaranan toz səbəbilə asqırma hallarına tezliklə son qoymaqdır. Finlandiyanın Astma və Allergiya Federasiyası “Yle” telekanalına bildirib ki, toz heç də təkcə astması olanlar üçün risk yaratmır, o, həm də istənilən adamda astmanın əlamətlərinə səbəb olur. Federasiyanın rəhbəri Anne Vuorenma bildirib ki, bu mənada əsas risk qrupuna sağlamlıq qaçışı ilə məşğul olanlar və velosipedçilər daxildir. Məlumata görə, küçə tozu uşaqlarda astma xəstəliyinə səbəb olur və ölüm, habelə tənəffüs yolları xəstəlikləri əmələ gətirir.