Seyyah.az AzərTac-a istinadən xəbər verir ki, müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək. İyunun 16-da günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin Dənizkənarı Milli Parka çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə “Park Bulvar” alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
Bakı şəhər halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-də gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-də səhər saat 06:00-da aradan qaldırılacaq. “F-1 Şəhərciyi”nin yerləşdiyi Dənizkənarı Mili Park iyunun 15-də gecə saat 00:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-də günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Milli Parka iyunun 16-da günorta saat 14:00-dan etibarən daxil ola biləcəklər.