Türkiyə vətəndaşı 27 yaşlı Ebru Hepgökşen foto çəkməklə məşğuldur və səyahət etməyi çox sevir. Çünki ailəsi də Ebru kimi səyyahdır. Bu günə qədər anası və atası ilə 85 ölkə, 422 şəhəri gəzib. Avropada Belarusdan başqa bütün qitədə olub. Afrika, Asiya və Amerikada ayaq basmadığı yer qalsa da, gedib görməkdə olduqca iddialıdır. Amma bu səfərlərdən əvvəl kosmosa getməyi planlaşdırır.
Niyə səyahəti çox sevirsiniz?
– Çünki gəzmək mənim həyatımın dərmanıdır. Gəzmədiyim vaxt çox darıxıram. Əslində bu istək bir insana olan sevgidən də güclüdür…
Fərqli mədəniyyətlərə olan marağınız necə başladı?
– Anam və atam səyahəti çox sevdiyi üçün mən də onlardan daha çox sevməyi öyrəndim.
Onların səyahət hekayəsi necə başlayıb?
– Anam orta məktəbdə oxuduğu zaman “Cosmos” jurnalı əlinə keçir və bir gün dünyanı gəzməyi arzulayır. Bu arzunu illər sonra onu gəzdirə biləcək atamla tanış olana qədər unudur. Atam anama səyahət sevgisini aşılayıb və mən 4 yaşımda olanda Fransa və ABŞ səfəri ilə səyahətlərimiz başlayıb.
Həmin gündən bu zamana qədər ailənizlə gəzirsiz?
– Bəli, dünyanın dörd bir tərəfini bərabər gəzmişik. 85 ölkə, 422 şəhər. 22 ildə bu qədər ölkədə olmuşuq.
Hansı qitələrə səfər etmisiz?
– Avropada Belarusdan başqa bütün qitəni gəzmişik. Amerika qitəsində Alyaska, Venesuela, Kolombiya, Ekvador, Qvatemala xaric, hər yeri görmüşəm. Afrikada Mərakeş, Tunis, Misir, Keniya və Cənubi Afrikanı gəzmişəm. Asiyada isə demək olar ki, hər yerə ayaq basmışam.
Avropaya nisbətdə Asiya və Afrikada mədəniyyətlər fərqlidir. İlk olaraq Asiyanı soruşum. Burada nələr etmisiz?
– Hindistana getdiyim zaman litseyə təzə başlamışdım. Qanq çayında ölü yandırma mərasimi mənə çox təsir etmişdi. Tailandın Phuket adasında şirlərin olduğu qəfəsə girib, onlarla dost olmuşdum. Kambocanın Tonle Sap gölündə üzən evlər və Şri-Lankada fillərlə gəzmək çox gözəl idi. Əslində Asiya səfərim danışmaqla bitməz. Bura olduqca fərqlidir.
Bəs Afrika?
– Bu qitədə Keniya və Mərakeş mənə çox təsir etdi. Mərakeşə bayram qabağı getdiyimiz üçün hər yerdə qurudulmuş bağırsaqlar var idi. Keniyada Masai Maradakı qəbilələri kəşf etməksə çox maraqlı oldu. Keyptaunda Ümid burnunda pinqvinlərlə bərabər üzmüşəm. Lakin Cənubi Amerika səfərlərim daha gözəl idi.
Niyə?
– Çünki qitə tamamilə rəngli və əyləncəlidir. Kubaya çox gözəl bir vaxtda getmişdim. Rio de Janeyroda İguazu şəlaləsində təyyarə turuna çıxmışam. Boliviyada Salar de Uyuni duz gölü və buradakı otel möhtəşəmdir. Hər kəs həyatı boyu azı bir dəfə bura getməlidir. Perudakı Nazca xətləri isə çox möhtəşəm idi.
Hansı ölkə sizə daha çox təsir edib?
– Qrenlandiya. Hava gec qaralır və yatmazdan əvvəl otağın pəncərəsindən gördüyün buzlaq sabah oyandığın zaman başqa tərəfdə olur. Hər yer hərəkət edən buzlaq və buz dağıdır. Ada yaşıl olsa da, hər yer buzlarla örtülüdür. Küçələrdə haskilər dolaşır. Gəmi boyda balinalar səninlə bərabər buzlaqlarda üzür.
Çox ölkələr gəzmisiz. Ən dadlı yeməyi harada yemisiz?
– Argentinada restoranda masanın yanındakı manqalda bişən ətlər və Parisdə yediyim sarımsaqlı ilbizlərin dadı hələ də damağımdadır. Getməyən və dadmayanlara məsləhət görürəm. Heç vaxt peşiman olmayacaqsınız.
Səyahətləriniz neçə gün çəkir və gedəcəyiniz ölkələri neçə seçirsiniz?
– Ümumiyyətlə 4-5 və ya 20 günlük olur. Gedəcəyimiz yerləri mən müəyyənləşdirirəm. Çünki hər yeri görmək, gəzmək istəyirəm. Fərqli yer gördüyüm zaman, gedək deyirəm.
Büdcənizi necə müəyyənləşdirirsiniz?
– Əgər yaxın məsafədirsə, adam başına 5 min lirə (2748 AZN). Uzaq ölkələrə isə 10 min lirə (5500 AZN) xərcləyirik.
Köçüb yaşamaq istədiyiniz bir ölkə var?
– Milan. Çox dəbdəbəli şəhərdir.Kişilər kostyumda, qadınlar isə topuqlu ayaqqabılarla velosipeddə işə gedirlər. Mədəniyyətin olduğu çox gözəl şəhərdir.
Ən çox hara səyahət etmək istəyirsiz?
– Kainata getmək istəyirəm. Nyu Yorkdan “Nasa G Force Boeing” kosmik gəmiləri ilə kainat boşluğuna səfərlər olur. Gəminin içində ayaqlarınız yerə dəymir.
Xərci nə qədərdir?
– Video və foto daxil, iki saatlıq səfərin qiyməti 14,500 lirədir (8 min AZN). Hazırda xəyalım budur və pulumu yığmağa başlamışam.
Ebru Hepgökşenin səyahətlərini və fotolarını www.leylegihavadagordum.com.tr saytından oxuya və izləyə bilərsiniz.
Mənbə: sey-yah.com