Bu dəfəki səyahətim Yeni ilə təsadüf edirdi. Milad bayramı və Yeni il ərəfəsində dərslərin olmamasından istifadə edərək, bir yerlərə gedib istirahət etmək düşüncəsinin özü belə xoş idi.
Yeni il üçün biletimizi Hollandiyaya aldıq. Düşündük ki, Amsterdamda Yeni ilə qədəm qoymaq həm fərqli, həm də əyləncəli olar. Amsterdamın necə çılğın bir şəhər olduğunu düşünsək, orada bayram qeyd etmək çox parlaq fikir kimi gəlirdi. Lakin, düşüncəmdə yanıldım, niyəsini növbəti yazılarımda anlatacağam. İlk növbədə, Milad üçün gediləcək yerləri araşdırdıq. Milad bayramında İtaliya ərazisində olmağı seçdik. İlk gediləcək olan yer isə Milan idi.
Viterbodan (hal-hazırda yaşadığım yer) Romaya getmək üçün qatar saatlarına baxdıq, uyğun birini tapa bilmədik. Qərara gəldik ki, gecə Romaya gedək, səhərə kimi Romada gəzək (yəni, vaxt öldürək), sonra isə Milana getmək üçün aeroporta üz tutaq. Düzü, bu fikir məndən çıxmamışdı, dostlarım irəli sürmüşdü. Həmin an üçün də bu mənə parlaq bir fikir kimi gəlirdi. Gecəni Roma küçələrində keçirmək nə dərəcədə qorxulu və ya çətin ola bilərdi ki?! Bel çantamızda bu günə kimi daşımadığımız ağırlıqda yük var idi. Çünki, səyahət yalnız Milan və Amsterdam ilə limitlənməmişdi (Milan, Verona, Lago di Garda, Eindhoven və Amsterdam). Bu səbəbdən ağır yüklə, yuxusuz halda, səhərə kimi gəzmək çətin idi. Bir də düşünsək ki, Dekabr ayıdı, gecə soyuq olur, lap çətinləşirdi halımız.
Üç qız, ağır çantalar, gecə saat on iki, dumanlı və azca şaxtalı Roma küçələri... Dumandan göz-gözü görmürdü. Arada küləyin təzyiqi ilə tərpənib qorxunc səs şıxardan qapı və pəncərələr belə bizi öz yolumuzdan döndərmirdi. Yola davam edirdik. Bir məqsəd vardı : gecə Romanı kəşf etmək, getmədiyimiz yerlərini görmək.
Düşünürəm ki, bizim yerimizdə hansısa oğlan olsaydı, bu çılğılığı etməzdi. Hətta, biz məqsədə o qədər fokuslanmışdıq ki, ayaqlarımız bizi gecə vaxtı qəbiristanlığı xatırladan bir yerə belə apardı. Baxdığınız qorxu filmlərindəki sınıq-sökük, işığı olmayan yerləri addımbaaddım gəzirdik. Küçədə tək-tük adam tapılırdı, gördüyümüz adamlar da ya içkili idi, ya bomj, ya da nəşə çəkən. Arada azanda rəfiqələrimdən birinin ' gəlin, yolu bu içkili dayıdan soruşaq ' deməsi də həmin an üçün üzümüzü güldürmüşdü. Vaxt azaldıqca bizim də enerjimiz tükənirdi.
Saat üç radələrində Roma terminiyə (qatar stansiyası ) çatdıq. Buradan Teravision (aeroporta gedən avtobusları təşkil edən şirkət ) ofisindən bilet almalı idik ( bileti öncədən online alsanız, iki avro qabağa düşə bilərsiniz. Çünki online dörd avro olduğu halda, ofisdə altı avroya satılır ). Roma Terminiyə çatanda gözlərimizə inana bilmədik. Bağlı idi və saysız-hesabsız insan yerlərdə uzanıb vağzalın açılmağın gözləyirdi. Burada müxtəlif tip insanlara rast gəldik : öz-özünə danışan, öz-özünə gülən, ağlayan, dəlisi, ağıllısı bilinməyən, bomj, tualet ehtiyacını yatdığı yerə edən və sairə. Yola çıxdığımızdan bəri heçnə bizi bu insanları görənə qədər qorxutmurdu.
Roma Termininin önünə Yeni il üçün qoyulan dilək ağacına arzularımı yazmağa başım qarışarkən, ara yerdə rəfiqələrimi bir neçə dəqiqəlik itirdiyim də oldu.
Acmışdıq və yorğunluqdan ayaqlarımı hiss etmirdim. Dörd-beş saat fasiləsiz soyuqda uzun məsafələri qət etmək o qədər də asan deyil. Yuxusuzluq da bir tərəfdən əsəblərimizi gərginləşdirirdi. Həmin insanların arasında ağıllı birin tapıb vağzalın saat dörd-beş kimi açılacağını öyrənib rahatlaşdıq. Çünki səkkizə işləmiş Milana uçuşumuz var idi və vaxtında orda olmasaydıq, bütün planlarımız suya düşəcəkdi.
Saatın əqrəbləri artıq vağzalın açılış vaxtını göstərirdi. Nəhayət, Teravision ofisinə daxil olub bileti aldıq. Avtobus on dəqiqəyə aeroport istiqamətində hərəkət edəcəkdi. Çox təəssüf ki, avtobusu qaçırtdıq. Yeni avtobusu gözləməli olduq. Hava limanına vaxtında çata bilməmə qorxusu kefimizi pozmuş, bizi narahat etmişdi. Çox şükürlər ki, uçuşdan yarım saat əvvəl havalimanına çata bildik. Burada bizi gözləyən digər iki dostumuzu da tapıb yollandıq Milana.
( Bu foto təyyarə Milanın üzərində olarkən çəkilib. Yorğun olduğumu gözlərim ələ verir ).
Milana hər zaman fotolardan baxmaq nəsib olmuşdu, amma heç bəyənmirdim. Çox quru gəlirdi bu şəhər mənə, çox solğun desəm, yerinə düşər. Ona görə heç cür ayaqlarım oraya getmirdi. Amma, nə etmək olardı ki?! Artıq qərar verilmişdi. Milan da əvvəl bəyənməyib, gördükdən sonra sevməyə başladığım şəhərlər sırasına daxil oldu.
Anası Milanlı olan professorumuzun Milan haqqında dediyi mənfi fikirlər ilə artıq mən də razılaşmıram. Ən azından ona görə ki, Milan İtaliyanın ən böyük şəhəridi. Biznes şəhəri kimi də təsvir edə bilərik.
Bergamo havalimanına enib Teravisiondan avtobus bileti aldıq ( beş avro ). Getməli olduğumuz yer Milan Central stansiyası idi. Çox böyük stansiyadı, içərisində ağlınıza gələ biləcək hərşey - şirniyyatdan tutun, hər cür hədiyyə satılır.
(Milan Central stansiyasının qarşısı)
Bergamo havalimanı şəhərdən kənar yerləşdiyi üçün təxminən bir saata şəhər mərkəzinə çata bildik. Ətrafı incələyib, tramvayların hərəkət etdiyi istiqamətə doğru yollandıq. Gecələmək üçün yer ayırdığımız hostelə getməliydik. Bu şəhərdə də nəqliyyat 1.50 avro idi. Nəzərə alsaq ki, tramvaylı şəhərlər mənim üçün xüsusi əhəmiyyət kəsb edir, Milanı sevməyə elə o andaca başlamışdım. Çox uzun yol qət etmədik və budur hosteldəydik.
Banqladeşliyə bənzəyən receptionist (çox üzr istəyirəm, bu sözün dilimizdə qarşılığın bilmirəm ) bizi xoş sifətlə qarşıladı. Düşündüm ki, bir neçə dəqiqəyəotağıma keçəcəm və ölənə kimi yatıb yorğunluğu canımdan çıxardacam. Və budur, elə on an bu xoş yuxudan ayıldım. Hosteldə yer ayıran rəfiqəmiz yanlışlıqla Noyabr ayı üçün otaq alıb, bu o deməkdir ki, Milanda gecələyəcək yerimiz yoxdur. Aramızdakı çox müzakirədən, məsləhət xarakterli söhbətdən sonra,orada gecələməmək qərarına gəldik. Çünki, həmin gün üçün qiymət baha idi. Orada qala bilmək lüksümüz yox idi, gediləcək yer çox olduğundan pula qənaət etmək lazım idi.
Banqladeşlinin məsləhəti ilə başqa bir hostelə getdik. Hər otaqda azı iki yaponiyalının gecələdiyi hostel idi. Nəhayət, sıra bizə gəldi və təxminən 15 ( plus, 2 avro vergi pulu ) avro ödədikdən sonra, 5 nəfərlik private otağa yerləşdik. O qədər yorulmuşduq ki, həmin gün yalan olmasın, günün yarısını yatmaqla keçirdik. Arada üşüdüyümdən oyanıb, gözümü başımın üstündə olan pəncərəyə dikib saatlarla yağan yağışı seyr edirdim. Hava çox boz idi, yağış dayanmaq bilmirdi. Amma, bunu Milandakı tanışlarım öncədən demişdilər. Ən azından iki gündən bir Milana yağış yağır.
Birazca da Milan haqqında danışım. Milan çox insana soyuq şəhər kimi gəlsə də, çox qadının sevimli şəhərlərindən biri olmağa davam edir. Yəqin ki, səbəbi hamıya məlumdu. Bu şəhər dəbin -Gucci, Armani, Dolce and Gabbana, Versace kimi məşhur brendlərin mərkəzidi. Hər imkanlı qadın buraya alış-veriş istəyi ilə gəlir. Kişiləri öz ağuşuna çəkməsi isə yəqin ki, futbolla əlaqəlidi.
İtaliyada iqtisadiyyatın və sənayənin mərkəzi də məhz Milandadır. Digər italyan şəhərlərindən çox fərqlidi. Siz burada özünüzü sırf Avropada kimi hiss edəcəksiniz. Burada Romadan fərqli olaraq çox insanın ingilis-dilində danışdığını görüb təəccüblənə də bilərsiniz. Özünə baxımlı xanımlar və kişiləri də görəndə ağzınız açıq qala bilər. 5.2 milyonluq əhalisi olan Milan bu statistika ilə İtaliyanın ən böyük şəhəridi. Tarixi yerlərin azlığının mövcudluğu bu şəhəri digərlərindən fərqləndirir, ona görə də moda, sənayə və iqtisadiyyat ilə yaddaqalan şəhərdi. Bir də unutmadan, 2015-ci ildə Expo sərgisinə ev sahibliyi edəcək olan şəhər də Milandır.
(Hazırda Expo sərgisilə bağlı hazırlıqlar gedir. Milanın ən böyük alış-veriş küçəsində sağ və sol hissələrə asılan bayraqlar içərisində bizim bayrağımızı da görmək çox xoş idi)
Səyahət macəralarımıza davam edək.
Saatlarla yatmağımız bizə enerji gətirmişdi. Səhəri gün gözümüzü narın-narın yağan yağışlı Milan səhərinə açdıq. Çox yatdığımızdan yemək yeməyi unutmuşduq. O aclıqla məni heçkim yatdığım yerdən qaldırıb şəhəri kəşf etməyə apara bilməzdi ( təbii ki, yenə dönər yeməklə kifayətləndik ).
İlk gediləcək yer əlbəttə ki, Duomo idi. Ümumiyyətlə, Milanda gediləcək yerlər az olduğundan bu şəhərdə çox qalmağa ehtiyac yoxdu. Milan deyəndə insanın ağlına bir Duomo, bir də La Scala gəlir.
(Duomonun qarşısındakı heykəl)
Metrodan istifadə edib Duomoya çatdıq. Keçiddən çıxıb başımı arxaya çevirmişdim ki, nə görsəm yaxşıdı? əsrarəngiz, bu günə kimi görmədiyim bir gözəllik - Milanın Duomosu.
Həqiqətən, danışdıqları qədər möhtəşəm idi. Heyrətamiz əl işlərinə məxsus Duomo. Tam incəsənət əsəridi idi. Qarşısında şəkil çəkdirmək üçün sıraya düzülən hər irqdən, dindən, hər dildə danışan insanlar vardı.
Yaxınlaşıb bu gözəlliyə yaxından baxmaq istəyirdik ki, immiqrant olduqları çox aydın görünən bir neçə nəfər əlimizdən zorla tutub ovucumuza dən tökdülər. Biz hələ nə baş verdiyini anlamadan, kilsənin qarşısına yığışan göyərçinlər dən yemək üçün ovuclarımıza qondular. Qorxudan qışqırıb səsimi başıma atarkən,həmin adam əlimdəki kameramı alıb şəkilimi çəkdi.
Təbii ki, əgər İtaliyadasınızsa, bu cür hadisələrin arxasında bir pul tələsinin olduğunu bilsəniz yaxşı olar. Adamlar bizdən bunun üçün on avro istədilər. Təəccüblü baxışlarla bir birimizə baxıb, donub qalmışdıq. Pul verməkdən imtina etsək də, adamlar bizdən əl çəkmirdi. Sonra üç nəfərə on avro verib canımızı qurtara bildik. Ardınca rəngli saplardan düzəldilmiş qolbaqlar satan digər imiqrantlar dostlarıma yaxınlaşıb : ' götürün, bu pulsuzdur ' -deyərək başların bişirməyə müvəffəq oldu. Əlbəttə ki, yenə pul tələsi. Bu dəfə alınmadı, uşaqlar pul vermədilər. Duomonun qarşısında bu tip insanlar çoxdur, ehtiyatlı olun.
Keçək bayaqdan danışıb bitirə bilmədiyim Duomoya.
İlk növbədə, duomo sözünə aydınlıq gətirək. İngilis-dilindən tərcümədə duomo böyük, nəhəng kilsə deməkdir. Duomolara siz Florensiya, Siena kimi İtaliyanın digər şəhərlərində də rast gələ bilərsiniz. Bu Duomo İtaliyanın ən böyük kilsəsidi, böyüklüyünə görə isə dünyada beşinci yerdədi. Duomo meydanının tam mərkəzində yerləşir. Çoxlu bərpa işlərindən sonra, 1965-ci ildə son halını alıb. Gotik üslubda tikilib. İçərisi digər kilsələrdən fərqlənməsə də, xarici görünüşü möhtəşəmdi ( bu arada, onu da qeyd edim ki, içəridə Miladla bağlı ayin gedirdi,maraqlı gəldi deyə bu anı ölümsüzləşdirmək istədim, kameramı işə saldım. Lakin, bizi cəld kilsədən çıxartdılar. Əməlli-başlı qovdular desəm, yerinə düşər)/
(Duomonun yan tərəfindən çəkilmiş foto)
Digər kilsə Santa Marie Della Grazie, L'Ultima Cena, yəni, son axşam yeməyi adı ilə bilinən Leonardo Da Vincinin ən məşhur əsərlərindən sayılan orginal tablonu öz divarlarında daşıyır. Çox heyf ki, mən Leonardonun bu əsərini orada görə bilmək şansına sahib olmadım, amma siz getsəniz, mütləq bu kilsəni ziyarət edin.
Digər gediləcək yerlərdən biri də La Scala opera binasıdı. Tikintisi 1778-ci ildə bitib və dünyanın ən böyük və məşhur opera binalarındandı. Biletlər biraz baha olsa da, burada opera dinləmək çox xoş hiss olmalıdı deyə düşünürəm.
Montenapoleone, yazının əvvəlində də saydığım Versace, Dolce and Gabbana və s. kimi brendlərin satıldığı, bir küçə böyüklüyündə ticarət mərkəzidi. Moda həftəsində bu küçə çox gözəl görünür. Pul tərəfdən şansları gətirən hər xanım və bəy bahalı brendlərdən bazarlıq etmək istəsələr, bu küçəyə baş çəksinlər.
Sizə danışım Galleria Vittorio Emanueledən. Bu da digər ticarət məkanlarından biridi. Gözünüzdən qaçmayacaq, çünki Duomonun bir ucu və La Scalanın digər ucu bu ticarət mərkəzində açılır. Memarlıq abidəsi kimi də qəşəng yerdi. İtaliyanın ən qədim ticarət mərkəzi sayılır. Vittorio Emanuele adlı küçə də var ki, bayaq yazının əvvəlində gördüyünüz Azərbaycan bayrağı buradan asılıb.
İkinci gün üçün gecələyəcək yerimiz olmadığından bir kafenin wifi-ından istifadə edib ilk gün getdiyimiz hosteldə yer ayırtdıq. Adı Music Hostel Bed and Breakfastdı. Hər qapının üstündə bir bəstəkarın adı var. Bizə də Şopen adlı otağı verdilər. Təmiz və səliqəli otaq idi, həmçinin də hamamı. Rahat yata bilmişdik.
Səhərsi gün səhər yeməyi üçün aşağıya enib qarnımızı qoyurduq. Milad bayramı üçün qurulan bazarda ömrümdə yediyim ən dadlı təamlardan birini dadmışdım ki, bu da kefimi yerinə gətirmişdi. Çox təəssüf, adını unutdum. İkinci Milan səfərimdə yenidən yemək şansına sahib olmağı çox istərdim.
Bu qalada da olduq. Adı Kastellodur.
Maraqlı heçnə yox idi. Bəlkə də qalanın bağlı olduğu saatda gəldiyimiz üçün mənə elə gəlirdi. Həyətdə bir neçə qədimi daşlardan hazırlanmış, köhnə vaxtların İtaliyasından bəhs edən abidələr vardı.
(Qədimdə insanların tualet ehtiyaclarını ödəmək üçün istifadə etdikləri daş tualet)
(Bu isə vannadır)
Üçüncü gün səhər Milandan gedəcəkdik deyə, son dəfə Duomoya getdik. Axşam vaxtı da Duomonu görmək nəsib oldu.
Binaların üstündə rəngi işıqlarlarla, musiqi fonunda, Milad bayramı üçün slaydlar göstərilirdi. Binanın ətrafına yığışıb yaşadığımız gündən həzz alırdıq.
Səhərsi gün İtaliyanın digər gözəl şəhərlərindən biri Veronaya getmək üçün yola düşdük. Bu şəhər də bizə qucaqdolusu xatirə bağışladı. Növbəti yazımda sizi Veronada səyahətə aparacam.
Müəllif: Nura Dünyamalıyeva