"Təndir düzəldib 100-150 manata satıram" - VİDEO

Xəbərlər 24 Avqust 2016 00:00 4795
"Təndir düzəldib 100-150 manata satıram" - VİDEO

Səksən yaşlı Mədinə Xıdırova ömrünün 45 ilini təndir hazırlamağa həsr edib. Təndirçi Qubanın İspik kəndində yaşayır. Mədinə nənə yaşının çox olmasına baxmayaraq, yenə də həvəslə təndir hazırlayır. Mədinə Xıdırova bildirib ki, bu işi atasından öyrənib. Atası və həyat yoldaşı dünyasını dəyişəndən sonra bu peşə ailəsinin əsas gəlir mənbəyinə çevrilib.

Mədinə nənə hazırladığı təndirləri ölçülərindən asılı olaraq 100-150 manata satır. Onun hazırladığı təndirlər möhkəmliyi ilə seçilir və bu məhsullara zəmanət də verir. Dediyinə görə, başqalarının hazırladığı təndir 1-2 il istifadəyə yararlı olduğu halda, onun düzəltdiyi təndirləri 8-10 il istifadə etmək mümkündür. Məhz buna görə də ona ölkəmizin müxtəlif bölgələri ilə yanaşı, hətta qonşu Rusiya və Gürcüstandan da sifarişlər gəlir.

Mədinə Xıdırovanın təndirlərinin keyfiyyətli olmasının əsas sirri onun xüsusi hazırlanma qaydasındadır. Təndir düzəltmək üçün əvvəlcə xüsusi palçıq qarışdırılır. Sarı torpaqdan hazırlanan qarışığa əzilmiş saxsı qırıntıları və keçi tükü qatılır. Bu, təndirin uzunömürlü və möhkəm olmasını təmin edir. Ümumiyyətlə, bir təndir hazırlamağa ən azı 20-30 gün vaxt sərf olunur. Əli zəhmətə öyrəşmiş Mədinə nənə sağlamlığı imkan verəcəyi halda hələ uzun illər təndir hazırlayacağını bildirir.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR