İstirahətin necə keçməsi təkcə maddi imkan və zövqlə bağla deyil. Tətili necə keçirmək həm də insanın xarakteri və anadan olduğu bürcdən asılıdır. Seyyah.az fərqli bürcdən olan insanların öz tətillərini necə təşkil etdiyini açıqlayır.
Qoç bürcü

Qoç bürcü üçün tətilin mənası yeni hadisələr zamanı gücünü və dözümlülüyünü yoxlamaq, həmçinin əvvəllər etmədiyi şeyləri etməkdir. Qoçlar adətən tətil zamanı gündəlik həyatlarının əksini yaşamağı xoşlayırlar. Qoç bürcü macərapərəstliyi təmsil etdiyindən dağa dırmaşma, yamac paraşütü kimi əyləncələr onlara görədir.
Buğa bürcü

Buğa bürcü lüksü və gözəllikləri sevir. Yaşıllıqlarla əhatəli dağ və göl mənzərəli otellər onların təbiətinə uyğundur. Ölkəmizin Daşkəsən, Zaqatala, Qax, Qəbələ, İsmayıllı, Quba, Qusar, Masallı kimi bölgələri, xarici ölkələrdən isə İsveçrə, Norveç sizi xoşbəxt edə bilər. Səfər zamanı sıx və gərgin proqramdan uzaq durun. Buğalar kitab mağazalarını və muzeyləri gəzməklə sakitləşə bilərlər.
Əkizlər bürcü

Əkizlər üçün səyahət yeni şeylər öyrənəcəyi, həyəcanlı təcrübələr yaşayacağı və dünya görüşünü artıracağı bir fürsət deməkdir. Əkizlər tətilə istirahət üçün yox, fərqlilik olsun deyə gedirlər. Əkizlər üçün çimərliklər, tarixi yerlər, muzeylər, alış-veriş mərkəzləri, gözəl mənzərəsi olan və qısa gəzintilər edə biləcəyi digər tətil istiqamətləri uyğundur. Xəbərçi ruhlu əkizlərin otağında televiziya, yaxınlıqda isə qəzet və yaxud kitab mağazası olmalıdır.
Xərçəng bürcü

Həssas olan bu bürcün insanları daha çox dəniz kənarında istirahəti sevirlər. Xərçənglərin əksəriyyəti yaşadıqları ərazidən kənara çıxmaq istəməzlər. Evlərinin yaxınlığında yerləşən dəniz, göl onlar üçün ideal tətil yerləridir. Böyük lüks otellər əvəzinə, kiçik otellər onların əsas seçimi olur. Xərçənglər çox pul xərcləməyi sevmirlər. Ailə dəyərlərinə sadiq olan xərçənglər babalarının yaşadıqları məkanları görməyi, araşdırmağı daha çox istəyirlər. Məkkə, Qüds, Tibet, Roma kimi bölgələrə səfər etməkdən də zövq ala bilərlər. Xərçəng üçün tətildə nə etdiyi, nə aldığı yox, daha çox nələr hiss etdiyi önəmlidir.
Şir bürcü

Bu bürcün insanları lüks həyatı sevirlər və fantastik tətil üçün bütün pullarını xərcləməkdən çəkinmirlər. İnsanlar arasında olmağı xoşlayırlar. Sakit məkan onlara görə deyil. Xüsusilə, köhnə sarayları, qalaları olan yerlərdə gəzməyi sevirlər. Gecə həyatı, caz konsertləri onlara görədir.
Qız bürcü

Qız ağıllı, intellektual, ünsiyyətcil və enerjili bir bürcdür. Bu bürcün insanı hərəkət və həyəcan axtarmağı sevir. Kəşf və araşdırma duyğusunu qarşılaya biləcəyi yeni yerlər ona həyəcan verir. Gedəcəyi yer ilə bağlı nə qədər çox məlumat yığıb hazırlıq görsə, getdiyi zaman o qədər çox xoşbəxt olur. Ən uyğun tur və otelləri araşdırır, əgər xarici bir ölkəyə gedirsə, həmin ölkənin dilini bir az öyrənir, mədəniyyəti haqqında məlumat toplayır və hazırlıqların hamısını əskiksiz yerinə yetirir. Sağlamlığına düşkün olan qız bürcü xaricə gedə bilmədiyi zaman yaxınlıqdakı spa və sağlamlıq mərkəzlərinə üz tutur. Masaj, sauna, palçıq onlara görədir.
Tərəzi bürcü

Sosial həyatı sevən tərəzilər böyük şəhərlərə və aktiv bölgələrə getməyə üstünlük verirlər. Komfortlu bir mühit onlara görədir. Tərəzi bürcü muzeyləri, sənət qalereyalarını gəzməyi, alış-veriş etməyi sevir və gecə həyatından çox zövq alır.
Əqrəb bürcü

Sakit, tənha, heç kəsin olmadığı ada, tətil məkanı və yaxud gəmi səyahəti onlara görədir. Əqrəb də xərçəng və balıqlar kimi özünü su kənarında yaxşı hiss edir. Qaldığı yerdə televiziya və telefon olmasa belə, istədiyi musiqini dinləməyi xoşlayır. Onun üçün tətil demək, növbəti iş ilinə yenilənmək deməkdir. Əqrəbin lüks tətil üçün pulu olmasa, dəniz və yaxud göl kənarında kitab oxuyub, balıq tutaraq da istirahət edə bilərlər.
Oxatan bürcü

Oxatan bürcü səyahəti çox sevir. Nə qədər uzaq və ekzotik yerlərə gedərsə, o qədər çox həyəcanlı olar. Yeniliyə daima ehtiyacı var. Səfərə çıxmazdan əvvəl gedəcəyi yerin mədəniyyəti və tarixi haqqında məlumat toplayır. Gedəcəyi ölkənin insanları ilə heç olmazsa bir az söhbət edə biləcəyi qədər həmin ölkənin dilini öyrənməyə meyllidir. Təbiətdə gəzmək, tenis oynamaq, üzmək, qaçmaq, ata minməklə xoşbəxt ola bilərlər.
Oğlaq bürcü

Oğlaq bürcü üçün ən ideal tətil dağlıq bir bölgədir. Bu bürc ənənələrə və tarixə əhəmiyyət verdiyi üçün antik və tarixi yerləri gəzməkdən böyük zövq alır. Arxeoloji qazıntılar aparılan bölgələrə getmək və ya bu qazıntılardan birində könüllü işləmək onların həyatlarının unudulmaz təcrübəsi ola bilər. Oğlaqlar hətta tətil zamanı belə işləmək istəyirlər. Köhnə, böyük və ənənələrini qoruyan otellərdə qalmaqdan zövq alırlar.
Dolça bürcü

Dolçalar macərapərəst olduqları üçün sıradan tətilləri xoşlamırlar. Rusiya, Çin və Berlin onlara görədir. Dolçalar kompüter olmadan yaşaya bilməz. Tətil zamanı belə ağılları onda qalır. Təbiətdə macəra axtarmaq dolçalara uyğundur.
Balıqlar bürcü

Balıqlar olduqca romantikdir. Fantaziyaları sevirlər. Gündəlik həyatlarına bənzəyən sıradan tətil onlara görə deyil. Balıqlar üçün ən yaxşı tətil ada və yaxud dəniz kənarında olmalıdır. Dalğa səslərinin eşidildiyi, dəniz mənzərəli otel həssas balıqları sakitləşdirəcək və rahatladacaq. Balıqlar üzməyi, avar çəkməyi, gəmi ilə və sahildə gəzməyi sevirlər. Şəkillər çəkmək də onlara xüsusi zövq verir. Balıqlar romantik mahnılarla rəqs etməyi sevirlər. Getdikləri yerlərdə azad ola bilməmək hissi isə onları narahat edir.
Eləcə də bax: Evini satıb dünyanı gəzən məşhur cütlük - BAKIDA – FOTO
Mənbə: sey-yah.com