Xaricdetehsil.news saytına müsahibə verən növbəti tələbəmiz Mehdiyev Həmid Mübah oğludur. 1994-cü ildə Mingəçevir şəhərində anadan olan Həmid orta məktəbi doğulduğu şəhərdə bitirib. O, 2015-ci ildə Milli Aviasiya Akademiyasında İqtisadiyyat və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirib. Hazırda İtaliyanın paytaxtı Roma şəhərində Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistr üzrə təhsil alır.

Niyə xaricdə təhsil almaq qərarına gəldiniz?
Əslində bakalavr təhsilimi xarici ölkələrin birində təhsil alacaqdım. Hər şey hazır idi, sadəcə sonda Bakıda qalmağı seçdim. Düşünürəm ki, istər xaricdə yaşamaq, istərsə də orada təhsil almaq insana müsbət yöndə təsir edir. Dünyagörüşü formalşadırmaq, müxtəlif mədəniyyətlərlə tanış olmaq, xarici tələbələrlə ünsiyyət qurmaq, dil bilgilərini artırmaq və s. bu kimi faktorlar gələcəkdə uğurlu karyeranın əsasını təşkil edə bilər. Bunları göz önündə tutaraq, qarşıma məqsəd qoydum və son qərarım Roma oldu.
Xarici ölkələri ideal təhsil ünvanı kimi dəyərləndirmək olar?
Dediyim kimi, həm individual olaraq həm də karyera, iş baxımından xaricdə təhsil almaq çox əhəmiyyətlidir. Bura ideal təhsil ünvanı demək olmazdı, çünki hərkəsə məlumdur ki, ABŞ və Böyük Britaniya kimi ölkələr təhsildə dünya liderləridir. Təbii ki, Sapienza Universiteti də adi bir yer sayılmaz. Sadaladığım dövlətlərlə müqayisə etməsək, universitetim Avropada sayılı-seçilən nəhəng təhsil ocağıdır. 1303-cü ildə əsası qoyulmaqla Dünyanın ən köklü, qədim 10 universitetində biridir. Fizika və təbiət fənnləri başda olmaqla, tibb və hüquq sahəsində onlarla dünya şöhrətli alimlər burada təhsil alıblar. Yəni ideal heasb edilməsə belə, universitetin elmə müstəsna xidmətləri var.
Dərslər hansı şəkildə tədris olunur?
Ölkəmizdə Sovet dövründə tətbiq olunan tədris prosesinin qalıqları çoxdur. Burada dərsə gəlmə məcburiyyətin yoxdur, sadəcə sistem elə qurulub ki, sən özün maraq göstərirsən ki, dərsdə iştirak edəsən. Bizdə isə dərsə məcburən qayıb almamaq üçün gəlirsən. Təhsilin keyfiyyəti isə bəzi 2-3 universitetimizdən başqa o qədər də ürəkaçan deyil.

Müxtəlif ölkələrin tələbələri ilə birlikdə təhsil almağın mənfi və ya müsbət cəhəti varmı?
Əlbəttə ki, bunun müsbət cəhətləri çoxdur. Mən dil öyrənməyə çox həsəvliyəm. Məsələn, yerli italiyan tələbə yoldaşlarımla ingiliscə yox, italiyanca ünsiyyət qurmağa çalışıram ki, heç olmasa günlük həyatımda italiyan dilində danışa bilim. Əlavə olaraq, frankofon qrup yoldaşlarım var ki, onlarla görüşərkən fransız dilində danışıram ki, mümkün qədər fransız dilini də unutmayım. Burada hər qitədən müxtəlif dillərdə danışan tələbələr var. Bununla maraqlı bir mühitin içində olursan.
Xaricdəki təhsil sistemindən nələrin bizdə də olmasını arzu edərdin?
Gəlin, ali təhsil ocaqlarından əvvəl məktəblərimizə nəzər salaq. Kosmik sürətlə inkişaf edən iqtisadiyyatımızla tərs mütənasib vəziyyətdir. Regionda məktəblərin durumu heçkimə sirr deyil. Gələcək nəslin inkişafı üçün yenidən başlamaq lazımdır. Məktəblərlə universitetlər arasında bağlılıq itir. Belə ki, 5 qrup üzrə imtahan verən abituriyentə qəbul olduğu ali təhsil ocağında 11 il oxuduqları bəzən lazım olmur. Düşünürəm ki, hüquqşünas olmaq istəyəni şeir, diplomat olmaq istəyəni düstur əzbərləməyə məcbur etməkdənsə, ixtisaslaşmanı məktəbdə ən azı 2 il əvvəldən başlamaq çox daha səmərəli olar. Universitetin kitabxanasının böyüklüyü, şəraiti nə qədər mühüm olsa da, oxuyucu olmadan bir məna kəsb eləmir. Nəzərdə tutduğum odur ki, tək şəraitlə də irəli getmək olmaz. Tələbələri kitabxanalara cəlb etmək üçün mühüm işlər görülməlidir.

Xarici və Azərbaycanlı tələbələrin həyat tərzini necə müqayisə edərdiniz?
Əgər dərsdən kənar yaşam tərzini nəzərdə tutursunuzsa, xaricilərdə azadlıq həddindən artıq genişdir. Həmçinin, pis vərdişlər adi hala gəlməkdədir. Təbii ki, dediklərimi hərkəsə aid etmək olmaz, bu, sadəcə ümumiləşdirmədir. Bizə qəribə gələ bilər. Amma mədəniyyət və yaşam fərqi öz sözünü deyir. Lakin onlar üçün bu sadəcə əyləncə sayılır. İstər avropalı olsun, istərsə də amerikalı olsun həddi-buluğa çatarkən əksər gənc artıq ailədən ayrılıb müstəqil yaşamağa, çalışmağa başlayırlar. Başqa sözlə deyə bilərik ki, onlar həyata bizdən daha öncə atılırlar. Bizdə isə çox vaxt işləyəndən sonra belə valideynlərimiz fədakarlıqlarını bizdən heç əsirgəmirlər. Ailə dəyərləri bizdə açıq-aşkar yüksəkdədir. Buna görə, şübhəsiz bəxtimiz gətirib. Yeri gəlmişkən, burdan ata-anama sevgilərimi çatdırıram.Gülür..
Təhsil və yaşamaq üçün tələbələrə hansı şəraitlər yaradılıb?
Mən İtaliya dövlətindən tələbəyə kifayət edəcək qədər təqaüd alıram və buna görə də ilk bunu vurğulamaq istəyirəm. Azərbaycanda qəbul imtahanında elə olur ki, səndən 200 bal aşağı yığanlar təqaüd qazanırdı, sən isə üstəlik Azərbaycan standartlarından yüksək təhsil haqqı verməli olursan. Bu ədalətli sayılmır fikrimcə. Toplanılan bala uyğun hərkəsə təqaüd verilməlidir. Bundan əlavə, bir sıra Avropa ölkələrində ABŞ tələbələr üçün part-time (yarı-zamanlı) işlər təklif olunur. Bizdə isə təəssüf ki, sırf “öz hesabına“ işləmək istəyən tələbələrin böyük əksəriyyətlə 2 seçimi var,ya satıcı ya ofisiant. Halbuki tələbələrə öz ixtisası istiqamətində hansısa təcrübə-iş proqramları imkanları çoxaldılmalıdır ki, mütəxəssislərimizin sayı artsın. Sonrasında təhsilimizi heç olmasa, orta səviyyəli ölkələrlə özümüzü müqayisə edə bilək.

Fakültəniz istəklərinizi həyata keçirməyə kömək olacaqmı?
Gələcəyi bilmək olmaz. Mən sadəcə rasional hesab edib çıxdığım trayektoriya üzrə irəliləməyə çalışıram. İnşAllah, ən azından bu yolda, həm mənim həm digər çalışan yoldaşlarımın əziyyətləri bəhrəsiz qalmaz.
Saytımız vasitəsilə gənclərə nə demək istərdiniz?
Sonda bu müsahibə üçün təşəkkür edirəm. Sizin vasitənizlə, gənclərimizə, xaricdə təhsil istəyində olanlara demək istərdim ki, dostlar, istisnasız qəbul edin ki, heçnə asan deyil. Nəyi həqiqətən istədiyinizi ən gec 1 il əvvəldən müəyyən etsəniz yaxşı olar. Hər ehtimal alternativləriniz də olsun ki, cüzi uğursuzluqda ruhdan düşməyəsiniz. Xəyallarınızı təqib edin, real istək uğurun yarısıdır, digər yarısı isə əzmdir. Göstərəciyiniz əzm, sadəcə bir dəfə yaşayacağınız həyatda həlledici olacaq. Seçim sizindir. Hər kəsə möhkəm iradə arzu edirəm.