Seyyah.az-ın məlumatına görə, müştərilər və turizm şirkətləri fins.az-a açıqlamalarında endirimli yerlərin məhdud sayda olduğunu bildirirlər.
Məsələn, xanım müştərilərdən sosial şəbəkədə AZAL-ın saytında ucuz – büdcə sinifli biletlərin az tapıldığını yazıb: “AZAL-ın saytında yalnız 1 nəfərlik yer sifariş etmək olur. 4 nəfərlik yer sifariş edərkən artıq əvvəlki endirimli qiymət deyil, fərqli qiymət göstərilir”.
Onun sözlərinə görə, bununla əlaqədar AZAL-la əlaqə saxlayıb və ucuz bilet qıtlığının nə ilə bağlı olduğunu soruşub. Şirkətdən hər reysdə büdcə sinifli cəmi 5 endirimli yer ayrıldığı bildirilib.
Müştərilərlə yanaşı turizm şirkətləri də AZALJET-də endirimli yerlərin məhdud sayda olduğunu deyirlər. “Royal Travels and Services” şirkətindən fins.az-a verilən məlumata görə, hər reysdə endirimli 2-3, maksimum halda 4-5 yer ayrılır. Bu yerlər adətən 49 avroluq olur. 59 və 69 avroluq yerlərə isə rast gəlinmir.
Məsələ ilə bağlı “AZAL”-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski fins.az-a bildirib ki, tipindən asılı olaraq hava gəmilərinin sərnişin oturacaqlarının sayı 76-dan 237 kimi dəyişir. İstiqamətlərdən və istifadə olunan hava gəmisindən asılı olaraq, siniflər arasında olan bölünmə də müvafiq olaraq dəyişir. Yəni, hər bir uçuş və istiqamət üçün eyni olmur. Qiymətlər isə 49-149 avro arasındadır. Məsələn, Bakı-Tiflis reysi üzrə qiymətlər 49, 59 və 69 avroya satılır.Bakı-İstanbul reysləri üzrə biletlərin qiymətləri 49, 69, 79, 99, 109, 129 və 139 avro təşkil edir.Bakı-Moskva reysi üzrə qiymətlər 49, 69, 89, 109, 119, 129 və 149 avrodur. Bakı- Dubay reysi üzrə biletlər 49, 69, 99, 109, 119 və 139 avroya, Bakı- Kiyev reysləri üzrə isə 49, 69, 89, 109, 119 və 149 avroya satılır.
P.Kəsəmənski “AZALJET”də hər reysdə 5 deyil, daha çox endirimli yerin olduğunu desə də, endirimli yerlərin sayını açıqlamayıb.