Dizaynı İtaliyada öyrənmək arzum idi - XARİCDƏ TƏHSİL

Xəbərlər 16 Avqust 2016 00:00 3750
Dizaynı İtaliyada öyrənmək arzum idi - XARİCDƏ TƏHSİL

Özünüz haqda qısa məlumat.

Mən Günay Həsənova, 1994-cü ildə anadan olmuşam. Hal-hazırda təhsilimi İtalyada davam etdirirəm. Qeyd edim ki, Romada Avropa Dizayn Universitetində (IED) geyim dizaynı üzrə təhsil alıram.

Təhsilinizi niyə xaricdə davam etdirmək qərarına gəldiniz?

Həmişə moda, dizayn sahəsinə xüsusi marağım olub və bu sahəni özümə yaxın bilmişəm. Öz ixtisasımı yarandığı torpaqlarda öyrənmək kiçik yaşlarımdan arzum olub. Hamıya məlumdur ki, Azərbaycanda moda sahəsi demək olar ki, inkişaf etməyib və  moda tədrisi olduqca zəifdir. Bütün bunları nəzərə alaraq, təhsilimi İtaliyada davam etdirməyi qərara aldım.

 

Oxuduğunuz universitetin və fakültənin hansı üstünlükləri var?

Universitetim Avropada tanınmış dizayn universitetlerindən biridir.  Moda fakültəsinin məhz öz universitetimdə xüsusi üstünlüyü ondan ibarətdir ki, məhz geyim dizayneri olmaq üçün bilməyimiz lazım olan hər şeyi tələbələrə öyrədir. Hər universitetdə moda başqa cür tədris olunur, bizdə isə tələbələr daha professional, texniki cəhətdən daha savadlı dizaynerlər olaraq yetişdirilir.

İtaliyanı ideal təhsilin  ünvanlarından biri kimi dəyərləndirmək olar? 

İtaliya dedikdə ağıla ilk gələn şeylər ressamlıq, gözəl mətbəx və modadır. İtaliyanın hər yeri incəsənət qoxur. Ona görə də, öz sahəm üzrə ideal yer olduğunu deyə bilərəm. Digər sahələr haqqında geniş və dəqiq məlumatım olmadığına görə deyə bilmərəm.

Universitetlə bizi qiyabi olsa da tanış edin.

Istituto Europeo di Design (IED) İtaliyada yerləşən dizayn məktəbidir. 1966-cı ildə  Fransisko Morelli tərəfindən təsis edilib. İtaliya, İspaniya, Çin və Braziliyada filiallari var.  Lakin onu da qeyd edim ki, təəssüf ki, idarəçilik o qədər də yaxşı deyil. Buna görə bütün tələbələr şikayət edir. Buna baxmayaraq, təhsil baxımından çox razıyam. Çox savadlı, böyük firmalarda işləyən və bildiklərini bizə öyrətmək üçün can atan müəllimlərimiz var.

Ölkəyə, yeni mühitə uyğunlaşmaq sizin üçün çətin oldu?

Xeyr! Düşünürəm ki, bu insanın özündən asılı olan bir şeydir. Mən düşdüyüm hər mühitə asanlıqla uyğunlaşan biri olduğum üçün demək olar ki, bu barədə heç bir çətinlik çəkmədim.

Təhsil almaq və orda qalmaq üçün xərclərini necə ödəyirsiniz?

Mən Dövlət proqramı vasitəsilə təhsil alıram. Təhsil Nazirliyinin Xaricdə Təhsil üzrə Dövlət Proqramından aldığım təqaüd sayəsində öz xərclərimi ödəyirəm.

 Tələbələr üçün əlavə iş imkanları varmı?

Italiyada bu, o qədər də asan deyil. İş tapmaq üçün italyan dilini mükəmməl bilmək lazımdır.

Asudə vaxtlarınızı tələbə yoldaşlarınızla necə keçirirsiniz?  

Birlikdə nahar və ya şam edirik, gəzintilərə çıxırıq və s.

Ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?!

 

İmkan olduqca beynəlxalq tədbirlərə qatılmağa çalışıram, qatıldığım hər yerdə isə Azərbaycan haqqında danışıram, videolar, şəkillər göstərirəm.  Gələcəkdə isə böyük işlər görərək, öz ölkəmizi layiqincə təmsil etmək arzusundayam.

Xaricdə təhsil almaq arzusunda olan gənclərə hansı tövsiyələri çatdırmaq istərdiniz?

Bizdə maddi cəhətdən xaricdə təhsil almaq həmişə əlçatmaz görünür, amma əslindən elə deyil. Çoxlu teqaüd proqramları, pulsuz təhsillə təmin edən universitetlər var. Mənə həmişə bu barədə suallar verilir. Hər kəsə məsləhətim odur ki, heç vaxt ümidsizliyə qapılmasınlar, axtarsınlar, araşdırsınlar və çoxlu çalışsınlar. Bu nə bəxt, nə də maddi imkandan asılı olan şeydir. Bu, həqiqətən istəyən hər kəsin nail ola biləcəyi bir şeydir.

Hər kəsə UĞURLAR!

Sizə müsahibimizin əl işlərini təqdim edirik. 

 

 

 

OXŞAR XƏBƏRLƏR