"Adambaşına 20-30 lari kifayətdir" - TİFLİS VƏ UZUNGÖL SƏYAHƏTİ

Xəbərlər 18 Avqust 2016 00:00 2219
"Adambaşına 20-30 lari kifayətdir" - TİFLİS VƏ UZUNGÖL SƏYAHƏTİ

Budəfəki səfərimiz sıx meşələrin qoynunda özünə yer salan, yorğanı duman, yastığı sıra dağlar olan Trabzonun incisi Uzungölə oldu. Düşündük ki, həm gəzərik, həm də təəssüratımızı oxucularla bölüşərik.

Ərazi haqqında qısa məlumat olaraq onu deyə bilərik ki, adını göldən götürən Uzungöl kəndi Soğanlı və Qaçqar sıra dağlarının ətəyində yerləşir. Yaşı əsri adlamış iynəyarpaqlı ağacların sıxlığı və yaşıllıq ilk baxışdan adamı özünə valeh edir. Ərazi yağışlı olduğu üçün ilin fəslindən asılı olmayaraq buralar hər zaman yaşıllığı ilə seçilir. Bunun nəticəsidir ki, Uzungöl son illərdə xarici turistlərin, xüsusilə də ərəblərin diqqətini çəkib, hazırda Trabzonda əsas turizm obyeklərindən biridir.

Biz səfərimizi avtobusla planlaşdırdığımız üçün özümüzə bir neçə dayanacaq seçdik: Tiflis, Sarp, Uzungöl. Bu vəsilə ilə həm uzun yol yorğunluğunu azaltmaq, həm də yeni yerlər görmək mümkündür. Sərfəli qiymətləri ilə turizm məkanına çevrilmiş Tiflis ilk dayanacaq üçün ideal məkandır. Belə ki, burada şəhər mərkəzində adambaşına 20-30 lari ödəməklə kifayət qədər lüks hostellərdə qalmaq olar. Yemək qiymətlərinin də büdcəyə uyğun olması səyahəti bir az da uzatmaq imkanı yaradır. Şəhərdə 3 lariyə dadlı suplar, gürcü mətbəxindən təamlar dadmaq mümkündür. Burada 1 gecə qaldıqdan sonra Uzungöl yolumuza davam edirik. Növbəti dayanacağımız isə Sarpdır. Buraya yol nəqliyyat vasitəsindən asılı olaraq 6-9 saat arasında dəyişir. Onu qeyd edək ki, səyahətiniz günorta vaxtına təsadüf etsə, pəncərənizdən görünən mənzərələr bu müddət ərzində sizi sıxılmağa qoymayacaq. Ödəniş isə raflarla 20 lari, Trabzon avtobusları ilə isə 30 laridir. Yox əgər dayanacaq olaraq Batumi də seçilirsə, oradan Sarpa cəmi 1 lari ödəməklə getmək olar.

 

Bir tərəf meşə, bir tərəf dəniz...

Kabuleti, Batumi kimi turizm məkanlarını keçdikdən sonra avtobusumuz Sarpa yaxınlaşır. Türkiyə ilə sərhəddə yerləşən bu balaca kəndə maraq son illər kifayət qədər artıb. Ən müsbət tərəfi də odur ki, istirahət planı cızarkən günəş, qum, dəniz və yaşıllıq arasında seçim edə bilməyənlərə Sarp hər iki gözəlliyi təklif edir. Burada istirahətçilər sıx meşəlikdən çıxıb dəniz kənarında rahat bir şəkildə dincələ bilər. Kənddə gecələmək üçün qiymətlər adambaşına 20-100 lari arasında dəyişir. Turistik məkan olmasına baxmayaraq büdcəyə uyğun yer tapmaq elə də çətin deyil. 

 

Sarp sərhəddindən keçdikdən sonra növbəti dayancağımız xəyalını qurduğumuz Uzungöldür. Uzungöl sərhəddən təxminən 3 saatlıq məsafədə olsa da, bir neçə nəqliyyat vasitəsi dəyişmək lazım gəlir. Bu səbəbdən daha yaxın yerdə dincəlmək istəyənlər Rizədə Ayder, Fındıklı kimi məşhur yaylalara üz tutur. Biz Trabzona da səfər planlaşdırığımız və Uzungölün tərifini çox eşitdiyimiz üçün yolumuzu bir az uzatmaq qərarına gəldik. Sərhəddən sağ tərəf, yəni Gürcüstan hissəsində Qara dəniz sahilləri əsas turizm məkanları olsa da, sərhəddən sol tərəfdə, yəni Rizədə bunu görmək mümkün deyil. Rizədə turizm məkanları kimi çimərliklərdən daha çox təbiət gözəlliyi olan yaylalara üstünlük verilib. Sarpdan Uzungölə getmək üçün əvvəlcə Hopaya, ordan da Of rayonuna üz tuturuq. Ofa yol pulu təqribi 20 lirə, oradan Uzungölə isə 9 lirədir.

 

“Uy uşağum, lazlar candur da...”

Qaradəniz bölgəsində yaşayan, hamsi, mıhlama, turşu qovurma kimi yeməkləri ilə məşhur olan yerli əhali turistlərə, xüsusilə də azərbaycanlılara qarşı çox mehribandır. Gülərüz Trabzon əhalisi dini baxımdan mühafizəkar olsa da, şən və hazırcavab, bir o qədər də yardımsevərdir. Dayanacaqda avtobus gözlədiyimiz zaman oflu qadınlarla bir az söhbətləşə bildik. Səfərə 3 qız çıxdığımız üçün ilk sualları bu oldu ki, analarımız bizi necə tək səfərə yollayıb? Booking.com saytından qabaqcadan yer rezervasiya etmədiyimiz üçün otellə bağlı çətinliyimiz olduğunu öyrənən zaman da oflu bir ailə köməyimizə yetdi. Heç bir oteldə yerin olmaması artıq bizi Uzungöldə yüksək qiymətlərin gözlədiyindən xəbər verir. Güc-bəla, tanışlıqla yer tapdığımız oteldə də bildirdilər ki, yay aylarında Uzungöldə xeyli sayda ərəb olduğu üçün otellərdə yer qalmır, olan boş otaqlar da oktyabr, noyabr aylarına nisbətən 2, hətta 3 qat baha olur. Gecələmək üçün oteldə tapdığımız 2 nəfərlik otağa səhər yeməyi daxil 250 lirə ödədik. Ancaq otel işçilərinin sözlərinə görə, bir neçə ay sonra bu otaqlar maksimum 100 lirəyə təklif olunacaq.

Çaykara rayonundan 19 km uzaqlıqda olan Uzungöl sadəcə turizm məkanı deyil. Hər tərəfdən dağlarla əhatələnmiş bu ərzidə yaşayış XVI əsrin ortalarında başlayıb. İl ərzində bol yağışlı olan bu ərazidə saatbaşı havanın vəziyyəti dəyişə bilər. 1985-ci ilin statistikasına görə kəndin 3000-ə yaxın əhalisi olsa da, hazırda yarıbayarı azalıb. Bunun səbəbi də sakinlərin ərazilərini otel sahiblərinə satıb buradan köçməsidir. Turist olaraq Uzungölə hər il minlərlə ərəb gəlir. Bu səbəbdən də bütün satıcılar, otel işçiləri ərəb dilini yaxşı bilir. Hətta reklam mətnləri də həm türk, həm də ərəb dilində yazılır. Ailəsi ilə birlikdə buraya tətilə gələn ərəb turistlər kəndlilərin əsas gəlir mənbəyidir. Ancaq onların buraya gəlişindən gileylənən yerli sakinlər də var. Səbəb ərazilərin ərəblərə satılması, kəndin əvvəlki sakit və milli dəyərlərinin getdikcə sıradan çıxması ilə bağlıdır. Yenə də turistlərin tətil üçün buraya üz tutması əsas məşğuliyyəti əkinçilik olan uzungöllüləri ticarətə sövq edib.

Ərazinin dağlıq olması qaradənizlilərə böyük və əzəmətli məscidlər tikməyə mane olmayıb. Çaykaradan Uzungölə qalxan aşırımlarda təxmini 4-5 məscid saydıq. Elə əyalətin ən böyük məscidlərindən biri də Uzungölün aşağı sahilində yerləşir. Burada qız və oğlanlar üçün xüsusi Quran dərsləri keçirilir. Ofda olduğu kimi burada da başı açıq qadınlar nadir gözə çarpır. Söhbətləşdiyimiz uzungöllü Səmra çox ailələrdə kişilərin qadınları baş bağlamağa məcbur etdiyini söylədi. Ancaq könüllü olaraq bağlayanların sayı daha çoxdur.

Uzungölün tam mənzərəsini görmək üçün yüksəkliyə çıxmaq lazımdır. Bu vəsilə ilə kənd əhli ilə də yaxından tanış olmaq, söhbətləşmək imkanı yaranır. Dağa doğru uzanan yolun ətrafı nə qədər eniş-yoxuş olsa da, uzungöllülər burada öz taxta evlərini məharətlə tikib. Evlərin çoxundan da kamança, türkü səsləri gəlir. Əvvəldə də qeyd etdiyim kimi, Trabzon xalqı çox mehriban və qonaqpərvərdir. Bu səbəbdən hər boylandığımız evin pəncərəsindən gülümsəyərək bizi qonaq dəvət edənlərin sayı bir xeyli çox oldu. Hətta Uzungöldə 1993-cü ildə Qarabağ müharibəsində iştirakına görə Azərbaycanın Milli Qəhrəmanı titulunu qazanana da rast gəldik. Hazırda ermənilərlə problem yaşadığı üçün kimliyini təqdim etməyən uzungöllü Azərbaycanı çox sevdiyini və illər sonra yenidən ölkəmizə səyahət edəcəyini bildirdi. Onun sözlərinə görə, baxdığı fotolarda Bakının çox dəyişdiyini görür.

Turizm məkanı olsa da, Uzungöldə hədiyyəlik əşyaların, çalma və yaylıqların qiyməti şəhərə nisbətən daha sərfəlidir. Buradan 5-10 lirəyə regiona xas olan müxtəlif əşyalar almaq olar. Xeyli sayda məşhur restoranların düzüldüyü göl kənarında nahar və şam yeməyi də adambaşına 15-30 lirə arasında dəyişir. Səhər yeməyi isə açıq bufet 30 lirə, adi 20 lirəyə başa gəlir. Yaxşı olar ki, turistlər otel seçərkən səhər yeməyinin verilib verilməməsinə diqqət etsin.

Uzungöldən sonra Trabzona getmək qərarına gəldik. Bu zaman 2 seçim var: ya Çaykara tur avtobusları ilə 14 lirəyə bilet almaq, ya da digər tur raflarına yer yazdırmaq. İkinci variant 10 lirəyə başa gəlsə də, sürücülər çox vaxt turistləri aldadır. Çünki sizə söz verdikləri halda daha çox pul təklif edən ərəbləri aparmaq qərarına gələ bilərlər. Bu hal bizim də başımıza gəldi və hər yarım saatdan bir reysi olan avtobusa bilet almalı olduq. Turistlərə göldən qayıdacağı vaxtı dəqiq bildiyi təqdirdə, qabaqcadan bilet almağı məsləhət görürük. Əks təqdirdə saatlarla gözləməli olacaqlar.

Mənbə: Qafqazinfo.az

 

OXŞAR XƏBƏRLƏR