"Asiya ilə Avropanın xəzinəsinin açarı" - İstanbuldan FOTOREPORTAJ

Xəbərlər 3 Sentyabr 2016 00:00 1628
"Asiya ilə Avropanın xəzinəsinin açarı" - İstanbuldan FOTOREPORTAJ

Çoxları tətili xaricdə keçirmək üçün yüksək məbləğdə pul lazım olduğunu düşünsə də, nə az nə çox - təxminən 300-350 dollara Türkiyə və Gürcüstanda dincəlmək olar.  Bu ölkələr həm məsafə, həm ucuz başa gəlməsi, həm də dil baxımından digər ölkələrdən fərqlənir. Ən əsası isə, bu ölkələrə getmək üçün viza almağa ehtiyac yoxdur. 

2 saat yarımlıq uçuşdan sonra Atatürk hava limanına çatdıq. Burada gömrük məntəqəsində bir müddət gözləsək də, İstanbulda gəzmək üçün dəyərdi. Addım-addım hərəkət edərək "passport control"dan keçdikdən sonra sürətlə oradan uzaqlaşdıq. Hava limanında o qədər adam var idi ki, elə bil ötən ay burada terror törədilməmişdi. Lakin görünür, təhlükəsizlik tədbirləri gücləndirilib, hava limanı daxilində əlində avtomatla gəzişən əsgərlər bunu deməyə əsas verir. 

Hava limanından çıxıb taksi ilə Sultanahmet istiqamətində hərəkət etdik. Sürücü turist olduğumuzu düşünüb qiyməti baha demək istəsə də, azərbaycanlı olduğumuzu bilib bizi otelə elə öz qiymətinə, 40 TL-yə (təxminən 20 manat) apardı. 

Otellər isə nə bahadır, nə də ucuz. Qiymətlər mərkəzə yaxınlıq baxımından, ulduz sayına görə və başqa xüsusiyyətlərə görə dəyişir. Məsələn, elə Sultanahmetdə günü 30 manatdan tutmuş 150 manata kimi otellər tapmaq olar. Əsas "sirr" ondadır ki, gərək oteli bir neçə həftə əvvəl sifariş edəsiniz. Çünki o zaman həm yer olacaq, həm də ucuz başa gələcək.

Türkiyədə 15 iyul tarixində baş vermiş çevriliş cəhdindən sonra şəhərin, demək olar, hər yerində asılan iri bayraqlar və "hakimiyyet milletindir" lövhələri yol boyu diqqətimizi çəkdi.

İstanbul

Rusiya çarı I Pyotr boş yerə vəsiyyətində İstanbul haqqında "Asiya ilə Avropanın xəzinəsinin açarı" sözlərini deməmişdir. Çünki tarixiliyi ilə seçilən şəhərin ən böyük özəlliyi Qara və Mərmərə dənizləri ilə əhatə olunub Asiyanı Avropayla birləşdirməsidir. Bu şəhərə gəlməklə həm də Avropa qitəsinə səyahət etmiş sayılırsınız.

İstanbulun Sultanahmet camisi, Taksim meydanı, "İstiklal caddesi", "Galata kulesi", "Dolmabahçe" və "Topkapı sarayı", "Boğaz körpüsü", "Emirgan park" və Miniatürk kimi gəzib görməli yerləri var ki, bunları "kəşf etmək" üçün 3-4 gün az olsa da, 1 həftə kifayət edər.

Şəhərdə tarixi tikililər çox olsa da, təmirsiz evlərin çoxluğu səliqəsiz görüntü yaradır.

Bakıdan fərqli olaraq, İstanbul eniş-yoxuşlardan ibarətdir, küçələri dar və baxımsızdır. Şəhərin hər səhər təmizlənməsinə baxmayaraq günortaya kimi yenidən zibillənir.

Ərazilərin təmizlik işləri ilə kişilər məşğul olurlar. İstanbulun əsas küçələri restoranlarla doludur. Qiymətləri isə heç də ucuz deyil. Ölkəyə ət gətirilməsi qadağan edildiyindən ət xörəkləri və dönərlərin qiyməti bahadır. Burada insanlar kafelərin çölündə, açıq havada oturmağa üstünlük verirlər. 

İstanbulda gəzərkən özünüzü türk kino və seriallarının içindəymiş kimi hiss edə bilər, məşhur aktyor və aktrisalar, müğənnilər və başqa tanınmışlarla rastlaşa bilərsiniz. Hətta bəzən gəzinti zamanı film çəkilişləri aparıldığını da görmək mümkündür.

Buranın nəqliyyat sistemi ilk baxışda şəhərə gələn turistlər üçün qarışıq görünsə də, əslində çox rahatdır. Şəhərin bütün əsas görməli yerlərinə metro işləyir, hətta aeroportda da metro stansiyası var. Nəqliyyat vasitələrində həm türk, həm də ingilis dilində məlumat verilir. Bakıdan fərqli olaraq İstanbulda metro və avtobusdan əlavə, tramvay və metrobus da fəaliyyət göstərir.

Bu nəqliyyat vasitələrindən istifadə etmək üçün vahid kart lazımdır. Kartı xüsusi təyin edilmiş yerlərdən almaq mümkündür. İstanbulda kart üçün bir gedişin qiyməti 1.30 TL-dir (təxminən 0.80 AZN). Lakin ən pisi odur ki, stansiyalar arası keçid zamanı əlavə gediş yükləmək lazımdır. Buna görə də uzaq məsafələrə getmək bir az baha başa gəlir. Burada nəqliyyat baha olduğu üçün əhalinin bir qismi çox vaxt taksilərdən istifadə edir. 

Sultanahmet Camisi

İstanbulu məscidlər şəhəri də adlandırmaq olar. Çünki məscidlər həddindən artıq çoxdur və bir-birinə yaxın məsafədə yerləşir. Bu məscidlərdən ən nüfuzlusu isə Sultanahmet camisidir. 

Cami 17-ci əsrdə tikilib. Camidə ağ və mavi bəzəklərin çox olduğuna görə avropalılar buraya (Blue Mosque) Göy məscid də deyirlər. Azan vaxtları cami namaz üçün bağlanır və namaz qılmayanların içəri girməsinə icazə verilmir.

Həmçinin müsəlman dininin qayda-qanunlarına uyğun olaraq məscidin içərisinə kişilərin qısa şort, qadınların isə qısa geyimdə, başı açıq daxil olmasına qadağa qoyulub. Caminin içərisi möhtəşəmliyi ilə digərlərindən fərqlənir.

Mavi məscidlə düz üzbəüzdə Bizans memarlığının dünyaca məşhur abidəsi Aya Sofiya yerləşir. Keçmiş kilsə, sonralar məscid olmuş bu məbəd hazırda muzeydir və oraya giriş 30 TL-dir (təxminən 15 manat).

Sultanahmet meydanı, cami və Aya Sofiya məbədi turistlərin əsas məkanlarındandır. İstanbula gələn qonaqların çoxu otellərini bu ərazidə sifariş edir. Çünki bura həm dənizə, həm də şəhərin başqa yerlərinə yaxındır. Məscidin yaxınlığından keçən tramvay vasitəsi ilə qısa zamanda digər gəzməli yerlərə getmək mümkündür.

Boğaz turu

İstanbula gəlib Boğaz turuna çıxmasanız, çox şey itirə bilərsiniz. Bu tur Bakıdakı dəniz gəzintisindən çox fərqli olaraq 2 saata yaxın vaxt alır. Bunun üçün Eminönündə dəniz kənarından "Boğaz turu" deyə çağırılan gəmiyə minmək lazımdır.

Gəzinti üçün biletin qiyməti 12 TL-dir. İki mərtəbədən ibarət olan gəminin ikinci mərtəbəsinin üstü açıqdır. Alt mərtəbədə isə dənizi həm açıq havadan ,həm də şüşəli restorandan seyr etmək mümkündür. Bu restoranda çay, sərin sular və müxtəlif şirniyyatlar satılır. Qiymətləri isə çox da baha deyil. 

Gəmi hər iki boğaz körpüsünün altından keçib, Kız kulesinin yanı ilə hərəkət edərək geri qayıdır. 

Sahil boyunca otel və məscidlərin çoxluğu diqqət çəkir.

Hazırda "Şəhidlər körpüsü" adlandırılan körpünün möhtəşəmliyi adamı valeh edir.

Dənizin təmizliyi və neft qoxusunun olmaması isə tura xüsusi zövq qatır. 

Taksim meydanı, İstiklal Caddesi, Galata kulesi

Taksim meydanı "İstiklal" caddəsinə bağlı geniş ərazidir. Əslində çox böyük olmasa da, turistlərin ən çox diqqətini çəkdiyi məkanlardandır. İstanbula gələn Taksimdə "chek in" etməmiş getmir desək, yanılmarıq.

Buradan İstiklal caddesinə doğru Taksim-Tunel Nostalji tramvayı hərəkət edir. Onun yanından keçərkən eşidilən xüsusi siqnalı sizi bir anlıq türk kinolarındakı kadrlararası keçid səhnələrinə apara bilər.

Kartla işləyən tramvay qısa məsafə qət edir. Tramvayın əsas məqsədi turistləri cəlb etməkdir. Elə hərəkət boyu tramvayla şəkil çəkdirən və ondan istifadə edən turistləri də görmək mümkündür. 

"İstiklal caddə"si turistlərin çox olduğu küçələrdən biridir. Buranı Türkiyənin "Tarqovı"sı da hesab etmək olar. Lakin "Tarqovı"dan fərqli olaraq küçələr təmirli deyil və gün ərzində 3 milyondan çox insan tərəfindən "ayaqlanır". Caddədə alış-veriş obyektləri, butiklər, kino zalları, exchange-lər, banklar, restoranlar və gecə klubları var. Restoranlardakı qiymətlər isə, bir növ bizim "Tarqovı"dakı qiymətlərlə eyni, hətta bir az da bahadır. 

Caddə ilə hərəkət edərkən ona bağlı dar küçələrdəki  barlar, klublar və restoranlardan musiqi səsləri gəlir ki, həmin məkanlarda hər axşam canlı musiqi təşkil edilir. Lakin bu məkanlara girmək üçün yanınızda mütləq qadın cinsinin nümayəndəsi olmalıdır.

Küçədə hərəkət zamanı dilənçilərə də rast gəlmək olur. Lakin onlarla yanaşı əziyyət çəkərək pul qazanan küçə sənətçiləri də az deyil.

İstiklal caddəsi ilə təxminən 15 dəqiqədən çox hərəkət edərək şəhərin əsas tarixi simvollarından olan "Galata kulesi"ni də görmək şansınız yaranır. 528-ci ildə inşa edilən qüllədən boğazı panoramik olaraq rahatlıqla izləmək mümkündür. 

"İstanbul akvarium"

İstanbulda iki akvarium var. Mərmərə dənizinin sahilində, Florya AVM-də yerləşən "İstanbul akvarium" turistlər arasında daha məşhurdur. Burada dünyanın ən böyük sualtı akvariumu var.

Akvariuma giriş bileti 60 lirədir (təxminən 30 manat). Möhtəşəmliyi ilə göz oxşayan akvarium 17 tematik zonaya bölünüb.

Xüsusi işıqlandırma cihazları sayəsində əla effekt yaradılıb.

Qonaqlar sualtı səltənətə səyahətlərini Qara dəniz, Qırmızı dəniz və Aralıq dənizi "sakinləri" ilə tanışlıqdan başlayırlar.

Sonrakı zonalarda Panama körfəzini, Sakit okeanı təmsil edən və s. canlılar yaşayır. Marşrut yağışlı meşələr zonasında başa çatır.

Burada balıqlar və bitkilər, sürünənlər, amfibiyalar və məməlilər var. 

Həmçinin buraya gəlməklə bir daşla iki quş vurmaq olar, çünki piyada məkanın yaxınlığındakı Florya çimərliyinə getmək, Mərmərə dənizində çimmək mümkündür. 

İstanbulun digər akvariumu "Forum" ticarət mərkəzində yerləşən "Sea Life" akvariumudur. Oraya metro ilə getmək olar. Bura İstanbulda ən birinci yaradılan sualtı akvariumdur.

İstanbuldan ayrılmaq istəməsək də, 4 günlük İstanbul macərasından sonra Tbilisiyə doğru yola çıxdıq. Avtobusla qayıtmağın ən yaxşı cəhəti onda oldu ki, Boğaz Körpüsünün üzərindən keçdik.

Təxminən 12 saatdan sonra yol tamamilə Qara dəniz sahilindən keçir. Buranın möhtəşəm mənzərəsi, dağın içindən keçən uzun qaranlıq tunellər, Trabzon, Rize şəhərləri insanı valeh edir.

Rizeni keçdikdən sonra Gürcüstan sərhədinə yaxınlaşdıq. Sərhədi keçib Gürcüstana daxil olduq.

Gürcüstanın Türkiyə ilə sərhədi Batumi şəhəridir. Buranın ecazkar mənzərəsi var. Sağ tərəfdə yamyaşıl dağlar, solda isə çırpınan Qara dəniz. Dənizin sahili isə çox fərqlidir, qum əvəzinə daş, çınqıl...

Bir neçə saat Batumidə dincəldikdən sonra Tbilisiyə doğru yollandıq. Təxminən 4-5 saatlıq maraqlı səyahətin ardından Tbilisiyə çatdıq.

Bizi avtovağzalda Azərbaycan dilində danışan taksi sürücüləri qarşıladılar. Dilimizi bilən insanların olması bizi sevindirdi. Taksi ilə Heydər Əliyev parkına gəldikdən sonra yaxınlıqdakı bir neçə oteldən qiymət soruşub, günü 25 dollara olan xüsusi evdə gecələməyə qərar verdik. 

Tbilisi

Tbilisi şəhəri İstanbul, Batumi və Bakı qədər olmasa da, gözəlliyi ilə seçilir. Şəhərin mərkəzindən axan Kür çayı Tbilisiyə xüsusi gözəllik verir.

Tbilisinin ən mərkəzi və əsas küçələrindən biri Heydər Əliyev prospektidir. Bu prospekt Kür çayı boyunca uzanır və şəhərin gəzməli yerlərinə çox yaxındır. İstanbuldan fərqli olaraq Tbilisini kəşf etmək üçün 2 gün də kifayət edər.

Tbilisinin Botanika bağı, Zoopark, Narıkala, Kartlis Deda heykəli kimi görməli yerləri və maraqlı muzeyləri var. Bu görməli yerlər isə hamısı bir-birinə çox yaxın məsafədə yerləşib. 

Tbilisinin əhalisi çox şəndir, qızları açıq-saçıq geyimləri ilə diqqət çəkir. Burada özünü xarici ölkədəki kimi yad hiss etmirsən, çünki mərkəzdəki insanların çoxu rus və Azərbaycan dillərində danışır. Gürcüstan çaxırın məskəni olduğundan buradakı marketlərdə ərzaqdan çox, spirtli içkilər satılır. Hətta şəhərin simvolu kimi turistlər üçün nəzərdə tutulan kiçik maqnitlərdə də çaxır şüşələri var. Tbilisinin küçələri təmiz və səliqəlidir. 

Tbilisidə 2 gün qaldıqdan sonra xoş xatirələrlə Bakıya qayıtdıq. 

Kitablarda, filmlərdə gördüklərimizi reala çevirən, yaşadıqlarımızdan zövq almağa sövq edən səyahət yeni insanlarla, fərqli mədəniyyətlərlə tanış olmağımıza, dünyagörüşü və dil biliklərimizi artırmağa səbəb, yeni ölkələr, yeni macəralar kəşf etməyə vasitə olur. Buna görə də azı ildə bir dəfə səyahətə çıxıb özünüzün özgüvəninizi "refresh" edib, dünyanın gözəlliklərindən sonsuz zövq almağa dəyər.

Mənbə: Milli.Az

OXŞAR XƏBƏRLƏR