“Ən böyük arzum İraqda olmaqdır” - MÜSAHİBƏ

Xəbərlər 17 Avqust 2016 00:00 1012
“Ən böyük arzum İraqda olmaqdır” - MÜSAHİBƏ

Teleaparıcı Hüsniyə Məhərrəmova şən, səyahət etməyi sevən, daim öyrənməyə açıq və macəra axtarışında olan insandır. Onun sosial şəbəkələrdəki hesablarına nəzər yetirmək kifayətdir ki, bunun şahidi olasınız. Seyyah.az buro247.az-a istinadən Ulduz bələdçimizin gəzib gördüyü yerlərdən, başına gələn yol əhvalatlarından danışır.

 

– Səyahət sizin üçün nə deməkdir?

– Nə qədər banal səslənsə də, səyahət mənim üçün xoşbəxt olmaq deməkdir. Həyatda mənə bu hissi bağışlayan bir neçə amil var, onlardan biri də səyahətdir. Səyahət edərkən özümü azad, uşaqlıqda sərgüzəştlərə doğru gedən cəsur nağıl qəhrəmanı kimi hiss edirəm. 

– İlk səfərinizi necə xatırlayırsınız?

– Atam Rusiyada işlədiyinə görə birinci səfərim uşaq yaşlarımda məhz oraya olub. Amma yadımda daha çox işlə bağlı getdiyim ilk səyahətim qalıb. 2007-ci il, Finlandiya, Helsinki. Olduqca maraqlı, fərqli, yeniliklərlə dolu bir məzuniyyət idi. Rok-musiqi, alternativ gənclər, gülərüz insanlar, velosiped sürən yaşlı nənə və babalar, dadsız yeməklər, gözəl təbiət və “Lordi” qrupu – həmin səyahət haqqında xatırladıqlarım bunlardır.

 

– Tək başına səyahətləri xoşlayırsınız, yoxsa yol yoldaşınız olmalıdır?

– Tək səyahət etməyi çox sevirəm və heç darıxmıram. Mənim üçün ən gözəl xatirələr elə tək səyahət etdiyim ölkələrdən qalır. Heç kəs mane olmur, heç kimi gözləməli olmursan, heç kim fikrini yayındırmır, məhz özünün istədiyin yerlərə gedir, vaxtı özün idarə edir, əyləncələri özün seçirsən. Ən əsası, orada baş verənləri yalnız sən və həmin şəhər bilir.

 

Lakin bu o demək deyil ki, mən heç kimlə yola çıxmağı sevmirəm. Yanında yaxın dostların və ya sevdiyin insanlar olanda bu, əladır. Şən, həyatdan zövq almağı bacaran insanlarla hətta ən darıxdırıcı yerdən yadda qalan xatirələrlə qayıtmaq olar. Osloya, Frankfurta, Afinаya belə səyahətlərim olub. Düşünürəm ki, yanımda dostlarım olmasaydı, bu şəhərlərdə darıxıb ölərdim (gülür).

 

Amma yol yoldaşları ilə bağlı pis təəssüratlarım da var

 

Məsələn, iki il bundan öncə işlə əlaqədar bir həmkarımla Cenevrəyə getmişdik. Yorucu tranzit uçuşlardan sonra birbaşa iclasa yollandıq. Günün sonunda halsız olsam da, buna baxmayaraq hamı ilə birlikdə axşam yeməyinə getmək qərarına gəldik. Ziyafət Cenevrədən kənarda, meşəlikdə qədim bir qəsrdə verilirdi. Sonda mən, həmkarım və bir xanımdan başqa, bütün ölkələrin nümayəndə heyətləri xüsusi avtobuslara minərək otelə yola düşdülər. Biz isə nümayəndə heyətləri üçün ayrılmış oteldə qalmadığımız üçün avtobuslarla deyil, taksi ilə getməli olduq. İki gündür yuxusuz idim, üstəlik, hava hədsiz dərəcədə soyuq idi. Həmin vaxt həmkarım bizim “qayğımıza” qalaraq “Siz üşüyürsünüz, burada gözləyin, mən baxım, taksi gəlibsə, sizi çağıraram” deyərək bizi sevindirdi. Amma bizim sevinc hissimiz çox sürmədi. İki il keçməsinə baxmayaraq, həmin mənzərə hələ də gözümün qarşısından getmir. Belə ki, həmkarım taksinin gəlib-gəlməməsinə baxmaq üçün çıxdı və geri qayıtmadı. O, iki xanımı gecə tək, soyuqda, şəhərdən kənarda qoyub, özü isə taksiyə minib otelə yollanmışdı. Odur ki, yol yoldaşınızın ən azından adekvat olması vacib şərtdir.

– Sizi daha çox təbiət, insanlar, yoxsa tarixi yerlər maraqlandırır?

– Düşünürəm ki, daha çox insanlar maraqlandırır. Bir ölkəyə ilk dəfə gedərkən mütləq tarixi yerlərini gəzirəm. Bu ekskursiyalardan sonra isə şəhərin gecə həyatını öyrənməyə başlayıram. Mən xaricdə olarkən demək olar ki, yatmıram, çünki orada vaxtıma heyfim gəlir. Getdiyim ölkəyə turist deyil, yerli sakinlərin gözü ilə baxmağa çalışıram. Avropanın demək olar ki, bütün ölkələrində dostlarım, tanışlarım var və həmin ölkəni mənə sevdirən və ya əksinə, sevdirməyən məhz oranın insanları olur. Nə qədər gözəl təbiəti və görməli yerləri olsa belə, əgər insanları xoşuma gəlmirsə, mənə oranı daha heç nə sevdirə bilməz. Məsələn, Moskva…

– Qatar, maşın, təyyarə ilə səyahət – hansı daha maraqlıdır?

– Hava limanları və vağzallar ən sevimli məkanlarımdır. Mənim üçün ən vacibi səyahətdir, hansı vasitə ilə olmasının isə əhəmiyyəti yoxdur. Uzun məsafələr üçün əlbəttə ki, təyyarəni seçirəm. Amma mənə hədsiz zövq verən Avropanın sürət qatarlarıdır. Hətta işlə bağlı gedərkən mütləq imkan tapıb qatara bilet alıram. Pəncərədən gözəl təbiət mənzərələrinə baxa-baxa kitab oxuyanda, yaxud qulaqlıqda mahnılara qulaq asanda özümü göyün 7-ci qatında hiss edirəm. Xüsusən də biləndə ki, səni getdiyin məkanda gözləyən var.

– Yola necə hazırlaşırsınız?

– Hər dəfə fərqli olur. Adətən getdiyim yer haqqında müəyyən məlumatlarım olduğu üçün təxmini nə etmək və yaxud görmək istədiklərimi öncədən bilirəm. Qalanını isə artıq yerində həll edirəm.

 

– Özünüzü turist, yoxsa səyahətçi hesab edirsiniz?

– Yəqin ki, daha çox səyahətçi hesab edirəm. Turist kimi istirahətə cəmi bir dəfə getmişəm, o da darıxdırıcı keçib. Xaricdə daha çox işlə bağlı oluram, bu isə mənə həmin yeri turist kimi deyil, səyahətçi kimi tanımağıma kömək edir.

 

– Hansı ölkənin milli mətbəxini bəyənirsiniz?

– Mətbəx mənim yaralı yerimdir (gülür). Hər məhsulu yeyə bilməməyim ilk vaxtlar mənə problem yaradırdı, indi isə bir qədər təcrübəli olmuşam. Yeməklə bağlı problem yaranan kimi italyan restoranlarına üz tuturam. Ümumiyyətlə, mənim üçün mətbəx həmin ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq şansıdır, ona görə heç vaxt yeməkdə qənaət etmirəm. İnternetdən və yaxud tanışlarımdan həmin yerin 3 ən məşhur milli yemək restoranını seçib, testden keçirirəm. Belə eksperimentin ən uğurlusu Fransada olub. Ən dadlı balıq yeməklərinin dadına isə Türkiyə və Maltada baxmışam.

– Hara yenidən qayıtmaq istərdiniz?

– “Hara yenidən qayıtmaq istəməzdin?” sualına daha asanlıqla cavab verə bilərəm. Bu, Moskvadır. Beyruta yenidən dönərdim. İndiyə qədər olduğum şəhərlər arasında Beyrut ən fərqli yerdir.

 

– Ən çox hansı səfəriniz yadınızda qalıb?

– Riqa, Oslo, Malta, Frankfurt, Amsterdam, Kopenhagen, Fransa, Beyrut, Afina, Budapeşt – bu şəhərlərdən hər biri ilə bağlı fərqli xatirələrim var.

 

– Hansı ölkəyə getmək arzusundasınız?

– Dünyanın hər yerində olmaq istəyirəm. Ancaq ən böyük arzum İraqda olmaqdır. Uşaqlıqdan qədim sivilizasiyalar və mədəniyyətlərlə maraqlanmışam. İraq isə bəşər sivilizasiyasının beşiyi olub. Düzdür, müharibələr nəticəsində artıq orada görməyə heç nə qalmayıb. Buna baxmayaraq, inanıram ki, nə vaxtsa mütləq İraqa gedəcəm.

 

OXŞAR XƏBƏRLƏR