Estoniyada oxuyan Azərbaycanlı tələbəmizin təhsil almaq sirlərini Siz də öyrənin və bir addım öndə olun…
Mən Rüfət Dərgahlı 18 yaşım var. Estoniyanın Tartu şəhərində eyniadlı universitetdə bakalavr təhsil alıram. Biznesin idarə olunması üzrə 1-ci kurs tələbəsiyəm. Bu günə qədər müxtəlif beynəlxalq proqramlarda iştirak etmişəm. Hazırda Azərbaycanın ən geniş miqyaslı ətraf mühit proqramı olan Spare layihəsində sosial media üzrə menecerəm. Məktəb illərim Dədə Qorqud özəl liseyində keçib. Buranı bitirdikdən sonra bir çox universitetlərə müraciət etdim. Sonda Estoniyada təhsil almaq qərarına gəldim. Bu universitetin şərtləri mənə daha uyğun idi. Xaricdə təhsil almaq böyük arzum olub. Hər zaman Avropada mənə uyğun olan unversitetdə təhsil almaq istəmişəm. Çünki burada təhsil almağın üstünlükləri çoxdur. İlk növbədə yad ölkədə özünün kəşf edirsən. Ailəndən, yaxınlarından uzaq olursan və boşluğa düşürsən. Nəticədə öncə yemək bişirməyi öyrəndim. Artıq bir ildir ki, ailəmdən uzaqda yeni bir sferadayam.

Estoniya ideal təhsilin ünvanıdır?!
Hazırda təhsil aldığım universitet bütün standartlara cavab verir. Tartu universiteti Estoniyanın ən qədim ali məktəbidir. Baltikyanı ölkələr sırasında adlı-sanlı təhsil ocağıdır. Ali məktəbim 1632-ci ildə yaranıb. Reytinq cədvəlində təhsil shəsində qazandığı uğurlara görə Baltikyanı ölkələr sırasında bir nömrəli universitetdir. Dünyanın dörd bir yanından burada tələblər təhsil alır. Bir sözlə bura tələbə şəhərciyi də adlanır.
Standartdan kənar…
Mən liseyi bitirdikdən sonra birbaşa xaricdə ali təhsil alıram. Ölkəmizdəki universitetlərdə dərs keçirilmə metodundan xəbərsizəm. Burada müəllimlər daha çox praktiki şəkildə dərsləri başa salırlar. Tələbənin başa salmaq üçün daha əlverişli yollardan istifadə edirlər. Dərslərimiz internet üzərindən keçirilir. Tapşırıqları, esseləri mütləq kompüterdə işləyib müəllimlərə göndəririk. Daha sonra universitetdə vahid sistem var ki, bu sistemin köməyi ilə bütün tələbələr dərs vəsatlərindən, tapşırıqlardan rahat şəkildə istifadə edirlər.
Müxtəlif ölkələrin tələbələri bir arada olarsa…
Fərqli gənclərin bi arada olmasının müsbət cəhətləri çoxdur. Mən bura gəldiyim ilk gündən ingilis və rus dilindən daha çox istifadə edə bilirəm. Sinif yoldaşlarımın hamısı Avropa ölkələrindəndir. Burada yeni dostluqlar qazanmışam və onlarla fərqli və maraqlı həyat tərzi keçirirəm.

Bir tələbə kimi nələrin bizdə də olmasını arzu edərdin?
Avropada təhsil təbii ki, Azərbaycandan bir addım öndədir. Burada müəllim tələbə münasibətləri fərqlidir. Dərslərimiz daha çox təcrübəyə əsaslanır. Bizim dərslərimiz vasitəsilə hər hansı bir şirkətin qurulması, iş prinsipləri ilə tanış olmaq şansımız olur. Daha sonra öyrəndiklərimizi hesabat şəklində təqdim edirik. Bu bir tələbənin təcrübə qazanmasına çox kömək edir. Burada universitetin mərkəzi kitabxanası var ki, minlərlə kitab mövcuddur. Kitabxanada hər bir tələbənin oxuması üçün hər cür şərait yaradılıb. Bir tələbə səhərdən axşama kimi kitabxananı öz evi kimi istifadə edə bilər. Dərs çalışmaq, yemək və s. Düşünürəm ki, bu sistem Azərbaycanda yoxdur. Bunların bizdə də olmasını çox istərdim.
Həyat tərzi…
Gənclərin həyat tərzində çox fərq var. Avropada tələbələrin həyatı da tamam fərqli olur. Əsas cəhət isə onlar yaşam tərzi ilə fərqlənirlər. Burada tələbələrin daha çox imkanları var. Tələbələr hər yerdə onlar üçün olan endirimlərdən istifadə edə bilirlər. Daha sonra burada tələbə şəhərciyi fəaliyyət göstərir ki, müxtəlif tədbirlər həyata keçiririk. Fərqi ölkələrin mədəniyyətləri ilə tanış oluruq. Eyni zamanda Azərbaycan gecəsi də keçirdik. 200-dən çox tələbəyə ölkəmiz haqqında önəmli məlumatlar verdik. İstərdim ki, ölkəmizdə də tələbələrin fəallığı üçün müxtəlif işlər görülsün.
Müşahidələr və nəticələr…
Düzü, Estoniyada adət-ənənələr tamam fərqlidir. Estonlar finlərə, skandinaviyalılara yaxın olduqları üçün onların adətləri oxşardır. Estonlar danışarkən çox qısa-qısa cavablar verirlər. Məsələn: nə isə soruşurlarsa, onu qısa cavablandırırlar. Çox soyuq insanlardır. Ümumi sual verirsən və konkret cavab alırsan. Bizdə isə hal-əhval tutduqda azı on cümlə qarşılığı verilir. Dil baxımından problemim yoxdur. Danışıqlar zamanə ingilis bəzən isə rus dilindən istifadə edirəm. Qarşıda eston dilini də öyrənməyi planlaşdırıram.

Çoxlu idealarım var…
Mən biznes sahəsində təhsil alıram. Bu zaman gərək özünüzün ideyanız olsun. Mənim hazırda özümüm planlarımı həyata keçirirəm. Fikirləşdim ki, öz həmyerlilərimizə ingilis dilini onlayn şəkildə öyrədək. Bilirsiniz ki, Skype Estoniyada yaranıb. Bunun vasitəsilə insanlara onlayn ingilis dili dərsləri keçirik. Bununla az da olsa gəlir əldə edirik. Hələ ki, bu sahə üzrə yeniyik. Fikirləşirəm ki, ölkəmizdə bu sahə üzrə məşğul olan insanlar azdır. Məqsədimiz Azərbaycanda bir nömrəli onlayn ingilis dili öyrənmə platforumuna çevirilməkdir. Daha sonra bura gələndən youtube vasitəsilə burada Azərbaycan dilini fərqli üsullarla xarici vətəndaşlara öyrətməyə başladım. Dilimizdən başqa özümlə gətirdiyim vəsaitlərlə də Estonlara Azərbaycanı təbliğ edirəm. Onları ölkəmizi gəzməyə dəvət edirəm. Hətta Estonlar arasında Azərbaycan haqqında sorğu keçirdik və məlum oldu ki, Estonların Bakını və ölkəmizin Avroviziya qalibiyyəti haqqında məlumatları var.
Tələbəmizin gənclərə sözü var…
Xaricdə təhsil almaq böyük bir addımdır. Çox istərdim ki, xaricdə təhsil alan gənclərimizin saytı artsın. Tələbələr xaricdə təhsil aldıqda daha fərqli həyat yaşayırlar. Yeniliklərlə tanış olurlar. Özlərini kəşf edirlər. Ölkəmizin təbliğatında onların böyük rolları olur. Bunun üçün sərhədləri aşmaq lazımdır. Öz arzu və istəklərinin arxasınca getsinlər. Bu zaman insanlar itirmir daha çox qazanır. Çünki, öz səhvləri ilə öyrənirlər. Gərək gənclərimiz irəliyə getmək üçün xaricdə təhsil kimi fürsətdən istifadə etsinlər. Hər kəsə UĞURLAR…