Turizm şirkətindən super iş yeri - OTELLƏRDƏ YAŞAYACAQ

Səyahətin ümumi qiyməti 1 milyon dollar təşkil edir.
Xəbərlər 16 Mart 2014 00:00 1676
Turizm şirkətindən super iş yeri - OTELLƏRDƏ YAŞAYACAQ

"Luxury Travel Intelligence" dünyanın ən yaxşı otellərində yaşayacaq işçi axtarır

Dünyanın ən zəngin müştərilərinə xidmət göstərən "Luxury Travel Intelligence" şirkəti yeni peşəkar səyahətçi vakansiyası elan edib. Yəqin dünyada elə adam tapılmaz ki, bu vəzifədə işləmək istəməsin. Məsələ bundadır ki, səyahətçinin əsas vəzifəsi bir il müddətində dünyanın ən eksklüziv otel və kurort bölgələrini gəzib oraların müsbət və mənfi cəhətlərini qərəzsiz şəkildə qeyd etmək olacaq. Səyahətin ümumi qiyməti 1 milyon dollar təşkil edir. Lakin namizədliyi qəbul ediləcək peşəkar "xoşbəxt turist" üçün bu, tamamilə pulsuz başa gələcək.


Bəxtəvər səyahətçi "kosmik" milyarder ser Riçard Brensona məxsus Neker adalarına səyahət edəcək, Devid Fernişə məxsus Las-Veqasdakı dəbdəbəli "Fizz" barında olacaq (yoldaş Devid Ferniş müğənni Elton Conun həyat yoldaşıdır), Maldiv adalarında yerləşən "Velaa Private Island" otelində qalacaq, İsveçrə və Fransanın ən bahalı dağlıq kurortlarında xizəkdə sürüşmə imkanı qazanacaq. Sadalananlar ümumi proqramın yalnız bir hissəsidir.


Əgər səyahətçi həmin yerlərə öz hesabına yollansaydı, onun xərcləri təqribən aşağıdakı kimi olacaqdı: "Velaa Private Island" lüks otelində 1 həftə qalmaq - 210 min dollar, Neker adasında gecələmək adambaşına - 60 min dollara başa gələcəkdi. Layihənin əsas məqsədi işə götürülən səyahətçini qeyd olunan turizm obyektlərinə yoxlamaqla oradakı ümumi vəziyyət haqqında tərəfsiz məlumat toplamaqdır. Bununla da özlərini tərifləyən otel işçilərinə çox da güvənməyən zəngin turistlərdə həmin obyektlər haqda dəqiq məlumat olacaq. Aydın məsələdir ki, bu vəzifəyə küçədən keçənin birini götürməyəcəklər.


İş yerini tutmaq üçün aşağıdakı tələblər qoyulub: namizədlər ünsiyyətcil, əlbəttə ki, səyahət sevən və səyahət sahəsində kifayət qədər təcrübəyə malik olan, həmçinin qida, incəsənət və əyləncədən yaxşı başı çıxan insan olmalıdır.

Arzu edənlər VeryFirstTo.com saytına daxil olmalı və 65 sözdən çox olmamaq şərtilə bu vakansiyaya niyə məhz onların uyğun gəldiklərini izah etməlidirlər. Seçilənləri bir illik faktastik səyahət və ömürlərinin sonunadək unutmayacaqları təəssüratlar gözləyir.

OXŞAR XƏBƏRLƏR