Qubada hökmən görməli olduğunuz - 8 TURİZM MƏKANI

Xəbərlər 12 Sentyabr 2016 00:00 3867
Qubada hökmən görməli olduğunuz - 8 TURİZM MƏKANI

Quba Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Əsası IV əsrdə qoyulmuş bu şəhər XVII əsrin sonuna doğru böyük ticarət mərkəzi olub. 1735-ci ildə Hüseynəli xanın səyləri nəticəsində Quba ən gözəl şəhərə, sonra isə eyniadlı xanlığın paytaxtına çevrilib. O dövrün bir çox möhtəşəm binaları bu günümüzədək qorunub saxlanılıb. Eyni zamanda, Quba memarlıq nümunələri ilə yanaşı çoxlu turist cəlb edən unikal kəndləri ilə məşhurdur.

 

Nizami adına park – Qubanın ən qədim parkı

Deyilənə görə, Nizaminin şərəfinə adlandırılan bu parkı 1946-cı ildə alman əsirləri salıb. Parkın ərazisi yaşıllığa bürünüb, ağacların kölgəsində fəvvarələr şırıldayır. Parkda Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Abidənin ətrafında xiyaban boyu Nizaminin əsərlərindən səhnələri əks etdirən barelyeflər qoyulub. 

Nizami adına parkda hamının diqqətini cəlb edən tikili Quba Şahmat Məktəbinin binasıdır. Beş il əvvəl inşa olunmuş binada şahmatçıların hazırlanması üçün hər cür şərait yaradılıb, yarış zalında eyni vaxtda 350-dək şahmatçı mübarizə apara bilər.

Parkda turistləri tez-tez görmək olar. Xiyabandan pilləkənlə Qudyalçay üzərindəki qədim Tağlı körpüyə enmək mümkündür. Pilləkən boyu qızıl suyuna çəkilmiş müxtəlif heykəllər qoyulub. Bu piyada körpüsü xiyabanı dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə ilə birləşdirir.

 

A.Bakıxanovun ev-muzeyi – şöhrətin 222 ili

Abbasqulu ağa Bakıxanov (1794-1847) hərbi tərcüməçi, diplomat, rus ordusunun zabiti olmuş ilk azərbaycanlıdır. Görkəmli tarixçi, ədəbiyyatçı, ensiklopedik biliklərə malik alim Quba qəzasının Amsar kəndində boya-başa çatıb. Bu il onun anadan olmasının 222-ci ildönümüdür. 

A.Bakıxanov general Yermolovun dəvəti ilə 1819-cu ildə Tiflisə gəlib və 26 il Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi işləyib. Yaxın Şərqə səyahət edən A.Bakıxanov 1847-ci ildə Həcc ziyarəti zamanı vəba xəstəliyindən vəfat edib.

O, beş tarixi-ədəbi əsərin müəllifidir. Onların sırasında ən məşhuru “Gülüstani-İrəm”dir. Müəllif 1841-ci ildə fars dilində yazdığı, 1843-cü ildə rus dilinə tərcümə etdiyi bu əsərdə Gülüstan sülh müqaviləsinə (1813) qədər Azərbaycan tarixini əks etdirib.

1943-cü ildə Qubada, Ərdəbil küçəsi 93 ünvanında yerləşən XIX əsrə aid binada – vaxtilə Bakıxanovların yaşadıqları evdə A.Bakıxanov adına tarix-diyarşünaslıq muzeyi yaradılıb. Ümumi sahəsi 742 kvadratmetr olan muzeydə 10 mindən çox müxtəlif eksponat qorunur. Hər il muzeyə 3000-dən çox turist gəlir. Burada “Muzeydə bahar” adlı aksiya, habelə “Açıq qapı” günü keçirilir. Amsar kəndində isə A.Bakıxanovun ev-muzeyi yerləşir.

 

Aleksandr Dümanın yuyunduğu hamam

Azərbaycan hamamları insanların həyatında xüsusi yer tutub, bədənin və ruhun dincəldiyi sevimli yer olub. XVIII əsrdə qırmızı kərpicdən tikilmiş hamam binasının lazımi temperatur və rütubəti saxlamağa kömək etmiş böyük günbəzi var. Bu tikilini həm də Çuxur hamam adlandırırlar. Binada 6 otaq, 2 qapı və 6 pəncərə var. Su hamama binanın altındakı quyudan və ya şəhərin su kəmərindən verilib. 

Vaxtilə bu hamamda Aleksandr Düma yuyunub, ondan 150 il sonra isə buraya yazıçının nəticəsi gəlib. Hamam 1985-ci ilədək işləyib və hazırda Şərq memarlığının bu incisi tarixi abidə kimi qorunur.

Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımı zamanı adamları Çuxur hamamında buxarda boğub, sonra isə cəsədləri çalaya töküblər.

 

Azərbaycan üçün unikal olan Tağlı körpü

Zəmanəmizə gəlib çatan Qudyalçay körpüsü (Tağlı körpü) XVII-XIX əsrlərdə Quba qəzasında mövcud olan yeddi körpüdən biridir. Bu ən uzun körpü 1894-cü ildə Qafqazda Rusiyanın hərbi iştirakını gücləndirmək məqsədilə III Aleksandrın layihəsinə əsasən inşa edilib. 1851-ci ildə Qudyalçay çayı üzərində taxta körpü tikilib, lakin onun ömrü çox qısa olub. Sonra yeni bir körpü salmaq barədə qərar qəbul edilib. Əvvəlcə körpünü 19 dirək üzərində tikmək nəzərdə tutulurdu, amma inşa zamanı baş verən uçqunlar ucbatından körpü dirəklərini azaltmaq lazım gəlib. 

On dörd dirək üzərində salınmış, ümumi uzunluğu 275 metr və eni 8 metr olan körpü bişmiş kərpicdən tikilib. Körpünün strukturu hətta güclü sel və daşqınlar zamanı onun salamat qalmasına imkan verir. XIX əsrdə tikilən bu körpü Azərbaycanda yeganədir.

Bu gün yalnız piyadaların istifadə etdiyi Tağlı körpüdən şəhərə romantik mənzərə açılır. Körpü memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

 

Ölkənin ilk Cümə məscidi

Şəhərin mərkəzi parkının yaxınlığında Qubanın ən qədim məscidlərindən biri – XIX əsrin əvvəllərində inşa edilən Cümə məscidi yerləşir. Onu Came də adlandırırlar. Zəngin memarlıq üslubuna malik məscid Qazi İsmayıl Əfəndinin maliyyə dəstəyi ilə 1802-ci ildə qırmızı kərpicdən tikilib. Bu ibadətgahın memarlığı yalnız Quba mahalı məscidləri üçün səciyyəvidir. Görünüşünə görə o, tilli silindri xatırladır, yəni düzgün səkkizbucaqlı şəklindədir. Məsciddə diametri 16 metr olan günbəzli böyük zal var. Qubada Cümə məscidi tikiləndən sonra Azərbaycanın digər mahallarında da bu cür tikililər görünməyə başladı.

Cümə məscidi nəinki Qubada, eləcə də Azərbaycanın bütün şimal-şərqində qədim dini mərkəzlərdən biridir. Məscid və onun mədrəsəsi 1924-cü ilə qədər fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə Cümə məscidinin fəaliyyəti dayandırılıb. 1933-cü ildə mədrəsə və minarə dağıdılıb. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra, ötən əsrin 90-cı illərində Türkiyənin Dini İşlər İdarəsinin dəstəyi ilə məsciddə 50 metr hündürlükdə yeni minarə ucaldılıb.

 

Səkinə xanım məscidi

XIX əsrə aid bu məscidin spesifik xüsusiyyəti qadın adı daşımasıdır. Bu məscidi Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı Səkinə xanım ərinin xatirəsini əbədiləşdirmək üçün 1840-1854-cü illərdə tikdirib. 

Məscid öz monumentallığı ilə adamı heyrətə gətirir. Doqquz günbəzli məscid binasının hündürlüyü 27 metrdir. O, qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Hər bir divar-tildə bir yarımdairəvi tağ şəkilli pəncərə var. Fasadın üstünü xırda kərpiclərdən hörülmüş orijinal karniz əhatə edir. Bu əzəmətli binanın üstü dəbilqəyə bənzər böyük ağ metal günbəzlə örtülüb. Onun da ətrafı çoxsaylı tillərlə əhatə olunub. Günbəzin mərkəzi incə nazik millə bəzədilib.

Səkinə xanım məscidi tikilərkən hörgüdə bərkitmə elementi kimi toyuq yumurtasından istifadə olunub.

Sovet dövründə burada anbar və tikiş sexi yerləşib. 1993-cü ildə məscid bərpa edilib və yenidən dini ibadətgah kimi istifadəyə verilib.

 

Qırmızı Qəsəbə - yəhudi kəndi

Şəhərin kənarında, Qudyalçayın sağ sahilində yerləşən bu qəsəbənin yəhudi sakinləri özlərini “cuqur” adlandırırlar. Onlara, həmçinin dağ yəhudiləri deyilir. Qəsəbədə 13 sinaqoq var, lakin indi onların ikisi fəaliyyət göstərir. Yəhudilərin köçürülməsi zamanı burada 360 ev, 1200-1500 sakin vardı. Bu gün isə Qırmızı Qəsəbədə təxminən 4-5 min yəhudi yaşayır.

Quba yəhudiləri bu əraziyə köçürülmələrinə görə Hüseynəli xana və Fətəli xana borcludurlar. Yəhudilərin buraya köçü Nadir şahın hakimiyyəti dövründə (1736-1747) baş verib. Qubanın fəthindən sonra Nadir şahla birgə gələn yəhudilər Qələdüz və Küpçal kəndləri arasındakı ərazidə yerləşdirilib. Yəhudi ağsaqqalları icmanın təhlükəsizliyini təmin etmək xahişi ilə Hüseynəli xanın sarayına (xanın yay sarayı indi “Günbəzli hamam” deyilən yerdə olub) gediblər. Xan onlara indiki Qırmızı Qəsəbənin yuxarı hissəsində yer verib. Yəhudiləri gecə talanları və qəfil hücumlardan qorumaq üçün 1765-ci ildə Fətəli xan onları bu gün yaşadıqları əraziyə köçürüb.

Qırmızı Qəsəbə sakinləri əsasən ticarətlə məşğul olur. Onlar dəbdəbəni sevir. Buna görə də qəsəbədə böyük villalar və bahalı avtomobillər görmək olar.

 

Xınalıq kəndi - açıq səma altında muzey

Rayon mərkəzindən 65 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə Qubanın ən məşhur dağ kəndlərindən biri olan Xınalıq yerləşir. Bu kənd UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Xınalığı açıq səma altında muzeyə bənzədirlər.

Kənddə 200-300 il bundan əvvəl tikilmiş 380 ev var. Xınalıq qoruq elan edildiyi üçün burada yeni binaların tikintisi qadağandır. Bu gün Xınalığa çoxlu turist gəlir. Əcnəbiləri daha çox maraqlandıran Xınalıq dilidir. Yerli adət və ənənələri qoruyan Xınalıq camaatının danışdığı dil heç bir dil ailəsinə mənsub deyil. Hər il yenidən bura gələn almanlar, hollandlar, fransızlar, amerikalılar Xınalıq dilini öyrənməyə cəhd edirlər. Xınalıq camaatı onların hər birini, necə deyərlər, üzdən və adbaad tanıyır. Kənddə mehmanxana olmasa da, yerli sakinlər turistlərə həvəslə ev və otaq kirayə verirlər.

 

 

OXŞAR XƏBƏRLƏR