Qara dəniz mirvarisinə səyahət – BATUMİDƏN REPORTAJ

Xəbərlər 21 Sentyabr 2016 00:00 3275
Qara dəniz mirvarisinə səyahət – BATUMİDƏN REPORTAJ

Gürcüstanın Qara dəniz limanı, Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi ucuz istirahət axtarışında olanlar üçün əla seçimdir. Bakı Beynəlxalq Avtovağzalından bu şəhərə birbaşa avtobus reysinin açılması (Bilet 1 nəfər üçün 35 manat – red.) nəqliyyat problemini sözün həqiqi mənasında həll edib. Yəni əvvəllər Tiflisdən getməklə həm vaxt, həm də pul itirirdinizsə, indi buna gərək qalmayıb. O ki qaldı yerləşməyə burda bir qədər diqqətli olmalısınız.

Çünki Batumi turizm zonası olduğu üçün otel sahibləri xüsusilə də yay aylarında bundan yaxşıca istifadə edirlər. Ona görə də məsləhətdir ki, getməmişdən bu şəhərə dəfələrlə səfər edənlərdən və ya elə gürcülərin özündən məsləhət alasınız. Mütləq sizə yaxşı və sərfəli məsləhət verən tapılacaq. İnternetdə axtarış etsəniz otel qiymətləri sizə baha başa gələcək.

 

Mənə gəlincə, “Axtaran tapar” misalını əldə rəhbər tutaraq bu şəhərdə gecəsi nə az, nə çox düz 20 gürcü larisinə otel tapdım. Onu da deyim ki, mən heç vaxt hansısa ölkəyə gedib dəbdəbəli oteldə qalmaq sevdasında olmamışam. Çünki niyyətin şəhəri gəzib-görmək, araşdırıb-öyrənməkdirsə, otel sənə  gecələmək və yerləşdiyiniz obyekt qidalanmanı təmin edəcəyini vəd edirsə, yemək yemək üçün lazımdır. Bu səbəbdən ucuz otel tapmaq heç də çətin deyil. Uzun sözün qısası, artıq oteldə də yerləşdiyimə görə şəhəri gəzməyə başlaya bilərik.

 

Batumidə gəziləcək yerlər

 

1. Batumi Bulvarı

Şəhərin mərkəzindəki çimərlik boyunca uzanan bulvarın ümumi sahəsi 7 km-dir. Yay aylarında Batumi bulvarında yerli əhali və turistlərin əlindən necə deyərlər iynə atsan yerə düşməz. Bir sözlə, rəngarəng heykəllər, velosiped yolu, yaşıllıq zolaqları, kafe və restoranlar turistləri bura cəlb edən əsas amillərdir.  Bulvar ərazisində yer alan 6 may parkının içindəki “Nuri Geli” gölünü mütləq görməlisiniz. Bura təmiz hava qəbul etmək üçün gələnlərlə yanaşı göldə balıq tutan insanlar da var.

 

2. Piazza meydanı

5700 kvadratmetr ərazini əhatə edən bu meydanda insan özünü Avropa şəhərlərindən birindəymiş kimi hiss edir. Meydanda otel, restoran və kafelər mövcuddur. Xoş musiqi sədalarının eşidildiyi bu meydan turistlərin də sevimli yerlərindən biridir.

 

3. Avropa meydanı

Batumiyə səfər edirsinizsə, Avropa meydanını görmədən geri dönməyin. Bura şəhərin baş meydanı sayılır. Meydanda göyə ucaldılan, əlində qızıl qoyun dərisi tutmuş Medea heykəlini də görmək mümkündür. Heykəltaraşı David Kmaladze olan bu heykəlin hazırlanması 1 milyon lariyə (709 min AZN – red.) başa gəlib.

 

4. Əlifba qülləsi

2012-ci ildə hazırlanan bu qüllə dəmirdəndir. Qüllə üzərinə gürcü əlifbası həkk olunub. Əlifba qülləsinin uzunluğu 130 metrdir.

 

5. Məhəbbət heykəli (Əli və Nino heykəli)

Batumiyə gələn turistlərin görməyə can atdığı bu heykəlin hündürlüyü 7 metrdir. Müəllifi Tamara Kvesitadze olan məhəbbət heykəli metaldan hazırlanıb. Hərəkət edən kişi və qadın heykəli hər 10 dəqiqədən bir birləşir. Qurban Səidin eyniadlı romanından ilhamlanaraq hazırlanan məhəbbət heykəli azərbaycanlı gənc Əli və gürcü qızı Ninonun sevgi simvoluna çevrilib. Heykəl gecə daha da ecazkar görünür.

 

6. Müqəddəs Nikolay kilsəsi

Kilsə Piazza meydanının yanındadır. Bu möhtəşəm bina Osmanlı dövründə yunanlar tərəfindən tikilib. Osmanlı sultanı kilsədə zəng olmaması şərti ilə bu ibadət ocağının tikintisinə icazə verib. Müqəddəs Nikolay kilsəsi 2012-ci ildə tamamilə yenilənib.

 

7. Batumi Botanika bağı

Şəhərin ən sakit, ən sərin və gözoxşayan yerlərindən biridir. Adambaşına 8 lari (5,67 AZN – red.) ödəməklə bu bağı ziyarət edə bilərsiniz. Qaradəniz sahilində yerləşən Botanika bağında insanın ruhu dincəlir. Onu da deyim ki, 108,7 hektar sahəni əhatə edən bu bağ dünyanın ən böyük botanika bağlarından sayılır. Bağda 5000-dən çox bitki növü var. Əgər Batumi Botanika bağını ziyarət etməyə qərar vermisinizsə, bağın sonlarına doğru Qara dənizə açılan möhtəşəm mənzərəni görmədən geri dönməyin.

 

Batumidə əyləncə

Gecə həyatı və kazinolarla da tanınan Batumiyə yuxarıdan tamaşa etmək istəyirsinizsə o zaman mütləq kanatla gəzməlisiniz. Kanatla gəzinti adambaşına 10 lariyə (7 AZN – red.),  uşaqlar üçün isə 3 lari 50 tetriyə (2,50 AZN – red.) başa gəlir. Şəhər mərkəzində olan şeytan çarxı da şəhərə yuxarıdan tamaşa etməniz üçün yaxşı vasitə ola bilər. Daha çox turistlərin axışdığı şəhər mərkəzindəki çimərlikdə də bolluca əylənə bilərsiniz. Batumi delfinariyası da həm əylənib, həm  də istirahət etməniz üçün yaxşı məkandır.

 

P.S. – Səyahətə getmədən öncə mütləq özünüzlə gəzəcəyiniz şəhərin xəritəsini götürün. Əlinizdə xəritə ilə gəzməniz həm vaxtınıza qənaətdir, həm də şəhərin bütün görməli yerlərini kəşf edə bilməniz üçün əla vasitədir. Bir də çalışın ki, istədiyiniz məkana getmək üçün taksilərdən istifadə etməyəsiniz. Bu sizə məsafəsindən asılı olmayaraq ən azı 10-15 lariyə (7-11 AZN – red.) başa gələcək. Batumidə gəziləcək yerlər bir-birinə yaxın olduğu üçün həm piyada, həm də avtobuslarla sizə lazım olan ünvana rahatca gedə bilərsiniz. Marşrutların qiyməti minimum 50 tetri (0,35 AZN – red.), maksimum 1 lari 50 tetri (1 AZN – red.) təşkil edir.

 

Mənbə: Sey-yah.com

 

 

OXŞAR XƏBƏRLƏR