Yaşayanda da belə yaşayasan! - DÜSSELDORF

Xəbərlər 19 Avqust 2016 00:00 1639
Yaşayanda da belə yaşayasan! - DÜSSELDORF

Almaniyanın əhalisi ən sıx sayılan Şimali Reyn-Vestfaliya federal əyalətinin paytaxtı Düsseldorf öz adını şəhərin mərkəzi hissəsindən indi də axan kiçik Düssel çayına borcludur. Əsası 800 il əvvəl qoyulan Düsseldorf əvvəlcə kiçik kənd olub, sonralar genişlənərək regionun siyasi, iqtisadi və mədəni həyatının mərkəzinə çevrilib. Turistləri bura orta əsrlər memarlığı ilə ultramüasir arxitekturanın vəhdəti, özündə alman bolluğu ilə fransız ləzizliyini birləşdirən dadlı-ləzzətli mətbəx, sərhəd tanımayan incəsənət və əyləncəli şopinq cəlb edir. Napoleon Düsseldorfu kiçik Paris adlandırarmış, Henrix Heyne “Düsseldorf çox gözəldir!” deyərmiş.

Biz də bu gözəl şəhərin özümüzə məxsus portretini yaratmaq qərarına gəldik.

Ərəb mövsümü, yaponlar və pokemon ovu

Düsseldorf bizi gözəl havası və beşulduzlu “Steigenberger Parkhotel” otelinin dəbdəbəsi ilə qonaqpərvərliklə qarşıladı. Biz Almaniyada yaradılan bu otel şəbəkəsi ilə artıq tanışdıq. Dubayda və İstanbulda “Steigenberger Parkhotel” mehmanxanalarında qalmışdıq. Budur, indi bizə Düsseldorfun düz mərkəzində Almaniya qonaqpərvərliyini hiss etmək şansı verilib ki, bu da rəmzi məna daşıyır. Dubay dedim, lap yerinə düşdü: oteli, demək olar, ərəblər zəbt ediblər. Dəhlizləri Şərq ətrinin bihuşedici rayihəsi bürüyüb. Bəzən elə təəssürat yaranır ki, biz Avropanın mərkəzində deyilik, haradasa Yaxın Şərq ölkələrindən birindəyik. Sonradan öyrəndik ki, iyul və avqust aylarında Düsseldorfda ərəb mövsümü hökm sürür. Öz vətənində qızmar istilərdən əziyyət çəkən varlı ərəblər ailələri ilə birlikdə Düsseldorfa gələrək şəhərin dəbdəbəli otellərindəki bütün nömrələri ələ keçirirlər. Yayda Düsseldorfda havalar xoş keçir, asudə vaxtı isə əyləncəli şopinqlə rövnəqləndirmək olar: ərəb mövsümündə butiklərin və bahalı restoranların dövriyyəsi xeyli genişlənir.

Otelimiz şəhərin əsas görməli yerlərinin - Hofqarten parkının, Reyn sahilində Opera Teatrının, “Breuninger” univermağının və şəhər sakinlərinin nəvazişlə Kö adlandırdıqları mərkəzi küçənin – Köniqsalleyenin yaxınlığında çox münasib yerdədir. İlk olaraq rusdilli bələdçimizin müşayiəti ilə bu küçəyə yollandıq. İyirmi ildən çox Düsseldorfda yaşayan Tatyana Şön sözün əsl mənasında bu şəhərin vurğunudur və öz məhəbbətini qonaqlarla bölüşməyə çalışır.

Köniqsalleye boyu dəbdəbəli mağazalar, art-qalereyalar və restoranlar yerləşir. Çoxsaylı kafelərdə masalar Parisdə olduğu kimi düzülüb, yəni müsafirlər üzü küçəyə tərəf oturub gəlib-gedənlərə tamaşa edirlər. Əslinə baxılırsa, yoldan keçənlər bundan əsla narahat olmurlar. Yerli sakinlər istirahət günləri bəzənib-düzənərək Köyə gedirlər ki, həm özlərini göstərsinlər, həm də başqalarına tamaşa etsinlər.

Köniqsalleyedə gəzişərkən su kanalı üzərindən salınmış körpüyə rast gəldik. Körpüdə əllərində telefon və planşet tutmuş bir dəstə gənc nəyisə çox qızğın müzakirə edirdi. Pokemon ovçuları son illərin yerli fenomenidir. “Pokemon Go” mobil oyununa qlobal maraq Düsseldorfa da gəlib çatıb və yerli ictimaiyyəti əməlli-başlı yerindən oynadıb. Bu populyar əlavənin müəllifləri pokemonları nədən tarixi Jurardo körpüsü rayonunda yerləşdiriblər, bunu heç kəs bilmir. Amma bu fakt küçə hərəkətində müəyyən narahatlıq yaradıb. Amma heç kəs oyunbazları qovmağa hazırlaşmır. Əksinə, tanıdıcı nişanlar qoyulub. Burada düsseldorflulara xas olan “Özün yaşa və başqasının da yaşamasına imkan ver!” mentaliteti parlaq təzahür edib.

Bələdçimiz “Heinemann” ailəvi kafesində yemək süfrəsi arxasında düsseldorfluların xarakterinə xas olan digər xüsusiyyətlərdən də danışır. Əsası 1932-ci ildə qoyulan bu kafelər şəbəkəsi təkcə öz mətbəxi ilə deyil, Angela Merkel, Mixail Qorbaçov, Luçano Pavarotti və bir çox digər adlı-sanlı müsafirləri ilə də məşhurdur. Ləziz siyənək balığını qarnirlə həzm-rabedən keçirə-keçirə düsseldorfluların kosmopolit xasiyyətlərini müzakirə edirik. Şəhər sakinləri təfəkkür müstəqilliyi ilə fərqlənir, yeniliyi və orijinallığı sevir, ünsiyyətcil və səmimidirlər. Bəlkə buna görə Düsseldorf əcnəbiləri belə cəlb edir? Ərəblərdən artıq danışdıq. Şəhərdə yaponlardan ibarət böyük bir icmanın məskunlaşdığını öyrənəndə isə çox təəccübləndik. Sən demə, şəhərin mərkəzi küçələrindən biri İmmermannştrasseyə həm də “yapon işgüzar məhəlləsi” deyilir. Burada yaponlar tərəfindən açılan çoxlu firma, restoran və otel fəaliyyət göstərir. Yaponiya şirkətləri Düsseldorfda öz nümayəndəliklərini ötən əsrin 60-cı illərində açmağa başlayıblar. Tədricən məhz bu şəhər Avropada yapon biznesinin mərkəzinə çevrilib. Bunun üçün şəhəri hətta “Reyn sahilində Tokio” adlandırıblar.

Deserti də bitirəndən sonra kafedən çıxıb Altştadt deyilən Köhnə şəhərdə gəzişməyə başlayırıq. Düsseldorfun orta əsrlər dövrünə aid bu guşəsi hər bir zövqə və cibə uyğun qastronomiya müəssisələrinin bolluğu ilə məşhurdur. Buna görə də ona “dünyada ən uzun bar piştaxtası” adı verilib. Təkcə Bolkerştrasse küçəsində 250-dən çox belə bar yerləşir. Ətraf şəhərlərin və qəsəbələrin sakinləri gərgin iş həftəsindən sonra dincəlmək üçün istirahət günlərində bura axışırlar. Düsseldorfluların özləri isə şəhərin başqa yerlərində vaxt keçirməyə çalışırlar. Dünya şöhrətli düsseldorflu, XIX əsrin şair və publisisti Henrix Heynenin yaşadığı ev də Köhnə şəhərdədir.

Köhnə şəhərin daha bir diqqətəlayiq yeri onun cənub hissəsində, Karlştadt meydanında yerləşən bazardır. Bu bazar Düsseldorfun ən yaxşı bazarı sayılır. Burada münasib qiymətə dadlı nahar etmək, alman, hind, portuqal və ya italyan milli mətbəxlərinin yeməklərini dadmaq olar. Köhnə şəhərin şalbanbaşı döşənmiş küçələrində doyunca gəzişdikdən sonra otelə qayıtmaq qərarına gəlirik. Gün çox maraqlı keçdi, biz isə hələ otelimizin ətrafını təftiş etməliyik. Axı otelimiz çox maraqlı məkanda yerləşir.

Saray parkı, Broyninger və K20

“Steigenberger Parkhotel” otelinin düz qarşısında mənzərəli Hofqarten parkı (“Parkhotel” adı buradan götürülüb) yerləşir. XVI əsrdə bura knyazın şəhərətrafı ov parkı (Hofqarten “saray bağı” deməkdir) olub. Sonralar bu park XVIII əsr - XIX əsrin əvvəli bağ-park sənəti abidəsinə və Almaniyanın ilk ictimai-kütləvi parkına çevrilib. Parkı süni göl, şair və bəstəkarlara, o cümlədən Henrix Heyne, Feliks Mendelson-Bartoldi və Robert Şumana (F. Mendelson-Bartoldi də, R.Şuman da Düsseldorfun musiqi direktorları vəzifəsində çalışıblar) ucaldılan çoxsaylı abidələr, habelə ingilis heykəltəraşı Henri Murun “Uzanmış qadın” kimi müasir heykəltəraşlıq əsərləri bəzəyir. Park estetik əhəmiyyət daşımaqla bərabər, həm də şəhərin yaşıl vahəsi və yüzlərlə lələklinin, o cümlədən qazların, qu quşlarının, ördəklərin, qağayı və hətta tutuquşuların məskənidir. Yerli sakinlər çox vaxt köçəri quşlara yem verirlər. Onlar da ya uzun müddətə, ya da həmişəlik parkda məskunlaşır. 

Şəhərin daha bir görməli yeri - 1875-ci ildə inşa edilmiş “Reyn sahilində alman operası” Opera Teatrı parkdan ovuc içi kimi görünür. Teatrda təkcə yerli tamaşaları deyil, həm də dəvət edilmiş ulduzları, qastrol səfərinə çıxan truppaları görmək olar. Biz isə ucdantutma hər yeri görüb tanış olmaq həvəsi ilə vaxt itirmədən otelimizin pəncərələrindən tamaşa etdiyimiz maraqlı tikiliyə doğru yollanırıq. Məlum olur ki, bu tikili yaşı yüzdən çox olan nüfuzlu Broyninger univermaqlar şəbəkəsinə məxsus binadır.

Eduard Broyninger 1881-ci ildə üç əməkdaşı ilə birlikdə Ştutqartda pərakəndə satış mağazası açanda ağlına da gəlməzdi ki, günlərin bir günü bu mağaza Almaniyada moda və dizayn sahəsində ən müvəffəqiyyətli ticarət evlərindən birinə çevriləcək. Broyninger moda bazarını sürətlə qazanıb və hazırda Almaniyanın 11 şəhərində bu brendin univermaqları fəaliyyət göstərir. 2013-cü ildə Düsseldorfda açılan univermaq şəbəkənin ən gənc filiallardan biridir.

Broyninger ticarət evinin çeşidini formalaşdıran hər şey alıcıların yüksək tələblərinə cavab verməlidir. Bu, Broyninger brendinin fəlsəfəsidir. Düsseldorf univermağında tanınmış dizayner brendlərinin premium-klass məmulatından tutmuş Paris, Milan və Nyu-Yorkdan olan maraqlı yeniliklərə qədər təqribən 1000 brendin geniş çeşidi təqdim edilib. Maraqlıdır ki, Almaniyada ilk dəfə müştəri kartını Broyninger tətbiq edib. Əlli il əvvəl bu, ticarət evinin əsl innovasiyası olub. “Breuninger Card” bu gün də sahibkarlara çoxsaylı eksklüziv üstünlüklər, o cümlədən nağdsız ödəmə, şəxsi məsləhətçinin xidmətlərindən istifadə və s. kimi imkanlar verir.

Yeri gəlmişkən, Düsseldorfdakı Broyninger univermağında qiyamət qənnadı dükanı işləyir. Burada çox dadlı trüfel və pirojnalar yemək olar. Elə özümüz də buna əmin olduq. Burada heç bir konservant əlavə edilmədən əntiqə qənnadı nümunələri yaradılır. İlk baxışda bir-birinə qəti uyğun gəlməyən məhsullar, məsələn, istiot və şokolad əllə qarışdırılaraq tamamilə yeni dad əldə olunur. Ertəsi gün bizi yenə də yüksək incəsənət cəlb etdi. XX Əsr İncəsənəti Muzeyinə (K20) getdik. Muzeyin kolleksiyasına konstruktivizm, kubizm, ekspressionizm, sürrealizm kimi istiqamətlərdə yaradılan əsərlər daxil edilib. Kolleksiyanın özəyini Almaniya-İsveçrə əsilli avanqardist rəssam Paul Kleyenin əsərləri təşkil edir. Muzeyin salonlarını Kandinski, Pikasso, Miro, Kirşner, Mondrian, Maleviç və digər məşhur rəssamların əsərləri bəzəyir.

Muzeydə olduğumuz vaxt burada düsseldorflu fotorəssam Andreas Qurskinin sərgisi təşkil edilmişdi. Onun nəhəng fotoşəkillərində ilk baxışda sadə şeylər – mağazada stellajlar, ofis məkanı, muzey ekspozisiyası, tullantılar və s. əks olunub. Ancaq materialın xüsusi rəqəmsal üsulla işlənməsi, kadrın bacarıqla tərtib edilməsi, şəkillərin çoxplanlı olması sayəsində tamaşaçılar bu fotoşəkillərin qarşısında saatlarla dayanıb çoxsaylı detallarını öyrənməyə çalışırlar. Üstəlik, A.Qurskini müasir dövrün kommersiya baxımından ən müvəffəqiyyətli fotoqrafı adlandırmaq olar. Hər halda onun “Reyn II” adlı əsəri 2011-ci ildə “Christie`s” hərracında rekord bir məbləğə - 4,4 milyon dollara satılaraq, hərracların bütün tarixi ərzində ən bahalı şəkil olub.

Mübaliğəsiz demək olar ki, K20 Muzeyinə getməyimiz Düsseldorfa səfərimizin ən parlaq hadisələrindən biridir. Amma axı şəhərdə XXI əsrin incəsənətini əks etdirən K21 Muzeyi də fəaliyyət göstərir. Oraya da getmək çox maraqlı olardı, amma təqribən iki gün ərzində hər yerə yetişmək də mümkün deyil.

Şəhəri bərabər olmayan iki hissəyə ayıran Reynin sahilinə enirik. Çayın sol sahilində, Oberkassel rayonunda, gündəlik qaçhaqaçdan və dəstə-dəstə turistlərdən uzaqda yaradıcı bohema ( o cümlədən A.Qurski) yaşayır. Düsseldorfun iki hissəsi Oberkassel körpüsü ilə birləşib. 1898-ci ildə inşa edilən bu körpünün başına çox qəziyyələr gəlib. 1945-ci ildə vermaxtın geri çəkilən qoşunları tərəfindən partladılıb. Sonra onun yerində yüngül müvəqqəti körpü inşa edilib. Reynin axını ilə azacıq yuxarıda isə daimi körpünün tikintisinə başlanıb. 1976-cı ildə yeni körpü hazır olanda müvəqqəti körpü uçurulub. Sonra daimi körpünün indiki yerinə köçürülməsi üzrə nadir əməliyyat həyata keçirilib. Çəkisi 12500 ton olan konstruksiyanı 47,5 metr məsafəyə köçürüblər.

Düsseldorfun sağ sahilində gəzişərkən yerli heykəltəraş, müasirimiz Bert Gerreshaymın tuncdan yaratdığı və şəhərə həsr etdiyi maraqlı kompozisiyasına rast gəlirik. Alleqorik formada yaradılan abidə şəhərin tarixinin dönüş dövrünü - 1288-ci ildə Vorringen ətrafında baş vermiş döyüşü təsvir edir. Düsseldorfa şəhər statusu bu döyüşün nəticələrinə əsasən verilib.

Saysız-hesabsız restoranların, “Appolo” varyete teatrının və Şimali Reyn-Vestfaliya əyalətinin parlamentinin yanından keçib medialiman deyilən yerə çatırıq. Düsseldorf sakinləri köhnə liman şəhərini bir neçə il ərzində qəşəng rayona çeviriblər. Anbarların yerində reklam agentlikləri, bədii qalereyalar, moda evləri və restoranlar yerləşir. Məşhur Amerika arxitektoru Frenk Gerinin layihəsi əsasında dekonstruktivizm üslubunda inşa edilən üç binadan ibarət kompleks bu rayonun döyünən qəlbinə çevrilib. Bu rəngarəng ultramüasir tikililər həyatın ləzzətini başa düşən və ondan zövq almağı bacaran Düsseldorfun rəmzinə çevrilib.

Təəssüf ki, medialimana gedib çıxa bilmədik – vaxtımız çatmadı. Yeri gəlmişkən, Düsseldorfda çox şeyə macal tapmadıq, ancaq kefimizi pozmadıq. Yenidən bura qayıdıb çoxşaxəli Düsseldorfun bizə doğmalaşan küçələrindən yeni marşrutla keçmək üçün indi çox yaxşı səbəbimiz var.

Sözardı yerinə, yaxud ilboyu xizəklər

Düsseldorfda olduğumuz müddətdə macal tapıb getdiyimiz daha iki maraqlı məkandan danışmaq istəyirəm. Bəlkə siz də bu yerlərə getmək istəyərsiniz. Sonuncu axşam Düsseldorfun nüfuzlu rayonunda yerləşən, şəhərin ən yaxşı restoranlarından biri sayılan “Victorian”a getdik. Yaraşıqlı interyerə yumşaq və rahat divanlar, antik güzgülər və ekzotik bitkilər daxil idi. Şef-aşpaz müsafirləri qeyri-adi dadı və qoxusu ilə fərqlənən ləzzətli təamlara qonaq edirdi. Ləziz hazırlanmış tunes və dorado balığı, habelə dadlı desertlər çox xoşumuza gəldi. 

Ənənəyə uyğun olaraq, ekskursiya turizmini fəal turizmlə uyğunlaşdırmağa çalışırıq. Bu məqsədlə Düsseldorfun yaxınlığında yerləşən “Jever Skihalle” Açıq Dağ-Xizək Mərkəzində olduq. Mərkəzdə qış idmanı həvəskarlarını 22 min kvadratmetr ərazidə ətrafa işıq saçan qar örtüyü gözləyir. Peşəkarlar burada məşq edir, tullanma texnikalarını təkmilləşdirirlər. Naşıların ixtiyarına daha sadə tras verilib. Məntəqədə avadanlıqdan tutmuş geyim və qoruyucu dəbilqələrə qədər zəruri ləvazimat icarəyə verilir. Kompleksin qarşısındakı meydançada kəndir parkı və skalodrom yerləşir. Burada süni maneələrlə müşayiət olunan qayalara doyunca dırmaşmaq olar. Əlqərəz, gününüzü sözün əsl mənasında maraqlı keçirəcəksiniz!

OXŞAR XƏBƏRLƏR