Hər il olduğu kimi, ötən il də milyonlarla xarici turist Parisin qonağı olub. Bu, həmin şəhərə dünyanın turistlər tərəfindən ən çox ziyarət olunan şəhər titulunu qoruyub saxlamağa kömək olub. Lakin fransızların özəri deyəsən öz şəhərlərini artıq sevmirlər.
Seyyah.az fransız mətbuatına istinadən xəbər verir ki, Paris növbəti dəfə dünyanın ən çox turist qəbul edən şəhəri olub.
Xatırladaq ki, bu ilin yanvarında mütəxəssislər ən populyar şəhər titulunun Londona keçdiyini söyləyirdilər. Lakin məlum oldu ki, bu, belə deyil.
Qlobal maliyyə çətinliklərinə baxmayaraq, 2013-cü il Paris və ümumilikdə bütün İl-de-Frans bölgəsi üçün turizm nöqteyi nəzərindən çox uğurlu il olub. Xarici qonaqların sayı isə son 10 ildə ən yüksək həddə çatıb.
Ötən il təqribən 15,5 milyon xarici turist Fransanın paytaxtını ziyarət edib. Bu, 2012-ci illə müqayisədə 8,2% daha çoxdur. Turistlərin 2,1 milyon nəfəri buraya Böyük Britaniyadan gəlib. Sonrakı sıralamada amerikalılar, almanlar, italyanlar və çinlilər gəlir.
Maraqlı fakt həm də odur ki, bu il çinlilər yaponları qabaqlayaraq Asiyadan gələn turistlərin sıralamasında ilk pilləyə yüksəliblər. Yaxın şərqdən gələn turistlərin sayı da 21% artıb.
Bununla yanaşı, fransızlar öz paytaxtlarına daha az maraq göstərməyə başlayıb. Parisi ziyarət edən yerli turistlərin sayı 2012-ci illə müqayisədə 7,5% azalıb.
Xarici turistlər gəzməkdən əlavə, Fransanın daşınmaz əmlak bazarına da böyük maraq göstərirlər.