Turizm mövsümü davam etsə də hələ hamı istirahətə gedə bilməyib. Adəti üzrə əksəriyyət öz istirahətini mövsümün qızğın vaxtına – iyul-avqust aylarına planlaşdırıb. Amma bunu edə bilməyənlər də çox şey itirməyiblər – cəmi bir aydan sonra - avqust-sentyabr aylarında aşağı qiymətli turizm mövsümü başlayır.
«Pik», yoxsa, «gecikmiş» turizm?
İyulun 1-dən avqustun 21-nə qədər olan dövr yüksək (pik ) turizm mövsümü hesab olunur. Adətən Türkiyə kurortlarında çimərlik istirahətini nəzərdə tutan pik dövründən fərqli olaraq gecikmiş turizm səyahət və digər ölkələrin kurortlarını əhatə edir. Belə ki, sentyabrdan Türkiyə, Rusiya və bəzi Avropa ölkələrinə səyahətlər azalsa da isti iqlim qurşağında yerləşən ölkələrə - Misir, Qatar, Birləşmiş Ərəb Əmirliklərinə səyahətlər, əsasən, sentyabrda başlayır. Ona görə bu dövrü gecikmiş turizm mövsüm kimi təqdim edənlər də var.
Adambaşına 350 manat qənaət imkanı
Fins.az-ın araşdırmasına görə, gecikmiş turizm mövsümündə tur paketlərin qiymətləri 10- 20 faiz ucuzlaşır. «Regea travel» şirkətinin nümayəndəsi, turizm eksperti Maya Nağıyeva bildirdi ki, sentyabrda “qaynar” turizm mövsümü başa çatmış olur. Ona görə də qiymətlər hətta 50 faizə qədər ucuzlaşa bilər: «Məsələn, avqustun 5-nə Türkiyənin kurort zonasında yerləşən «Club Konaklı» otelində bir həftəlik qonaq olmaq 2 nəfər üçün 1000 dollardır. Ancaq sentyabr ayı üçün bu qiymət 650 dollar müəyyən edilib».
«AtaTravel» şirkətinin nümayəndəsi Rəvan Əhmədov də deyir ki, mövsümə uyğun olaraq qiymətlər də dəyişir: «Mövsümün sonuna yaxın qiymətlər, adətən, 10-15 faiz aşağı enir. Türkiyədə hazırda 1200-1500 dollara təklif edilən tur paketlər sentyabrda 800-1000 dollara enəcək. Daha detallı desək, avqustun 22-29-u üçün Antalyaya 2 nəfərlik paket 1050 dollara satılır. Sentyabrın 5-i 12-si aralığında isə bu qiymət 838 dollar olacaq».
Endirim təkcə Türkiyədə deyilmiş
Azərbaycanlıların digər populyar istiqaməti olan Gürcüstanda da qiymətlər mövsümün sonuna doğru ucuzlaşacaq. Məsələn, indi Batumidə 2 nəfərin bir günlük oteldə qalması, istirahəti 130-140 dollardır. Sentyabrda isə bu qiymət 90-100 dollara enəcək.
İndi tələbat olan Rusiyanın kurort zonalarında da qiymətlər yüksəkdir. Yessentukiyə iyul ayında 95-96 manata təklif edilən 1 günlük xidmətlər sentyabrda 87-88 manata enəcək.
Qənaət üçün …gecikmək lazımdır
«Millenium Turizm» şirkətinin rəhbəri Ruslan Quliyev də hesab edir ki, qənaət etmək istəyənlər istirahətə pik dövründə yox, gecikmiş mövsümdə getməlidirlər: «İyul ayı ilə müqayisədə may-iyun aylarında satılan tur paketlər adətən 30 faiz ucuz olur. Sentyabrda isə 15-20 faiz fərq yaranır». Məsələn, may ayında 2 nəfər üçün 1 həftəlik tur paket 200 dollara təklif olunurdu.
Mövsümlərin fərqi nədir?
R.Əhmədob bildirdi ki, pik mövsümdən fərqli olaraq gecikmiş mövsümdə insanlar daha çox tək səfərə çıxmağa üstünlük verirlər: «Yayda adamlar təhsil müəssisələri və digər iş yerlərində məzuniyyətlərin verilməsindən istifadə edərək daha çox ailəvi səfərlərə üstünlük verirlər. Ona görə də birbaşa reyslərdən istifadə etmək daha sərfəli olur. Sentyabrdan sonrakı mö vsümdə isə daha çox tək səfər edirlər». R.Əhmədov gecikmiş mövsümdə turlara çıxan vətəndaşların yaş həddini də açıqlayıb. Bildirib ki, bu dövrdə səyahət edənlər əsaəsn, 40-45 yaş və ondan yuxarı həddə olanlardır.
Avropaya səyahət qiyməti dəyişmir
Avropaya səyahətlərin qiyməti isə isə dəyişmir. Turizm mövsümündə də, sentyabrda da getsəniz 1200 dollardan başlayan qiymətlərlə turlar təklif olunur. Avropa ölkələrindəki turist məkanları mövsümdən asılı olmayaraq daim maraq kəsb edir.
Ruslan Quliyevin fikrincə, yay mövsümündə insanlar istirahət üçün daha çox dənizə üz tutur, dəniz sahillərində yerləşən ölkələrə istirahət etməyə daha çox üstünlük verirlər. Sentyabrda isə daha çox müalicə, işgüzar səfərlər, dini ziyarətlər, şopinq, idman yarışlarına baxmaq və digər əyləncələr üçün gedirlər. Bu zaman Avropa, MDB ölkələrinə getməyə üstünlük verirlər. Ona görə də qiymət fərqi olmur.
Yayda temperatur həddən artıq yüksək oldugundan Dubaya səyahət məsləhət deyil. Buraya səyahətlər əsasən noyabrdan sonra başlayır. Ona görə indi Dubay turları təxminən 50 faiz ucuzdur.