Xaricdetehsil.news portalına müsahibə verən növbəti tələbəmiz Günel xanımdır. O, xaricdə təhsil almaq arzusunda olan gənclərimizə fərqli ölkədə təhsil həyatı, yaşam tərzi haqqında təcrübələrini çatdırır. Əgər Siz də uzaq bir ölkədə müxtəlif mədəniyyətlərin birləşdiyi eyni universitetdə tələbə olmaq istəyirsinizsə, o zaman gəncimizin həyat hekayəsi ilə tanış ola bilərsiniz.
Adım İspərzadə Güneldir, 23 yaşım var. 10-cu sinfə kimi İsmayıllı şəhər 1 nömrəli orta məktəbin rus bölməsində, 10 və 11-ci sinifləri isə İvanovka kənd orta məktəbində oxumuşam. 2009-cu ildə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX proqramının qalibi olub, bir il ABŞ-ın Kentukki (Kentucky) Ştatında orta məktəbdə təhsil almışam. Hazırda isə Avstriyanın Salzburq şəhərində, Salzburq Tətbiqi Elmlər Universitetində, “Turizmdə İnnovasiya və Menecmentlik” fakültəsində bakalavr təhsili alıram.
Xaricdə təhsil almaq həvəsiniz harada və necə yarandı?
Altınıcı sinifdə oxuyanda, məktəbimizə Sülh Korpusundan (Peace Corps) bir könüllü təyin olunmuşdu. Bütün uşaqlar İngilis dilini öyrənmək həvəsinə düşmüşdülər. Sonrakı illərdə könüllülərin sayı artmağa başladı. Biz də hamımız onların təşkil etdikləri danışıq və kino klublarında iştirak eləməyə başladıq. FLEX proqramı ilə ilk tanışlıq da məhz onların sayəsində oldu. Xaricdə təhsil almaq qərarına bütün bunların böyük təsiri oldu. Sonradan alman dilinə yaranan maraq, almandilli ölkədə təhsil almaq qərarına gəlməyimə səbəb oldu.
Oxuduğunuz ölkəni ideal təhsil ünvanı kimi dəyərləndirmək olar?
Hmm…Burada təhsil almağın üstünlüklər həddindən artıq coxdur. Birinicisi, insan özünü inkişaf etdirir, xarici dil öyrənir, müxtəlif insanlarla ünsiyyət qurmaq bacarığını ortaya çıxarır, fərqli mədəniyyətə inteqrasiya edir. Ümumiyyətlə, fikrimcə, Avropa təhsil almaq üçün ən ideal yerlərdəndir.
Universitet ilə gənclərimizi qiyabi də olsa tanış edə bilərsiniz?
Əlbəttə, universitetim şəhərdən kənarda, balaca bir kənddə yerləşir (Puch bei Hallein). Digər korpusu isə başqa şəhərcikdə yerləşir (Kuchl). 1995-ci ildən fəaliyyət göstərir. Burada təhsil alman və ingilis dillərində tədris olunur. Universitet tələbələrə 17 Bakalavr və 10 Magisrt ixtisasları üzrə təhsil almağı təklif edir. Tələbələrin sayı təxminən 2600-dır.
Dərsləriniz hansı şəkildə tədris olunur?
Burada texnologiyadan istifadə yüksək səviyyədədir. Dərsə aid bütün materiallar və ev tapşırıqları universitetin xüsusi platformasına (e-learning platform) yerləşdirilir. Dərs zamanı, professorlar Power Point prezentasiyalarından istifadə edirlər. Dərsə aid bütün ləvazimatları (kağız və digər dəftərxana ləvazimatları) kitabxanadan və ofisdən əldə etmək mümkündür. Kompüter laboratoriyaları hər zaman tələbələrin üzünə açıqdır və istifadəyə heç bir məhdudiyyət qoyulmur. Universitet Salzburq şəhərində yerləşən digər universitetlərlə əməkdaşlıq edir və tələbələrə həmin universitetlərin kitabxanalarından istifadə etmək üçün xüsusi icazə verir.
Bəs fərqli ölkələrin tələbələri bir arada olarsa?…
Qrupumuzda bütün kontinentlərdən tələbələr var. Avropalılar üstünlük təşkil edir. Daha sonra Asiya, Afrika, Amerika (Cənubi) və Avstraliya yer alır. Mədəniyyətlər fərqli olsa da, ümumi dil tapmaq çox asan idi. Yadda qalan mənfi cəhətlərə hələ rast gəlməmişəm, müsbət cəhətlər isə həddindən artıq çoxdur. Uşaqlar ölkələri haqqında maraqlı faktları çatdırır, tarixi hadisələr və ölkələrinin coğrafiyası, mədəniyyəti və mətbəxi barədə məlumat verirlər. Bir dəfə ingilis dili dərsində İnternational Breakfast adlı dərs təşkil etmişdik. Hərə öz ölkəsinə aid tipik bir yemək gətirib digərləri ilə paylaşmışdı.
Bir tələbə kimi nələrin bizdə də olmasını arzu edərdin?
Azərbaycanda heç vaxt universitet təhsili almadığımdan, ümumi vəziyyət ilə ancaq qiyabi tanışam. Ona görə orta məktəbdən nə dərəcədə fərqləndiyini deyə bilməyəcəm. Orta məktəbdə, məsələn, şagirdlərin kompüterlərdən istifadəsinə böyük məhdudiyyətlər qoyulurdu və kompüter otağı günün böyük bir yarısı müəllimlər tərəfindən zəbt olunurdu. Kimya, fizika dərslərində isə ümumiyyətlə heç vaxt laboratoriyadan istifadə etməmişik. İdman dərslərindən həmişə evə buraxılardıq. İqtisadiyyat müəlimi isə şagirdləri başqa fənlərdən aldıqları qiymətlərə əsaslanıb qiymətləndirirdi.
Xarici və Azərbaycanlı tələbələrin həyat tərzində hansı fərqlilikər var? Bəlkə müqayisə edək.
Azərbaycanlı tələbələrin əksəriyyətinin əlavə məşğuliyyətləri yoxdu. Maraq dairələri geniş deyil. Buda ki, cəmiyyətin ümumilikdə passiv olmasından irəli gəlir. Yəni ki, tələbə olmaqla birbaşa əlaqəsi yoxdu. Avropalı tələbələr tətillərdə və həftə sonlarında mütləq harasa səyahət edir, xaricdəki (Qvatemala və Tailand kimi ölkələrdə də) müxtəlif praktika (internship) imkanlarından geniş istifadə edir, boş vaxtlarında idmanla məşğul olurlar. Hazırda Azərbaycanda universitetdə oxuyan tanışlarımdan daha çox şəraitsiz auditoriyalar, müəllimlər tərəfindən dərslərə qeyri-ciddi münasibət və digər hallar haqqında xəbərləri tez-tez eşidirəm.
Fərqli bir ölkədə üzləşdiyin maraqlı anlar nə olub?
Maraqlı məqamlar daha ünsiyyət zamanı üzə çıxır. Belə ki, Qərbi və Mərkəzi Avropalılar daha təmkinli və neytral olurlar. Asiyalılar (xüsusilə də cənub-şərqi Asiyadan olanlar) isə daha utancaq və qapalı olurlar. Maraqlı məqamlara isə gün ərzində universitetdə də rast gəlmək mümkündür. Məsələn, yeməkxanada nahar seçimi edərkən, professorlarla ünsiyyət zamanı, punktuallıq problemləri və s. ən çox rast gəlinən məqamlardandır.
Orada təhsil almağa və yaşamağa şərait var?
Düşünürəm ki, inkişaf etmiş ölkədə yaşamağın üstünlüyü ondadır ki, ictimaiyyət üçün bütün xidmət və digər sahələrdə yüksək şərait yaradılıb. Yaşadığım ölkədə tələbələrin keyfiyyətli təhsil almaları üçün hər bir şərait yaradılıb: universitetlərdə bütün texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalardan tutmuş, yüksək səviyyədə xidmət göstərən kitabxanalara, universitet administrasiyasına qədər, dərslərin keyfiyyətinə, xarici dil öyrənmək imkanlarına, iş və praktika təkliflərinə, idman infrastrukturlarına, biletlərə və müxtəlif yerlərə – muzey və s. güzəştlərə, bankda pulsuz hesab açmaq imkanına qədər. Peşəkarlığa gedən yolda oxuduğum universitetdən və fakültədən çox əminəm. Çünki universitet keyfiyyətli təhsil verməklə yanaşı, müxtəlif şəxsi və professional bacarıqların inkişaf olunmasında böyük səy göstərir (kritik düşünmək qabiliyyəti və s.).
Ölkəmizi necə tanıyırlar?
Onların Azərbaycan haqqında məlumatları çox azdı. Daha çox keçmiş Sovet ölkəsi olduğu haqqında bilirlər. Burada tələbələrə əsasən ölkəmizin coğrafi mövqeyi, təbiəti, landşaftı, dili, mədəniyyəti, entik azlıqlar, mətbəxi haqqında məlumat verirəm. Sovet İttifaqının təsirlərini, ölkədə hazırki təhsilin səviyyəsini, iqtisadi və siyasi vəziyyəti olduğu kimi çatdırmağa çalışıram.
Gənclərə sözünüz varmı?
Özlərinə məhdudiyyətlər qoymasınlar (əsas da yaş məhdudiyyəti). Fikirləşməsinlər ki, planlarını mütləq müəyyən bir yaş çərçivəsində həyata keçirməlidirlər. Fərqli mədəniyyətdə yaşamaq və xarici dil öyrənmək imkanından mütləq istifadə etsinlər. Kütlənin formalaşdırdığı standartları özlərinə aid etməsinlər və onlardan uzaq qaçsınlar. Nəhayət, öz təhsil və sosial hüquqlarını tələb etməkdən qətiyyən çəkinməsinlər. Uğurlar!
Mənbə: xaricdetehsil.news