Su qiymətinə dünyanı gəzən - IKI AZƏRBAYCANLI

Xəbərlər 19 Avqust 2016 00:00 1243
Su qiymətinə dünyanı gəzən - IKI AZƏRBAYCANLI

Gənc ər-arvad Gülərlə Bəxtiyar elə təcrübəli səyyahdırlar ki, bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün adama cəmi 7,5 manat ödəyiblər…

Hətta Bakı-Zaqatala avtobusu bundan 50 qəpik bahadır- 8 manatdır.

Gülər deyir ki, dünyanı gəzmək üçün milyonçu olmaq lazım deyil: “Səfəri əvvəlcədən yaxşı planlaşdırmaq kifayətdir. Bizim həmin bileti uçuşdan 10 ay əvvəl almışdıq. Uçuş günü həmin bilet 300 manat idi. Elə olur ki, bir il əvvəldən alırıq biletləri”.

27 yaşlı Gülərlə 32 yaşlı Bəxtiyar kiçik ailə büdcəsi ilə son dörd ildə azı 20 ölkədə səfərdə olublar.

Uçuş biletini bir il əvvəl aldılar

Onlar artıq gələn ilin mayı üçün uçuş biletlərini alıb saxlayıblar: “Bileti əvvəlcədən almaq qiymətdə böyük fərq edir”.

Xərclərə qənaət etmək üçün Gülərlə Bəxtiyar dünyaya qonşu Gürcüstandan çıxırlar. Əşyalarını toplayıb dəmiryolu ilə Tbilisi aeroportuna yollanırlar, ordan isə az xərcli (lou-cost) hava yollarının xidmətindən istifadə edirlər.

 

Gürcüstanın Kutaisi aeroportu başqa azərbaycanlı səyyahlar kimi bu cütlük üçün də sərfəli uçuş nöqtəsinə çevrilib. Burdan Avropaya az xərcli şirkət -WizzAir uçur. 

Türkiyəyə gedən sürücülər onları Kutaisiaeroportunda düşürdü

Gənclər Tbilisidən Türkiyəyə gedən avtobuslarla Kutaisi aeroportuna yollanır: “Türkiyə avtobusları Kutaisi aeroportunun qarşısından keçir, adama beş manat ödəməklə bu aeroporta getmək mümkündür”. Gənc səyyahlar da aşağı xərcli şirkətə üstünlük verib, Kutaisiyə yol alırlar.

Gülər deyir ki, Avropaya 7-10 günlük səyahətə iki nəfərə maksimum 1000 manat xərcləyirlər.

Hosteldə qaldılarqəsəbə kəşf etdilər

Gənclər oteldə, yox hostellərdə gecələməyə üstünlük verirlər. Gülər deyir ki, hostellər otellərdən daha az komfortlu olsa da (yataq otağı, hamam və mətbəx ümumi istifadə üçündür), hostellərdə yeni tanışlar qazanılır: “Biz Amsterdamın ətrafındakı gözəl qəsəbələr haqqında hosteldəki tanışlarımızdan öyrəndik. Həmin qəsəbələr çox xoşuma gəldi, ora yenidən qayıtmağı düşünürük. Hostellər yeni təcrübə, yeni dostlar qazanmaq baxımından faydalıdır”, deyə Gülər bildirir.

Dünyanın 200 min şəhərində pulsuz yaşa!

2003-cü ildə dünya səyyahları üçün internetdə “Couchsurfing” (divan-divan, ev- ev gəzmək mənasına gəlir) adlanan icma yaradılıb – bir-birinin evində pulsuz qalırlar.

“Couchsurfing”in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilərlər. Bununçün saytda profil yaratmaq, maraqlarına uyğun məntəqəni, ev sahibini seçmək lazımdır.

İctimai fəal Ruslan Əsəd azı 20 dəfə Couchsurfing-lə qonaq qalıb, bir neçə dəfə Bakıdakı evinə qonaq qəbul edib: “Mən nəinki bu şəhərlərdə pulsuz qala bilirəm, bu mənimçün səfər etdiyim icmanı yaxından tanımaq, mədəniyyəti daha yaxşı öyrənmək baxımından dəyərlidir”.

Bəs tanımadığım adamın evində necə yaşayım?

 

Ruslan Əsəd deyir ki, icmanın üzvləri səfər bitəndən sonra təəssüratlarını saytda bölüşürlər. Həmin məlumatlar əsasında qonaq gedəcəyin evi daha tez seçmək olur.

OXŞAR XƏBƏRLƏR