Saytımıza müsahibə verən növbəti tələbə Çexiyada təhsil alan azərbaycanlı gəncdir. Əgər siz də onun oxuduğu universitetdə təhsil almaq istəyirsinizsə, tələbəmizin müsahibəsi ilə yaxından tanış ola bilərsiniz.
Mən Alp Arslan Süleymanlı, 1992-ci ildə anadan olmuşam. Orta məktəbi Gəncə Özəl Türk Liseyində bitirdikdən sonra indiki Azərbaycan Neft və Sənaye Universitetinə daxil olmuşam. Hazırda Praqada Çex Texniki Universitetində “Energetikanın İqtisadiyyatı və İdarə edilməsi” üzrə magistr təhsili alıram.
Gənc nəsil niyə daha çox xaricdə təhsil almağa üz tutur?
Ümumiyyətlə, günümüzdə təhsil almaq bir ehtiyacdır. Buna görə də gənclərin xaricə üz tutmasının müxtəlif səbəbləri ola bilər. Xaricdə yaşamaq istəkləri, gələcək kariyeralarında daha uğurlu ola bilmək, istədikləri sahənin Azərbaycanda olmaması və s. hallar. Mənim xaricdə oxumaq istəyimin əsas səbəbi burada bakalavr təhsilimlə qane olmamağım idi. Həmçinin Avropa təcrübəsini yaşamaq, yeni dostlarla tanış olmaq, yəni dünyagörüşümü zənginləşdirmək istəyirdim. Oxuduğum universiteti isə mənə bir dostum məsləhət görmüşdü. Dərhal araşdırdım, bəyəndim, müraciət etdim və qazandım.
Çex Texniki Universiteti…
Təhsil aldığım Çex Texniki Universiteti paytaxt Praqada yerləşir və texniki sahədə Çexiyanın ən yaxşı, Mərkəzi Avropanın isə ən yaxşılarındandır. Universitetimdə 68 ölkədən tələbələr təhsil alır və demək olar ki, tələbələrin yarısını xaricilər təşkil edir. Universitet elektrik, mexanika, inşaat, memarlıq, informasiya texnologiyaları, nüvə fizikası kimi sahələrdə təhsil verir. Universitetimdə tanıdığım dostların əksəriyyəti elektrik və mexanika fakültəsində təhsil alırlar.
Müqayisə edək?!
İki ölkə gənclərinin tələbəlik həyatında müqayisələr çoxdur. Bu isə əslində iki ölkə arasındakı ümumi düşüncə fərqindən irəli gəlir. Bizdən fərqli olaraq, burada Universitet daxilində tələbələr daha azaddır və müəllimlərlə münasibəti iki həmkar şəklindədir. Bu isə onların arasında qarşılıqlı hörmətlə birlikdə, universitetdə təhsilə daha ciddi yanaşmağa şərait yaradır.
Başına gələn maraqlı əhvalat nə olub?
Yadıma sala bilmədim… (Gülür)
Gənclərə nə sözünüz var?
Xaricdə təhsil almaq istəyənlərə demək istəyirəm ki, bütün çətinliklərə baxmayaraq təslim olmasınlar. Fikrimcə dostlarımız üçün ən ciddi bariyer maddi çətinlikdir və bunu aşmaq üçün yerli və xarici təqaüd proqramları haqqında araşdırma etsinlər. Həmçinin ölkəmizi layiqincə təmsil etsinlər. Mən adətən xarici dostlarla söhbət zamanı Azərbaycan haqqında məlumatları çatdırıram, bəzən də Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edirəm. Əgər Siz də bir gün xaricdə təhsil almaq istəsəniz, ölkəmizi təmsil etdiyinizi unutmayın. Hər kəsə uğurlar!
Mənbə: xaricdetehsil.news