Təhsil haqlarının 70%-ni dövlət universitetə ödəyir… - MÜSAHİBƏ

Xəbərlər 20 Iyul 2016 00:00 1860
Təhsil haqlarının 70%-ni dövlət universitetə ödəyir… - MÜSAHİBƏ

Xaricdetehsil.news saytına müsahibə verən növbəti qonağımız 1993-cü ildə Gəncə şəhərində anadanolan Şamil Mustafayedir.Tələbəmiz orta məktəbi bitirdikdən sonra bakalavr təhsilini Bolqarıstanda yerləşən Amerikan Universitetində alıb. Hazırda Dövlət Proqramı vasitəsilə Hollandiyada magistratura üzrə təhsilini davam etdirir. Tələbəmizin təhsil həyatı ilə daha yaxından tanış ola bilərsiniz. 

Hollandiyada istənilən şəxs universitetə daxil ola bilirmi?

Burada  təhsil sistemi digər ölkələrdən çox fərqlənir. Məsələn, orta məktəbi bitirən və attestata sahib olan istənilən holland vətəndaşı imtahan vermədən istədiyi universitetin istənilən bakalavr pilləsinə daxil ola bilər. Bakalavr pilləsini uğurla bitirdikdən və bakalavr diplomuna sahib olduqdan sonra isə magistratura pilləsi üçün istənilən universitetin həmin ixtisası üzrə təhsilini davam etdirə bilər. Heç bir pilləyə qəbul üçün imtahana ehtiyac duyulmur. Səbəb isə bütün imtahanların bütün elmi ocaqlarda eyni səviyyədə qorunub saxlanmasına nail ola bilmələridir. Məsələn, Delftdə bir ixtisas üzrə təhsil alan şəxsin bakalavr diplomu, Eindhovendə həmin ixtisas üzrə təhsil alan tələbənin bakalavr diplomu ilə eyni, yəni ekvivalent sayılır. Beləcə burada təhsil alan yerli tələbə istənilən universitetə seçə və imtahansız daxil ola bilər. Bundan əlavə təhsil haqqının yüksək olmasına baxmayaraq, təhsil haqlarının təxmini 70%-ini subsidiya şəklində tələbənin əvəzinə dövlət universitetə ödəyir. Yalnız Avropa Birliyindən kənardan gələn tələbə üçün bu məbləğin tam ödənilməsi tələb olunur.

Təhsil almağın çətin tərəfləri…

Hollandiya təhsil ocaqlarında imtahanlar çox çətindir. Ona görə də hər imtahanı ən azı 2 dəfə yenidən vermə şansı verirlər. Buna görə də, Hollandiyada hər hansı bir dərsdən kəsr almaq tamamilə normal bir haldır və istər tələbə, istərsə də müəllim bunu normal qarşılayır.

Mənim universitetim…

Mən Hollandiyanın Eyndhoven şəhərində yerləşən Eyndhoven Texnologiya Universitetinin Biznes İnformasiya Sistemləri (BİS) üzrə magistratura pilləsində təhsil alıram. Bu fakültə Kompyuter Elmləri və Sənayə Mühəndisliyi kafedralarının birgə təsis etdiyi bir fakültədir. Bu ixtisasda daha çox informasiya sistemlərindən istifadə edərək biznes proseslərinin təşkili, təhlili və optimallaşdırılması öyrədilir. BİS proqramının 2 illik olması isə əlavə üstünlükdür, çünki ixtisasa tam yiyələnmək üçün yetəri qədər vaxt olur. Universitetə gəldikdə isə, Eyndhoven Texnologiya Universiteti hal-hazırda dünyanın ən güclü 100 texnologiya universitetindən biridir. Universitetdə bakalavr, magistr və PhD pillələri üzrə 12 000-ə yaxın tələbə təhsil alır. Təhsili bitirdikdən sonra isə iş tapmaq elə də çətin deyil, çünki Hollandiya texnologiya sahəsində sürətlə inkişaf edən ölkələrdən biridir və hal-hazırda bu sahə üzrə müəyyən mütəxəssis qıtlığı yaşayır. Universitetin ən güclü sahələri isə Fizika, Memarlıq, Biotibbi, Kimyəvi və Mexaniki Mühəndislik, Kompyuter Elmləri, Sənaye Dizaynı və Mühəndisliyi, Tikinti və İnformasiya Təhlükəsizliyidir. Bu ixtisaslar üzrə təhsil almaq istəyən tələbələr Eyndhoven Texnologiya Universitetini seçə bilərlər.

Universitetdə tədris praktiki şəkildə tətbiq olunur…

Dərslərdə keçirilən teoritik biliklər dərhal praktiki halda tədris olunur. Bu isə tələbənin daha çox yaddaşında qalmasına və gələcəkdə daha rahat işləyəcəyinə kömək edir. Həmçinin imtahanlardan kəsilən zaman heç bir ödəniş etmədən imtahanı yenidən vermək imkanını görmək istərdim. Səbəb isə bəzi imtahanlarda tələbələrin stress keçirməsi və ya müəyyən üzrlü səbəblərə görə hazırlıqsız olmasıdır.

Tələbə həyatına nələr daxildir?

Tələbə həyatına ilk öncə yemək bişirmə daxildir. Çünki burada qidalanma çox baha olduğundan, yeməyi özün hazırlamalı olursan. Ac insan necə təhsil ala bilər? (gülür) Daha sonra isə təhsil, idman, tələbə təşkilatları, müxtəlif növ əyləncələr və gəzinti daxildir.

 

Xaricdə təhsil dedikdə bütün günü kitab oxumaq gözümüzdə canlanır…

Magistratura pilləsində daha çox sərbəst şəkildə tədris nəzərdə tutulur. Dərslər çox az olur. Əsasən ev tapşırıqları, layihələr və imtahanlara hazırlıq çox vaxt aparır. İmtahanlara gəldikdə isə, sualların hamısı açıq tipli olur. Bəzilərində hesablamalar, bəzilərində isə böyük paraqraflar yazmalı olursan.Həmçinin Hollandiyada tələbələr üçün böyük kitabxanalar, dərs otaqları, mühəndislik layihələri üçün istənilən avadanlıqlar və geniş ərazilər, yaşayış və idman kompleksləri yaradılıb. Xarici tələbələr əsasən sənaye və texnologiya sahələri üzrə işə cəlb olunurlar.

Ölkəmizdən uzaqda daha çox nələr və kimlər üçün darıxırsan?

Doğulduğum Gəncə şəhəri üçün darıxıram. Ailəm və dostlarım üçün də ara-sıra darıxıram, ancaq bunlara artıq öyrəşmişəm. Həm də lazım gəldikdə onlarla ünsiyyət qura bilirəm, ancaq Gəncənin hər şeyi mənə doğma və əzizdir, və ora üçün çox darıxıram. Bütün ilk dəfə xaricdə təhsil alan tələbələr kimi mən də “mədəni şok” keçirmişəm. Bolqarıstanda insanların geyimləri, davranışları və düşüncələri bizdən daha fərqlidir. Hərbi xidmətdən sonra isə Hollandiyaya gəldikdə, bu, artıq adi hala çevrilmişdi.

Mənim  ictimai fəaliyyətim…

Universitetimizin futbol üzrə Hollandiyanın həvəskarlar liqasında oynayan futbol komandasında qapıçıyam. Həmçinin Azərbaycanlıların toplaşdığı, səfirliyin və ya diasporanın təşkil etdiyi müxtəlif tədbirlərə və nümayişlərə qatılıram. Bundan əlavə Azərbaycana özəl olan günləri burada keçirməyə çalışıram. Keçən ay universitetimizdə 28 May Respublika Günü münasibətilə iki tədbir keçirdim. Burada təhsil alan xarici tələbələrə Respublika Günü haqqında və Azərbaycan haqqında müxtəlif məlumatlar verdim. Bundan əlavə 1 mart tarixində “Milli Dəstə” adlı azad azarkeş qrupu təsis etdik və məqsədimiz Avropanın müxtəlif turnirlərində çıxış edən futbol klublarımıza və milli komandalarımıza tribunadan dəstək olmaqdır. Gələcəkdə isə fərdi idman növlərində də idmançılarımıza dəstək olmağı planlaşdırırıq.

Xaricdə təhsil almaq istəyən gənclərimizə sözüm odur ki…

Xaricdə təhsil almaq arzusunda olan gənclər məktəb vaxtlarından ingilis dili və riyaziyyata üstünlük verməlidirlər. Burada təhsil almaq arzusunda olan gənclərdən əsasən TOEFL/IELTS imtahanı, sənədləşmə və təhsil haqqı tələb olunur.Daha sonra isə istənilən təqaüdlə və ya şəxsi hesabına tərəddüd etmədən xaricdə təhsilini davam etdirməlidirlər. Burada  istər təhsil, istər iş, istərsə də özünü inkişaf etdirmə cəhətdən imkanlar genişdir.

OXŞAR XƏBƏRLƏR