Azərbaycanda turizmin inkişafı ilə bağlı bəzi tədbirlər barədə prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı sərəncamlarla əlaqədar olaraq tədbirlərə başlanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədov bildirib. Onun sözlərinə görə, Sərəncamda yaradılması nəzərdə tutulan Turizm Şurası turizm sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya-əlaqələndirmə funksiyasını yerinə yetirəcək. Ölkə başçısının Sərəncamında Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı da müəyyən tapşırıqlar verilib. Bunla əlaqədar olaraq müvafiq təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunacaq.
Sərəncamda Xarici İşlər Nazirliyi ilə birlikdə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimizdə turizm nümayəndələrinin yaradılması məsələsi də öz əksini tapıb. Məlum olduğu kimi, Mədəniyyət və Turizm Nazirliyinin Rusiya, BƏƏ, Almaniya və Türkiyədə ölkəmizin turizm potensialının təbliğatını aparmaq məqsədilə turizm nümayəndəlikləri fəaliyyət göstərir. Bundan əlavə, imzalanan mühüm sənətdə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində turizm və rekreasiya zonalarının yaradılmasının nəzərdə tutulması məsələsi öz əksini tapıb. Bu da Şimal bölgəmizdə yerləşən Quba, Qusar, Şabran, Xaçmaz, Xızı və Siyəzən rayonlarını əhatə edir. Dəniz sahilli rayonların çimərliklərindən və digər rekreasiya zonalarından səmərəli istifadə etmək nəzərə alınaraq, ümumilikdə bu ərazilərdə 100 min hektaradək ərazi turizm zonası kimi elan edilib. Bununla bağlı da müvafiq işçi qrupu öz üzərinə düşən öhdəliyi yerinə yetirərək ölkə başçısına nəzərdə tutulan təklifləri təqdim etməlidir.
Sərəncamdan irəli gələn digər bir tapşırıq, turizm reyestrlərinin yaradılmasından ibarətdir. Bununla da turizm şirkətləri və mehmanxanalar turistlər qarşısında rahat şəkildə öz öhdəlik və fəaliyyətlərini davam etdirə biləcəklər. Bir sözlə, ölkəmizə turist axınını daha da artırmaq məqsədilə əlverişli aviareyslərin açılması və aşağı büdcəli uçuşların yaradılması kimi tələblərlə bağlı təkliflər hazırlanıb ölkə başçısına təqdim olunacaq. Hazırda bu aviareyslər mövcuddur, ancaq bunların fəaliyyətini daha da intensivləşdirmək, coğrafiyasını genişləndirmək qarşıya məqsəd qoyulub. Ümumilikdə, ölkə başçısının bu Sərəncamları Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə ayrıca məsuliyyət qoyur.